İsa Qəmbər başqanlığa qayıdır? - Müavin danışdı

İsa Qəmbər başqanlığa qayıdır? - Müavin danışdı

Bu gün bir sıra yerli KİV-lərdə Müsavat Partiyasının 4 may tarixində qurultaya gedəcəyi və sabiq sədri İsa Qəmbərin yenidən başqanlığa namizədliyini irəli sürəcəyi iddia olunub.

Məsələ ilə bağlı Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı ilə əlaqə saxladıq.

Razim Əmiraslanlı “Cebhe.info”-ya deyib ki, qurultayın vaxtı ilə bağlı deyilənlər doğru deyil:

“Qurultayın may ayında keçiriləcəyinə qərar vermişik. Amma may ayının hansı günündə olacağı hələlik bəlli deyil. Qurultayla bağlı işlər yekunlaşdırmışıq, rayon təşkilatlarında qurultay nümayəndələri seçilib.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik və qurultayın keçirilməsi üçün 400 nəfərlik yer istəyəcəyik. Bu məsələlər həll olandan sonra dəqiq tarix bəlli olacaq”.

Başqan müavini İsa Qəmbərin yenidən namizəd olacağı ilə bağlı məsələyə də münasibət bildirib:

“Müsavat Partiyasının bir çox üzvü İsa Qəmbərin yenidən namizəd olmasını istəyir. Amma yekun qərarı İsa Qəmbərin özü verəcək. Nizamnaməyə görə hazırkı sədr Arif Hacılı namizəd ola bilməz. Nizamnamənin dəyişdirilməsi məsələsi də gündəmdə yoxdur. Ona görə də Airf Hacılıdan başqa istənilən partiya üzvü, o cümlədən İsa Qəmbər də namizəd ola bilər”.

Razim Əmiraslanlı özünün namizəd olması məsələsinə gəlincə, hazırda bu haqda düşünmədiyini deyib:

“Hələlik belə bir fikrim yoxdur. Amma hələ zaman var, qurultayın dəqiq vaxtı bəlli olandan sonra hər şey aydınlaşacaq. O zaman namizədlər də bəlli olacaq”.

Vilayət Muxtar
“Cebhe.info”