Konqresdəki son Qarabağ dinləməsi: Tofiq Zülfüqarova nəyi xatırlatdı?

Sentyabrın 15-də ABŞ Konqresində Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Mendenezin sədrliyi ilə Qarabağda hazırki vəziyyətlə bağlı dinləmələr keçirilib.
Dinləmərlər zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim senatorların suallarını cavablandırıb. Son zamanlar Azərbaycan və Ermənistan arasında yaşanan gərgin proseslərə toxunan Yuri Kim suallara cavablandırarkən Azərbaycanla bağlı kəskin ifadələr işlədib.
O, Azərbaycanı dərhal Laçın yolunu açmağa çağırıb. ABŞ rəsmisi, həmçinin Azərbaycan hərbi birləşmələrinin Qarabağda hərbi əməliyyatlarının Vaşinqton tərəfindən sakit qarşılanmayacağını diqqətə çatdırıb:
“Birincisi, Laçın dəhlizi təcili açılmalıdır, daha gecikmələr olmamalıdır. İkincisi, ABŞ heç bir Dağlıq Qarabağ sakinlərinə qarşı hər hansı hücuma, hərbi əməliyyata dözməyəcək”.
Yuri Kim öz açıqlamasında Ermənistan-Rusiya münasibətlərində son vaxtlar müşahidə edilən gərgin duruma da münasibət bildirib. Onun sözlərinə görə, ABŞ Ermənistanın Rusiyaya münasibətini dəyişməsini təmin etməyə, o cümlədən İrəvanın öz müdafiəsini gücləndirmək üçün ona kömək etməyə hazırdır:
“ABŞ İrəvana inkişaf yardımını artıracaq və müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Yardımın əhatə dairəsi mümkün qədər genişləndirilməlidir”.
Bəzi ekspertlər bu çıxışa istinadən hesab edirlər ki, Azərbaycan Ordusunun Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə ABŞ-ın sərt reaksiyası və təzyiqləri üzləşə bilər.
Lakin sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında bu məsələyə fərqli münasibət bildirib. O qeyd edib ki, ABŞ Konqresində səsləndirilən bəyanatlar Ermənistanda anti-Rusiya mühitini gücləndirməyə istiqamətlənib:
“ABŞ Konqresində bu cür dinləmələrə dəfələrlə şahidi olmuşuq. Bu baxımdan erməni lobbisinin orada bu məsələ ilə bağlı gündəmi formalaşdırması heç də təəccüblü deyil. İkincisi, Dövlət Departamentinin hansısa rəsmisinin ultimatum xarakterli ifadələri bizim üçün o qədər əhəmiyyətli deyil, doğrusu, bizi o qədər də narahat etmir. Yuri Kim və onun kimlərinin səsləndirdiyi fikirləri şərh etmək də mənasızdır. Ümumiyyətlə hesab edirəm ki, regionda nüfuzu olan ölkələrin rəyi daha vacibdir”.
O ki qaldı ABŞ-dan gözlənilən təzyiqlərə, sabiq nazir bir hadisəni xatırladıb:
“Vaxtilə Ermənistan Azərbaycanın ərazilərini işğal etdiyinə görə Vaşinqton tərəfindən müəyyən sanksiyalara məruz qalmışdı. Lakin bu, Ermənistana o qədər ciddi göstərmədi. Azərbaycanın torpaqları otuz il ərzində Ermənistanın işğalı altında qalanda, ABŞ İrəvanı cəzalandırmaq üçün heç bir real addım atmayıb. Əslinə qalanda, ABŞ Konqresində dinləmələr zamanı işlədilən ifadələr ilk növbədə Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Biz görürük ki, hazırda Ermənistan ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsi yaşanır.
Bu məsələyə təsir göstərmək üçün Konqresdə bu cür bəyanatlar səsləndirilir. Yəni ABŞ rəsmiləri öz sözləri ilə Ermənistan ictimaiyyətinin yanında olduqlarını göstərməyə çalışırlar”.
Tofiq Zülfüqarov Ermənistan-Rusiya münasibətlərində gərginliyin yaşanmasında ABŞ amilinin olması ilə bağlı fikirlərlə razılaşmayıb:
“Ermənistanda ABŞ hərbçilərinin təlimləri ilk dəfə deyil. Ermənistanda bu cür təlimlər 2010-ci ildən sonra bir neçə dəfə keçirilib. Hər iki tərəf bu məsələdən öz təbliğatı üçün istifadə edir. Amma mövcud həqiqət bundan ibarətdir ki, Ermənistan artıq Rusiyadan gözlədiyi dəstəyi ala bilmir. Çünki Rusiyanın buna istəyi və imkanı yoxdur. İndi alternativ dəstəyə nail olmaq üçün Ermənistan müxtəlif ölkələrin qapılarını döyür. Hesab edirəm ki, bu siyasət öz nəticəsini o qədər də göstərməyəcək.
Ermənilər bu regionda rahat yaşamaq istəyirlərsə, öz qonşuları ilə normal münasibətlər qurmalıdırlar. Onlar yalnız bunun əsasında öz firəvan gələcəklərini quru bilərlər. Lakin əgər ermənilər qonşuları ilə toqquşmalara girməyə üstünlük versələr, fərqi yoxdur Rusiya və ya Qərbin himayəsi altında yaşacaqlar, onların axırı acınacaqlı olacaq”.
Yunis Abdullayev
Cebhe.info