Müxalifət adına HOQQABAZLIQ

Müxalifət adına HOQQABAZLIQ

Əli Kərimli yenə mitinqdən danışır.

Bu, onun birinci həvəsi deyil. “Münasib” zamanlarda sosial şəbəkə hesablarından mitinq anonsu verən Kərimli üçün artıq bu əməlli-başlı oyuna çevrilib.

Yenidən “Meydan” TV-yə açıqlamasında 19 maya mitinq anonsu verib. 

Üstəlik ona da bildirib ki, əgər bu dəfə də mitinq bəyanına müsbət cavab almasa, gözlənilən parlament seçkisində iştirak etməyəcək. Təbii ki, Kərimli bunu birbaşa mitinq bəyanına razılıq verilməsi ilə əlaqələndirməyib, ümumi olara “indiki şərait qalacağı təqdirdə seçkidə iştirakın mümkünsüzlüyünü” vurğulayıb. 

Üstəlik də, bunu müxalifət olaraq öz timsalında bəyan edib: “Təbii ki, belə olduqda, müxalifət seçkilərə qatılmayacaq və növbəti qeyri-legitim parlament formalaşacaq. Əgər şərtlər təmin edilərsə, seçkiləri yarımazad keçirmək olar, o zaman müxalifət də qatılar”. Həmişəki bleflərdən biridir. Əli Kərimlinin bütün müxalifət adından danışmağa hansı haqqı var ki?! Bu haqqı ona kim verib? Əli Kərimli nə istəsə deyə və müxalifət statusuna tək iddialı kimi çıxış edə bilər.

Ancaq bu, heç də onun tək müxalifət olması anlamına gəlməz. Ölkədə özünü müxalif sayan çox sayda siyasi partiya, ictimai-siyası fəal var və Əli Kərimlinin bunu görməzdən gəlməsi növbəti hoqqabazlıq və müxalifətə vurduğu zərbələrin davamıdır. Həqiqət və reallıq ondan ibarətdir ki, Əli Kərimlinin imkanları iddiası ilə əvvəllər olduğu kimi indi də qətiyyən uzlaşmır və əslində, o, özü də bunun fərqindədir. 

Amma özünü böyük göstərmək və daha böyük pay almaq üçün siyasi bazarlıq cəhdi edir. 

Fikri əvvəllərə gedib. Əvvəlki dönəmlərdə onunla bazarlıq edənlər vardı və Əli Kərimlinin bleflərini öz mənafeləri naminə dəyərləndirib bazarlıq edir, deputat yerlərini ona hədiyyə edirdilər. Lakin o adamlar indi yoxdur. 

2019-cu ildən etibarən Əli Kərimlinin siyasi “bazarkomları” öz vəzifələri ilə vidalaşıblar. 2019-cu ilin oktyabr ayında onların vəzifədən getməsi ilə Kərimli də qəm-qüssə içindədir. Ölkədə fəaliyyəti ilə tanınan, təkcə problemləri yox, həm də onun həlli yollarını göstərən müxalif qüvvələr isə seçki mübarizəsinə hazırlaşır. Əli Kərimlinin onlardan fərqi ancaq hər şeyi qara tonda görüb digər bütün məsələlərə göz yummasıdır. Azərbaycanın 30 illk erməni işğalına son qoymasını da özünəməxsus şübhə ilə yorumlayan Əli Kərimlidən bundan artıq nə gözləmək olar ki? 

İndi isə yenidən mitinq və seçki paraleli aparmağa çalışan Əli Kərimli “19 may mitinqinə “yox” deməzdən əvvəl iki dəfə düşünməyə çağırıram”,-deyib. İndi gəlin bir anlıq düşünək. Bakı Şəhər İcra Hakimiyyəti Əli Kərimlinin 19 maya planlaşdırılan aksiyasına razılıq verdi. Nə olacaq? Bəlkə Əli Kərimlinin çağırışı ilə yüz minlərlə insan küçələrə çıxacaq, bizim xəbərimiz yoxdur? Yoxsa AXCP sədri Gürcüstandakı kimi küçələri etirazçılarla dolduracağına ümid edir?

Amma Əli Kərimli hər kəsdən yaxşı bilir ki, hətta razılaşdırılmış, hərtərəfli hazırlıq görülmüş aksiyada belə meydanlara ən yaxşı halda bir neçə yüz nəfərdən çox adam toplaya bilməz, onlar da öz partiyasının nümayəndələri olacaq. 

Təbii ki, kimsə iddia etmir ki, ölkədə narazılar yoxdur. Əli Kərimlinin mitinqinə qoşulmayanlar məhz Əli Kərimliyə etimadsız olduqlarına, inanmadıqlarına görə onu dəstəkləmirlər. Narazı olanlar heç zaman Əli Kərimlinin çağırışı ilə etiraz üçün meydana çıxmayacaqlar. Bu, sübuta ehtiyacı olmayan AKSİOMADUR.

Çünki onlar üçün bu, artıq çoxdan və dəfələrlə oynanılmış oyundur. Əli Kərimli hər dəfəsində özü üçün nələrsə əldə etmək xatirinə köhnə oyunlarını köhnə səhnələrdə yenidən tamaşaya qoymağa çalışar, amma bu oyunun oyunçusu da, tamaşaçısı da olmaq istəyən kimsəni tapmaz. Əli Kərimli mitinqlərə icazə verilməyəcəyi halda parlament seçkisinə qatılmayacağını az qala şantaj dili ilə çatdırmağa çalışır.

Bu şantajı ciddi nəticə əldə edə bilməyəcəyi seçkilərə qatılmamaq üçün indidən zəmin saymaq olar. Bununla da Azərbaycana qarşı təhdid dili ilə danışmağa cəhd edən dairələrə “pas” atır. 

Süleyman Yusifov 
“Cebhe.info”