Partiya sədrlərinin seçkidəki rəqibləri - SİYAHI

Partiya sədrlərinin seçkidəki rəqibləri - SİYAHI

Xəbər verdiyimiz kimi, 1 sentyabrda keçiriləcək parlament seçkilərində qeydə alınan bütün namizədlərin adları bəlli olub.

Seçkilərdə 1508 nəfər deputat seçilmək uğrunda mübarizə aparacaq. 

Namizədlər arasında 14 partiya sədri də var. Əlbəttə ki, partiya sədrlərinin namizəd olduğu dairələr daha çox diqqət çəkir. Onların hansı rəqiblərlə mübarizə aparacağı marağa səbəb olur. 

Bəs partiya sədrlərinin rəqibləri kimlərdir? “Cebheinfo.az” siyahını təqdim edir: 

*Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev 81 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürüb. 7 nəfərin mübarizə apardığı dairədə onun əsas rəqibi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İsrafil Məmmədovdur. 

*Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində mübairə aparacaq. Onun əsas rəqibi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Həmin dairədən YAP-ın namizədi isə Leyla Babışovadır. Həmçinin, bu dairədə başqa 5 bitərəf namizəd mübarizə aparacaq. 

*Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. 11 nəfərin mübarizə apardığı dairədə onun əsas rəqibi YAP-ın namizədi, Milli Məclisin VI çağırış deputatı Tahir Mirkişilidir. Eyni zamanda, AĞ Partiyanın sədr müavini Nərmin Abbaslı və Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Yusif Salmanlı da bu dairədən seçilməyə çalışacaqlar. 

*Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Onun 8 rəqibi var. Əsas rəqibi isə rəqibi YAP-çı Səbinə Qasımovadır. 

*Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Onun rəqibləri sırasında YAP-dan Hümbət Hüseynov, Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə var. 

*Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürüb. YAP-ın oradakı namizədi Afaq Hacıyeva, Vətəndaş Həmrəyliyi Partiyasından isə Sabir Ağayevdir. 

*AĞ Partiyanın başqanı Tural Abbaslı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini verib. Onun əsas rəqibləri YAP-dan Məlahət İbrahimqızı, Müsavatdan isə Gülağa Aslanlıdır. 

*22 saylı Nəsimi-Yasamal seçki dairəsində isə iki partiya sədri deputat olmaq uğrunda mübarizə aparacaq. Belə ki, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov və Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə bu dairədə rəqib olublar. YAP-ın bu dairədəki namizədi isə Xaliq Hüseynovdur. 

*Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən irəli sürülüb. Onun rəqibləri sırasında YAP-dan Nərminə Hacıyeva, BAP-dan Tofiq İmanov və Ümid Partiyasının sədrinin birinci müavini Ənvər Ağazadə var. 

*Ciddi rəqabətin gedəcəyi dairələrdən biri də 8 saylı Binəqədi seçki dairəsidir. Burada Gələcək Azərbaycan Partiyasının sədri (GAP) Ağasif Şakiroğlu mübarizə aparır. Onun əsas rəqibləri isə bitərəf namizəd, Milli Məclisin VI çağırış deputatı Azay Quliyev, YAP-dan Həcər Mirzəyeva, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, Milli Cəbhə Partiyasından Sənan Daşdəmirli, Klassik Xalq Cəbhəsi Partiyasından isə Rəşid Əliyev var. 

*Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən namizəd olur. Hakim partiyanın bu dairədəki namizədi Ədilə Tağıyevadır. Burada daha 8 nəfər də mübarizə aparacaq. 

*Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyini verib. Onun ən güclü rəqibi kimi Yeni Azərbaycan Partiyasının namizədi, Milli Məclisin VI çağırış deputatı Kamal Cəfərov önə çıxır. 

*Yeni Zaman Partiyasının sədri Musa Ağayev 118 saylı Ağdam-Xocalı seçki dairəsindən namizədliyini irəli sürüb. Onun əsas rəqibi YAP-ın namizədi, Milli Məclisin VI çağırış deputatı Elman Məmmədovdur. 

Elmir Mustafa 
“Cebheinfo.az”