Paşinyanı savunan Tofiq sabah Makronu da...
Paşinyan 3 ildir sülhü əngəlləyir və bütün dünya bunu görür, duyur, eşidir, bircə Tofiq Yaqublu eşitmir, görmür, duymur və heç oxumur da.
Oxusaydı, eşitsəydi, anlayardı ki, sülh danışıqları 3 il olmur. 3 saat, 3 gün, 3 ay olar, ta 3 il yox... Paşinyan hər iki-üç aydan bir müxtəlif mərkəzlərdə aparılan danışıqlarda sülhü dəstəklədiyini, Azərbaycana, onun ərazi bütövlüyünə, Qarabağa qarşı heç bir iddiasının olmadığını bəyan edir. Ermənistana qayıdan kimi tam əksini deyir.
Ərazi iddiası irəli sürməyə cürət etməsə də, sülhün imzalanmayacağından ağız dolusu danışır. Bunu hamı eşidir, oxuyur, Tofiq Yaqublu isə yox... 19 sentyabrda antiterror əməliyyatlarının keçirilməsinə də Azərbaycanı sülh sazişini uzatmaq və manipulyasiya ilə Paşinyan şəxsən məcbur etdi. Bu iddianın alternativi yoxdur.
Paşinyan sülh prosesini uzatdıqca, Xankəndidəki separatçılara ayaq verirdi. Nəticəsi də antiterror əməliyyatları oldu.. Azərbaycan öz süveren ərazisi olan Qarabağda bu əməliyyatı icra etməklə, konstitusiya quruluşunun bərpasına nail oldu. Çünki bir qrup separatçı özləri üçün sanki “evcik-evcik” oynayırdılar.
“Preziden”t seçirdilər, “parlament” iclası keçirirdilər, “nazir” təyin edir və ya vəzifədən çıxarırdılar. Paşinyan sözdə Azərbaycanın 86.6 min kv.km ərazisini tanıması, Qarabağa heç bir status tələb etməməsi ilə bağlı danışsa da, praktik əməlində bunu ehtiva edən heç bir hüquqi sənəd ortada yoxdur.
Onun son antiterror əməliyyatlarına qarışmayacağını söyləməsi də 44 günlük müharibənin qorxusundan idi. Əgər Paşinyan sülhü əngəlləməyə qalxmasaydı, Xankəndidəki xunta çoxdan tabe olmuşdu.
Sülh sazişinin imzalanması və 10 noyabr Bəyantının müddəalarının tam şəkildə icrası Ermənistandan asılıdır. Təbii ki, bütün bunlar olduğu təqdirdə nə antiterror əməliyyatlarına ehtiyac qalırdı, nə də xuntaya özünü buraxmaqla bağlı verilən ultimatuma. Lakin Tofiqin savunduğu Paşinyan bunu etmədiyinə görə bütün baş verənlərin məsuliyyətini də o daşıyır.
Bunlar hamısı hər kəsin bildiyi və dərk etdiyi adi məsələlərdir. Bəs Tofiq Yaqubluya nə çatmır? Fransız xoruzunun quyruğu burada görünür.
Tofiq Yaqublu Azərbaycanı ittiham etməyə çalışır. Azərbaycanın günahını nədə görür bəs? Öz sərhədləri daxilində qanunlarımızı çeynəyən, konstutusiyamızda əks olunmayan qurumlar yaradanlara qarşı əməliyyat keçirilməsində.
Tofiq Yaqublu sabah Azərbaycanı ittiham edən Fransanı və Makronu da müdafiə etsə, təəccübənmərik...
Hər şeyi baş-ayaq görmək, baş-ayaq düşünmək və baş-ayaq danışmaq onun köhnə şakəridir...
Süleyman
Cebhe.info