Prezident Administrasiyasında Ağasif Şakiroğlu ilə görüş keçirilib
Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüş keçirilib.
Bununla bağlı məlumat "Cebheinfo.az"-a partiyanın Mətbuat xidmətindən verilib.
Məlumata görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 9 iyun tarixində Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüşüb.
Görüş zamanı bir sıra önəmli məsələlər ətrafında söhbət aparılıb. Belə ki, dövlət tərəfindən həyata keçirilən təşəbbüslər sayəsində siyasi partiyaların fəaliyyətində yeni inkişaf mərhələsinin yaşandığı vurğulanmışdır.
Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra partiyaların inkişafı üçün yeni institusional fürsətlər yaranıb.
Müşahidə olunan dəyişikliklər siyasi partiyaların gündəlik fəaliyyətinə də müsbət təsir edir. Görüşdə təşviq olunan siyasi dialoqun nəticəsində partiyaların artan ictimai nüfuzu, partiya sədrlərinin mediada çıxışları, müxtəlif məsələlərə həsr olunmuş təkliflərin aidiyyəti üzrə təqdim olunma imkanlarının yaradılması, habelə sağlam əməkdaşlıq mühitinin qorunması ilə bağlı olan məsələlər müzakirə olunub.
Vurğulanıb ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud istiqamətdə görülən işlər ilk növbədə milli birliyin qorunmasına xidmət edir. Siyasi partiyaların sərbəst fəaliyyəti sayəsində eyni zamanda dövlətin demokratik ənənələri də davamlı olaraq inkişaf edir.
Beynəlxalq münasibətlər sistemində müşahidə olunan münaqişələrin artımı fonunda strateji əhəmiyyət daşıyan milli birliyin qorunması istiqamətində siyasi partiyaların aktivliyi müstəsna əhəmiyyətə malikdir.
Dövlətin dayanıqlı inkişafı və siyasi sabitliyin qorunması, habelə müxtəlif səpgili informasiya təxribatlarının qarşısının alınmasında əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək dəyərləndirən partiya sədri mövcud istiqamətlər üzrə hər zaman dəstək göstərəcəyini vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda fəal vətəndaşlıq mövqeyinə görə təşəkkür bildirmiş və milli maraqların qorunması yolunda Gələcək Azərbaycan Partiyasına müvəffəqiyyətlər arzulayıb.
"Cebheinfo.az"

