Prezidentin Şuşadan verdiyi mesaj: "Şərtləri Azərbaycan diqtə edir"

Prezidentin Şuşadan verdiyi mesaj: "Şərtləri Azərbaycan diqtə edir"

Ermənistanın 30 ildən artıq bir zamanda işğal altında saxladığı Qazaxın kəndlərinin danışıqlar yolu ilə geri qaytarması bir daha gedən prosesin Azərbaycanın diqtəsi ilə aparıldığını göstərdi.

Azərbaycanın gücü, göstərdiyi iradə və təqdim etdiyi şərtlər birmənalı olaraq qəbul edilməlidir. Çünki qalib Azərbaycan nəinki prosesdə, ümumi bölkədə söz sahibidir.

Prezident İlham Əliyev ötən gün Şuşada yerli əhali ilə görüşündə hazırda davam edən proseslərə toxunub və hər şeyin Azərbaycanın diqtəsində davam etdirildiyini vurğulayıb:

"Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya və demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu bizim növbəti zəfərimizdir".

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında gedən bütün proseslərə rəsmi Bakı nəzarət edir.

Mövzu ilə bağlı "Cebhe.info"-ya danışan siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, Azərbaycan proseslərdə diqtə edən tərəfdir:

"Bütün proses Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərlə və qaydalarla gedir.

Demişdik ki, Qazaxın kəndləri hamısı azad olunmalıdır, elə də oldu. Bir güllə atmadan Azərbaycan Ordusunun gücünü, cənab İlham Əliyevin dediyini elədiyini bildikləri üçün Ermənistan geri qaytardı.

30 ildən artıq idi ki, bu torpaqlar işğalda azad edilmirdi. Artıq təşəbbüs bizim əlimizdədir. Erməni tərəfi bilməlidir ki, əgər bizim şərtlərlə, qoyduğumuz oyun qaydaları ilə davranmasalar Azərbaycan Ordusu hazır bir şəkildə gözləyir. Ordumuzun elə bir gücü var ki, əgər bu dəfə hərəkətlənsə, növbəti dayanacağl İrəvanın mərkəzi olacaq.

Ona görə də proses bizim diqtəmizlə gedir, belə də davam edəcək". 

M.Göyüşlü əlavə edib ki, indi 1991-ci il Alma-Ata Bəyannaməsini ermənilər tez-tez səsləndirir, çünki bu, onlara sərf edir:

"Əgər ermənilər bu qədər Alma-Ata Bəyannaməsinin prinsiplərinə sadiq idilərsə, Qarabağı bu prinsiplərin qəbulundan sonra işğal etməzdilər. O zaman bu prinsiplər niyə yada düşmürdü? Ona görə də bizim bu prinsiplərdən tamamilə imtina etməyə haqqımız var".

Vilayət Muxtar
"Cebhe.info"