Putin Paşinyanı cəzalandıracaq: NECƏ?
“Paşinyan Rusiya ilə münasibətləri normal saxlamağa və Moskvanın təzyiq vasitələrini neytrallaşdırmağa çalışacaq”.
Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində Rusiyanın seçkidən sonra Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə edib-etməyəcəyi ilə bağlı suala cavablanıdrarkən bildirib.

Onun sözlərinə görə, Paşinyan artıq üçüncü hakimiyyətində xarici siyasətinin ana xəttini müəyyən edib: “Rusiya Paşinyanın bu seçkilərdə məğlub olması üçün əlindən gələni etsə də, Paşinyan Ermənistan cəmiyyətinin dəstəyini qazanaraq son seçkilərdə qalib gəldi. Şübhəsiz ki, seçki ərəfəsində Ermənistanda geosiyasi güc mərkəzlərinin rəqabətinin şahidi olduq.
Rusiya tərəfindən Ermənistanda seçkilərə kobul müdaxilələr oldu. Moskvanın öz tərəfdarlarına dəstəyindən tutmuş Rusiyada yaşayan Ermənistan vətəndaşlarının ölkələrinə göndərilərək bu seçkilərdə onun tərəfdarlarına səs verməsinə qədər addımlarını gördük. Bundan başqa, Prezident Putinin, eləcə də Rusiyanın digər dövlət rəsmilərinin dilindən Ermənistana və Paşinyana qarşı təhdidlər səsləndirildi.
Müəyyən bəhanələrlə Ermənistan məhsullarının Rusiyaya girişinə məhdudiyyətlər qoyuldu. Bütün hallarda Kreml ciddi təsir imkanlarından istifadə etsə də, Paşinyan bu seçkilərdə qələbə qazandı.
Qeyd edim ki, Paşinyan seçkilər ərəfəsində Rusiya ilə bağlı çıxışlarında ehtiyatlı davrandı. Paşinyanı həm hazırki reallıqları anlayan və qəbul edən, həm də ona uyğun praqmatik addımlar atan bir siyasətçi hesab edirəm”.
O.Qasımov vurğulayıb ki, Paşinyan növbəti hakimiyyət dönəmində də Rusiya ilə münasibətləri normal saxlamağa çalışacaq:
“Paşinyanın xarici siyasətinin əsas xətti bundan ibarət olacaq ki, Ermənistanın Qərbə inteqrasiyası dərinləşəcək və Rusiya ilə münasibətlər normal məcrada saxlanılacaq. O, çox yaxşı bilir ki, Qərbə inteqrasiya, xüsusilə Avropa İttifaqına üzvlük prosesi çox uzun zaman aparacaq.
Bu baxımdan, Rusiya ilə münasibətlərin birdən-birə korlanması ölkəyə heç bir fayda gətirməyəcək. Çünki Rusiya və Ermənistan siyasi və iqtisadi cəhətdən bir-birinə çox bağlıdırlar. Paşinyan Rusiya ilə münasibətləri normal saxlamağa və Moskvanın təzyiq vasitələrini neytrallaşdırmağa çalışacaq”.
Yunis Abdullayev
“Cebheinfo.az

