Reinteqrasiya: Qarabağda yaşayan ermənilər üçün ikinci yol yoxdur

"Qarabağda erməni əhalisini Azərbaycana reinteqrasiyaya hazırlamaq potensialına malik şəxslər var. Lakin müəyyən problemlər səbəbindən onlar səslərini çıxara bilmirlər".
Bu sözləri tanınmış jurnalist Asəf Quliyev Cebhe.info-ya açıqlamasında Qarabağın ermənilərin məskunlaşdığı ərazilərində baş verən siyasi prosesləri şərh edərkən deyib.
O qeyd edib ki, hazırda Qarabağdakı ermənilər təmamilə ətraf aləmdən təcrid olunublar:
"Bildirim ki, Qarabağda erməni ictimaiyyətin daxilində baş verən hadisələrlə bağlı dəqiq nəsə demək çətindir. Çünki müəyyən qədər məlumat qıtlığı var. Hazırda ermənilərin söylədikləri və yaydıqları məlumatlar hay-küydən başqa bir şey deyil.
Bəzi ermənilər hesab edirlər ki, ermənilərin Qarabağda qalması qeyri-mümkündür və onları oradan köçürtmək lazımdır. Hazırda Qarabağın dağlıq ərazilərində yaşanan ermənilər təmamilə təcrid olunmuş vəziyyətdədirlər. Onların yegəna təmasda olduğu qüvvələr rus sülhməramlılarıdır.
Rus sülhməramlıları da 2020-ci ilin üçtərəfli Bəyanatın 4-cü maddəsinə uyğun olaraq ərazidəki qeyri-qanuni erməni silahlı birləşmələrini tərkisilah etməyə başlayıblar. Buna paralel olaraq Azərbaycanın müvafiq dövlət strukturlarının müəyyən ərazilərdə yerləşməsi prosesi davam edir".
Yaxın zamanda Xankəndi, Ağdərə və Xocəvənd şəhərlərində Azərbaycan dövlət strukturlarının yenidən qurulub-qurulmayacağı ilə bağlı suala isə A.Quliyev cavab olaraq bildirib ki, buna vaxt lazımdır:
"Buna birmənalı şəkildə cavab vermək çətindir. Çünki əvvəlcə oradakı yerli erməni əhalisi ilə müəyyən işlər aparmaq lazımdır. Ən əsası da reinteqrasiya ilə bağlı proqramlarımızı tədim etməliyik. Yalnız bundan sonra Xankədidə və digər şəhərlərdə bayrağımızı dalğalandıra bilərik. Düzdür, indi də Xankəndidə bayrağımız dalğalana bilər. Amma oradakı yerli əhali bundan qorxub ərazini tərk etməyə cəhd edə bilərlər. Orada əhalinin qalmama ehtimalı özünü doğrulda bilər.
Əgər ermənilərin reinteqrasiya olunmasından danışırıqsa, əhalinin orada qalıb yaşamasını istəyiriksə, onda ehtiyatlı davranmağa ehtiyacımız olacaq. Təbii ki, hamımız şanlı bayrağımızın Xankəndi, Ağdərə və Xocəvənddə dalğalanmasını istəyirik.
Amma beynəlxalq reallıqları da nəzərə almaq lazımdır. Düzdür, Azərbaycana heç bir təzyiq təsir edə bilməz. Amma reinteqrasiya prosesinə başlamadan Xankəndini nəzarətə almaq müəyyən qədər ağır nəticələrə səbəb ola bilər".
Asəf Quliyev erməni KİV-lərində Qarabağ ermənilərinin nümayindələri ilə Azərbaycanın aidyyəti orqanlarının rəsmiləri arasında təmasların artması ilə bağlı səsləndirilən fikirlərin qismən doğru olduğunu vurğulayıb:
"Bu qəbildən canlı təmaslar sözsüz ki, qurulub. Bu təmaslar həm açıq, həm qapalı şəkildə aparılır. Hesab edirəm ki, görünməyən təmaslar daha effektli və praqmatik nəticələrə gətirib çıxara bilər. Çünki elə məsələlər var ki, sən onu açıq şəkildə bəyan etsən, bunun cəmiyyət tərəfindən necə qarşılanacağını bilmirsən. Hər halda qapalı təmaslarda və görüşlərdə prolbemlər öz həllini tapa bilər. Ona görə belə təmasların və görüşlərin davam etməsi istisna deyil".
Asəf Quliyev əlavə edib ki, Qarabağda erməniləri Azərbaycan qanunları əsasında yaşamağa hazırlaya bilən adamlar var:
"Lakin onların hələlik ortaya çıxmaq imkanları yoxdur. Bölgədə mövcud qondarma qurum bu kimi fikirləri təqlid edən adamları təqib edirlər, hətta onları fikizi cəhətdən sıradan da çıxara bilərlər. Bu səbəblərə görə hazırki şəraitdə onlar sakit dayanırlar".
Yunis Abdullayev
Cebhe.info