Rusiyanın "Turan planı"

Rusiyanın "Turan planı"

Rusiya Federasiyası Türk Dövlətləri Təşkilatına qoşula bilər.

Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) verdiyi məlumata görə, Rusiya Türk Dövlətləri Təşkilatına (TDT) daxil olmaq üçün formul axtarır.

Qeyd edilir ki, TDT-də iştirak Rusiya xarici siyasətinin yeni strateji məqsədlərindən birinə çevrilir.

Moskva hesab edir ki, TDT-də iştirak Xəzər dənizində infrastruktur və enerji layihələrinin həyata keçirilməsinə, "Orta Dəhliz" və "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının uğurla konsolidasiyasına imkan yaradacaq.

Xatırladaq ki, hazırda Rusiya Federasiyasında təxminən 20 milyon türk əsilli insan yaşayır. Bu günə qədər Rusiyanın daxili siyasətində və ictimai-siyasi çevrəsində türk dilli xalqlar mühüm və əhəmiyyətli rol oynayıblar.

Məsələ ilə bağlı politoloq Elşən Manafov Cebhe.info-ya şəhrində qeyd edib ki, Rusiyanın TDT-də müşahidəçi qismində iştirak etmək istəməsi onun dövlət maraqlarından irəli gələ bilər:

"Hazırda Rusiya Qərblə dünya nizamı uğrunda mübarizə aparır. Bu baxımdan Rusiyanın Türk Dövlətləri Təşkilatı ilə münasibətlərə önəm verməsi anlaşılandır. Nəzərə almaq lazımdır ki, nə NATO-nun üzvü olan Türkiyə, nə də digər türk dövlətləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Eyni zamanda TDT-yə üzv olan Qazaxıstan və Qırğızıstan KTMT-də Rusiyanın hərbi müttəfiqləridir. Rusiya, Türkiyə, Azərbaycan və digər türk dövlətləri təkcə ikitərəfli səviyyədə yox, həmçinin subregional təşkilat daxilində qarşılıqlı əməkdaşlığı daha da gücləndirə bilərlər.

Qeyd edim ki, Rusiya zamanında İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün təşkilatın baş qərargahına müraciət etmişdi. İlk baxışda Rusiya İslam ölkəsi deyil, lakin bu ölkənin əhalisinin beşdə biri müsəlmandır. Eyni zamanda Rusiyanın bir çox ərazilərində türk əsilli xalqlar yaşayırlar. Moskva öz ərazisində yaşayan türk xalqlarının etimadını qazanmaq üçün TDT-də ən azından müşahidəçi qismində iştirak edə bilər. Bununla yanaşı, Qərbdə bir çox dairələrin Rusiyada xalqlararası milli münaqişə yaratmaq, türk əsilli millətləri mərkəzi hakimiyyətə qarşı qaldırmaq niyyətində olması istisna deyil. Buna görə də Rusiyanın TDT ilə bağlı mövqeyi anlaşılandır.

Əlbəttə, Türkiyənin Turan layihəsi Moskva tərəfindən narahatçılıqla qarşılanıb və Rusiyanın maraqlarına cavab vermir. Lakin ABŞ və Avropanın həm Türkiyəyə, həm də Rusiyaya eyni məkrli siyasət yürütməsi hər iki ölkəni bir çox sahələrdə birgə əməkdaşlığa sövq edir.

Bu gün Rusiya və Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlıq imkanları genişdir. Türkiyənin NATO-ya üzv olmasına baxmayaraq Rusiyaya qarşı Qərbin sərgilədiyi münasibəti sərgiləmir. Hesab edirəm ki, Rusiyanın TDT-də iştirakı geosiyasi baxımdan anlaşılandır”.

Yunis Abdulayev
Cebhe.info