Sərhəd bölgüsünün ən məqbul variantı – İkitərəfli danışıqlar

Sərhəd bölgüsünün ən məqbul variantı – İkitərəfli danışıqlar

“İkitərəfli qaydada danışıqların və təmasların davam etməsi müəyyən güc mərkəzlərin regiona müdaxiləsinin qarşısını alır”.

Bu sözləri politoloq Natiq Miri “Cebhe.info”-ya açıqlamasında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə aparılan son ikitərəfli danışıqların nəticələrini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, rəsmi Bakı ilə İrəvan arasında Qazax-İcəvan istiqamətində sərhəd ərazilərin delimitasiyasında ilkin razılaşmaların əldə olunması ciddi bir göstəricidir:

“Regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün iki qonşu ölkə - Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan ikitərəfli qaydada danışıqlar aparmalıdır. Çünki istənilən halda vasitəçi ölkələr sülh prosesində yalnız öz geosiyasi maraqlarını güdürlər. Yəni həmin ölkələr regionda təsir imkanlarını artırmaq istəyirlər. Məhz son 30 illik münaqişə dövründə bunun şahidi olmuşuq.

Əgər üçüncü tərəf kimi hər hansı bir ölkə vasitəçi qismində iştirak edərsə, bu, prosesi daha da dalana dirəcəyəcək və heç bir müsbət nəticə əldə olunmayacaq. Azərbaycan-Ermənistan sülh prosesində heç bir vasitəçi ölkəyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti regionda reallıqları anlayıb. 

Bu da rəsmi Bakı və İrəvana bir masa arxasına oturub bir çox problemlərin həll olunması üçün obyektiv qərarlar qəbul etməyə imkan yaradır. İkitərəfli qaydada aparılan danışıqlar nəticəsində konkret nailiyyətlər əldə olunub. Məhz bu kontekstdə irəliləməklə Azərbaycanla Ermənistan arasında həm sərhəd əraziləri müəyyənləşdirmək, həm də sülh sazişi imzalamaq mümkündür.

İstər Rusiya, istərsə də Qərb olsun, ikitərəfli qaydada aparılan danışıqlar və təmaslar beynəlxalq güc mərkəzlərinin regionda geosiyasi proseslərə müdaxiləsinin qarşısını alacaq. 

Eyni zamanda bu, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının əsasının qoyulması üçün münasib şərait yaradacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”