Sonuncu separatçı “prezident” ifadə verib

Sonuncu separatçı “prezident” ifadə verib

Qarabağ separatçılarının sonuncu lideri Samvel Şahramanyan Ermənistan parlamentində 2020-ci il müharibəsini araşdıran xüsusi komissiyaya ifadə verib.

Komissiyanın iclası bağlı qapılar arxasında keçirilib.

Komissiyanın sədri Andranik Koçaryan deyib ki, Şahramanyan üç saat çəkən ifadəsi zamanı Azərbaycanın 19-20 sentyabrda keçirdiyi xüsusi əməliyyatın ardınca ermənilərin Qarabağdan kütləvi axını ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Azərbaycanın hərbi əməliyyatından 10 gün əvvəl, sentyabrın 9-da “prezident” seçilən Şahranmanyan sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun 2024-cü il yanvarın 1-dən buraxılacağına dair sənədi imzalayıb.

O daha sonra bunu Azərbaycanın təzyiqi altında və Qarabağ ermənilərinin təhlükəsiz çıxışına imkan vermək üçün etdiyini deyib. Koçaryan deyib ki, Şahramanyana Qarabağın 8 keçmiş və indiki separatçı rəhbərinin Bakıya aparıldığı bir şəraitdə onun helikopterlə Ermənistana necə sağ-salamat çatması barədə də sual verilib.

Sualların bəziləri sentyabrın 25-də Qarabağda benzin anbarının partlaması barədə olub. Koçaryan deyib ki, ona başqa platformadakı hər hansı rəsmiyə məlum olmayan reallıqlar barədə məlumatlar verilib.

O əlavə edib ki, Şahramanyanın ifadəsindən komissiyanın yekun hesabatında istifadə olunacaq. Hesabatın gələn il açqılanacağı gözlənilir.

Koçaryan bunu da deyib ki, komissiya habelə Qarabağda Hadrutun müdafiəsi üçün cavabdeh olan daha bir hərbi komandirdən ifadə almalıdır. Komissiya sədri bildirib ki, Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da könüllü ifadə vermək istədiyini bildirib.

Koçaryan bildirib ki, 2020-ci il müharibəsi zamanı Qarabağın “müdafiə ordusunun” komandanı olmuş Cəlal Harutyunyanın dindirilməsinə mane olan hüquqi faktorlar var, belə ki, ona qarşı müharibə ilə bağlı başqa cinayət ittihamları irəli sürülüb.

Cebhe.info