Şuşa Bəyannaməsi: Sülh, sabitlik, təhlükəsizliyin simvolu

Şuşa Bəyannaməsi: Sülh, sabitlik, təhlükəsizliyin simvolu

"Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında dayanıqlı strateji müttəfiqliyin əsasını qoyub". 

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə "Cebhe.info"-a şərhində 2021-ci ilin iyunun 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti  Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töfhə verir:

"Azərbaycan-Türkiyə müttəfiqliyi Avrasiya regionunda yeni siyasi nizamın formallaşmasına müsbət təsir edir. Bu gün iki qardaş ölkə - Azərbaycan və Türkiyə həm regional, həm də beynəlxalq müstəvidə birgə addımlar atır və eyni mövqe sərgiləyirlər. Şuşa Bəyannaməsinə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliklə yanaşı, ikitərəfli hərbi müttəfiqliyin gücləndirilməsi də özündə ehtiva edir. Hər iki qardaş ölkənin hərbiçiləri mütəmadi olaraq hərbi təlimlər keçirirlər.

Bununla yanaşı, Azərbaycan və Türkiyə bir çox məsələlərdə Şuşa Bəyannaməsinə uyğun xarici siyasətini koordinasiya edir. Hesab edirəm ki, iki qardaş ölkə bundan sonra da birgə mövqe və yanaşmadan irəli gələn siyasət yürüdəcək. Azərbaycan və Türkiyənin bu qardaşlıq siyasətinə Mərkəzi Asiyanın türk ölkələri də qoşulacaq".

Politoloq əlavə edib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin açılmasında qərarlıdırlar: 

"Hər iki qardaş ölkənin rəhbərliyi bu istiqamətdə zəruri və lazımi addımlar atmaq üçün qətiyyət göstərəcəklər. Məhz bu regionda bütün siyasi, iqtisadi və hərbi-siyasi proseslərin nizamlanmasında Şuşa Bəyannaməsi mühüm rol oynayacaq". 

Yunis Abdullayev 
"Cebhe.info"