Türkiyəli ekspert “Qardaş yumruğu”nu dəyərləndirdi: “Mesaj ünvana çatıb” - VİDEO

Türkiyəli ekspert “Qardaş yumruğu”nu dəyərləndirdi: “Mesaj ünvana çatıb” - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə “Qardaş yumruğu” adlı birgə təlim keçirib. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. 

Azərbaycan və Türkiyə arasında keçirilən hərbi təlimlər olduqca mühüm əhəmiyyət kəsb edir. Xüsusilə İranın hədsiz bəyanatlar verdiyi bir zamanda cənub sərhədində Azərbaycan və Türkiyə ordularının birgə təlim keçirməsi əsl mesaj kimi qiymətləndirilir. 

Üstəlik, İran əsgərlərinin Arazı körpü ilə keçmək təliminə də ən gözəl cavab məhz “Qardaş yumruğu”nda verildi. Bütün dünya Türkiyə və Azərbaycan qardaşlığının necə əbədi və sarsılmaz olduğuna bir daha şahid oldu. Hər kəs bilməlidir ki, hər hansısa təhlükə yaranarsa, Azərbaycan və Türkiyə anında bir-birinin yanında olacaq. 

Türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Cebhe.info-ya bildirib ki, Azərbaycan və Türkiyə arasında Azərbaycanda icra olunan “Qardaş yumruğu” hərbi təliminin adı da çox mənalıdır: 

“Nəticədə Azərbaycan ilə Türkiyənin Qarabağ müharibəsində ortaya qoyduğu işbirliyini hər kəs çox gözəl bilir. Digər tərəfdən isə iki ölkə arasında Şuşa Bəyannaməsi ilə strateji ittifaq yaranıb. Bir millət, iki dövlət anlayışı həm Qafqazda, həm də Anadoluda ortaq iradə ilə təscil olunub. Bu baxımdan, hərbi təlimin mənası böyükdür. Həmçinin, İmişli, Cəbrayıl və Astarada hərbi təlimlərin keçirilməsi yaxın zamanda təhdidlərə və təzyiqlərə verilən son dərəcə önəmli bir cavab idi. Nəticə etibarilə, Azərbaycan və Türkiyə yalnız deyil. Azərbaycanın yanında Türkiyə, Türkiyənin yanında isə Azərbaycan var”. 

Ekspert vurğulayıb ki, bu tip hərbi təlimlərin ən böyük özəlliyi iki dövlətin və ordunun bərabər hərəkət etməsidir: 

“İki insanın belə bərabər hərəkət etməsi çətindir, amma iki ordu bərabər hərəkət edir. Yəni strateji olaraq iş və fikir birliyindən söhbət gedir. Bunlara görə də hərbi təlimin keçirilməsi son dərəcə önəmlidir. İki ordu öz arasında bacarıqlarını inkişaf etdirmək üçün bir iradə ortaya qoyur. Bununla yanaşı, təlimlər gecə də keçirilir. Bunun isə necə önəmli bir məsələ olduğu Qarabağ müharibəsində bir daha özünü göstərdir. Ona görə də gecə təlimlərinin keçirilməsinin olduqca vacib olduğunu düşünürəm. Xüsusi təyinatlılar təlimdə belə özünü göstərirsə, orada onların bacarıqlarına dair bir mesaj da olur. Yəni xüsusi təyinatlıların hərbi təlimlərdə özünü göstərməsi dərin bir mesaj verir və dəyəri böyükdür. Düşünürəm ki, mesaj son dərəcə dəqiq bir şəkildə ünvanına çatıb”. 

Elmir 
Cebhe.info