Arvadlarından qorunmaq üçün order alan kişilər də var - AZƏRBAYCANDA
Ailədə zorakılıq hadisəsi baş verdikdə bəzi vətəndaşlar qarşıdakı şəxsə qarşı uzaqlaşdırma qərarı tələb edirlər.
Uzaqlaşdırma qərarı (qanunvericilikdəki adı ilə mühafizə orderi) – məişət zorakılığına məruz qalan və ya təhdid edilən şəxsləri qorumaq məqsədilə zorakılıq törədən şəxsin zərərçəkəndən müəyyən məsafəyə qədər uzaqlaşdırılması və ya onunla təmas qadağası qoyan hüquqi sənəddir.
Azərbaycan qanunvericiliyinə əsasən, qısamüddətli mühafizə orderi 30 günədək müddətə verilir. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 günədək (6 ay) müddətə məhkəmə qərarı ilə verilir. Qeyd edək ki, adətən uzaqlaşdırma qərarı ilə bağlı qadınlar daha çox məhkəməyə müraciət edirlər.
Nəticədə kişilərlə bağlı uzaqlaşdırma qərarı tətbiq edilir. Bəs qadınlara qarşı uzaqlaşdırma qərarının verilməsi ilə bağlı kişilər müraciət edirmi?
Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, uzaqlaşdırma qərarı mühafizə orderi adlanır və onun iki növü var:

“Bu, qısamüddətli və uzunmüddətli mühafizə orderidir. Qısamüddətlini ərazi üzrə rayon və şəhər icra hakimiyyətləri verir. Onun müddəti bitdikdən sonra şəxs təhlükədədirsə, yenə eyni davranışların davam etmək ehtimalı varsa, şəxs məhkəməyə də müraciət edib uzunmüddətli mühafizə orderi, yəni uzaqlaşdırma qərarı ala bilər.
Praktikada daha çox bizə qadınlar özləri və uşaqlarla bağlı müraciət edirlər. Mən öz təcrübəmdə qadının uzaqlaşdırılması barədə kişilərin müraciəti halı ilə rastlaşmamışam. Ancaq həmkarlarımızda elə bir hal olub. Çox nadir də olsa, belə hal olur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

