Azərbaycanda müəllim tapılmayacaq?

Azərbaycanda müəllim tapılmayacaq?

Son illər müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə, nəhayət sertifikasiya imtahanları təşkil olunur.

Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında uğur qazana bilməyən müəllimlər var. Eləcə də indiyə qədər sertifikasiya imtahanında 5000 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Eyni zamanda, sertifikasiya zamanı topladığı bala uyğun olaraq müəllimlərin əməkhaqqılarına əlavələr olunur ki, bu zaman şagird və valideyn müəllimdən daha yaxşı tədrislə məşğul olmasını tələb edir. Yəni baş verən bu proseslər gənclərdə müəllim peşəsində çətinliklərlə üzləşəcəkləri fikri yaradır. Hətta bu gün bütün bu sınaqlardan keçmək istəməyən müəllimlər var ki, məktəbdə yox, kurslarda çalışmağa, yaxud evdə repetitorluqla məşğul olmağa üstünlük verirlər. 

Baş verən bütün bu proseslər gələcəkdə müəllim peşəsinə marağın azalmasına, müəllim çatışmazlığına gətirib çıxarmayacaqmı? 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki, indiyədək sistem olaraq müəllim peşəkarlığı çox yoxlanılmayıb:

“1994-ci ildə formal olaraq attestasiya keçirib dərəcələr verilmişdi ki, bu dərəcələr 2016-cı ilə qədər davam etdi. Hazırkı vəziyyətdə 2022-ci ildən başlayan sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. 

İndiyədək 5 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. 

Məsələ ondadır ki, sertifikasiya qaydalara uyğun olaraq tam olaraq keçirilmədi. Yəni Elm və Təhsil Nazirliyi çox humanist yanaşdı. 

Biz proqnozlaşdırmışdıq ki, əmək müqaviləsinə xitam verilmiş müəllimlərin sayı indikindən ən azı 3 dəfə çox olmalı idi. Ən böyük güzəşt də ibtidai sinif müəllimlərinə oldu. İndi xarici dil müəllimlərindən neçəsinin “kəsilməsi” ilə bağlı statistika hələ ortada deyil. 

Növbəti ildə nə qədər müəllimin keçəcəyi, kimlərlə əmək müqaviləsinə xitam veriləcəyi məlum deyil. Biz ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərindən danışırıq. Nəticə etibarilə, əgər müəllim peşəkarlığını yoxlayan prosedura qoşulmaq üçün əlavə müəllim yanına gedirsə, sistem olaraq bu utancvericidir, qəbul edilməzdir. Ancaq istənilən halda 100 milyon manatlarla əlavə təhsilə vəsait xərclənsəydi bu nəticəni əldə edə bilməzdik. 

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da göstərib ki, əlavə təhsillə bağlı modul-kredit sisteminin tətbiqi olmalıdır.  Yəni birinci vəzifə dövlət əlavə təhsilə keçilir. Əlavə təhsilin sonunda qiymətləndirmə olmalıdır. Daha sonra isə keçə bilməyənlər öz hesabına əlavə təhsilə keçməlidir. Gələcəkdə bu olacaq. Ancaq indiki vəziyyətdə sertifikasiya ilə bağlı müəllim yanına gedən müəllimlərə deyirəm ki, ən böyük hazırlıq sinif otağındadır. 

Müəllim dərsinə doğru-düzgün hazırlaşıb girərsə, sadəcə rəhbərliyin gözündən pərdə asmaq üçün icmal yazmazsa və tədris etdiyi hər dərsə sertifikasiyaya hazırlıq gözü ilə baxacaqsa, yəni əsl müəllim kimi sinifdə çalışmaq istərsə, o müəllimin sertifikasiyada hər hansı bir problemi olmaz.  Bu baxımdan deyirəm ki, müəllim dərs otağında sertifikasiyaya hazırlığı gözünün qabağına gətirməlidir”. 

O ki qaldı sertifikasiyanın özünə, ekspert deyir ki, birinci proses olduğu üçün ETN həddindən artıq humanist yanaşma göstərib və hazırda işləyən müəllimlərin təqribən yarısı sertifikasiyada iştirak edib: 

“2025-ci ildə tarix, fizika, kimya, biologiya, coğrafiya fənlərini tədris edənlər sertifikasiya olunacaq. Daha sonra isə 2026-cı ildə informatika, musiqi, fiziki tərbiyə, təsviri incəsənət müəllimləri ilə də sertifikasiya başa çatacaq. Ancaq sertifikasiya ümumiyyətlə, başa çatan proses deyil. 

Yeni işə girənlərin 3 ili tamam olanda yenə sertifikasiya keçiriləcək. Yaxud sosial məzuniyyətdə olub geri qayıdanlar üçün olacaq. Növbəti sertifikasiyada isə elm və təhsil naziri çıxışlarının birində bildirib ki, növbəti sertifikasiya qaydalar dəyişib. 5 ildən bir yox, 3 ildən bir keçirilməsi nəzərdə tutulub. 

Digər məsələ isə dünya praktikasında olduğu kimi daha çox metodik suallara üstünlük veriləcək. Nəticə etibarilə düşünürük ki, ikinci sertifikasiyadan sonra daha çox peşəkar müəllimlər sistemdə qalacaq. Bu baxımdan, müəllimlərin sertifikasiyaya hazırlaşmasında yenə sistem qazanır. Müəllim öyrəndiyini yenə gəlib sinifdə tətbiq edəcək. Müəllimlər bilməlidirlər ki, sertifikasiya başa çatan yox, dövri bir prosesdir. 

Növbəti sertifikasiyalarda budəfəki kimi çətin vəziyyətə düşməmək üçün öz bilik və bacarıqları üzərində işləməlidirlər. Əldə etdikləri bilik və bacarıqları da hər gün sinifdə tətbiq etməyi bacarmalıdırlar. Təhsil islahatlarının məqsədi və hədəfi də budur. 

Düşünürəm ki, bir neçə sertifikasiyadan sonra Azərbaycan müəllimi dünyanın ən peşəkar müəllimlərindən birinə çevriləcək .Yaxud da peşəkar müəllimlər sistemdə qalacaq. Nəticədə Azərbaycan təhsil sistemi dünyanın ən peşəkar təhsil sistemindən birinə çevriləcək”.
 
Ekspertin fikrincə, sertifikasiyadan qorxan müəllim müəllim deyil:

“Onlar müəllimliyə təsadüfən gəlmiş insanlardır. Sertifikasiya prosesi daha da təkmilləşdikcə, qəlbi, ruhu, düşüncəsi müəllimliklə döyünən şəxslər bu sistemdə işləyəcəklər. İş tapa bilməyib bu sistemə gələnlər olmayacaq. Əksinə, müəllim nüfuzu o qədər yüksəyə qalxacaq ki, dünyanın bir çox ölkələrində olduğu kimi “yaxşıların yaxşıları” müəllimliyə gələcək. Bu da sistemin optimallaşmasına gətirib çıxaracaq. Qorxan insanın müəllimlikdə işi olmaz”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"