“Azersky” peyki ilə ölkədəki su təsərrüfatı sahələri monitorinq edilir

“Azersky” peyki ilə ölkədəki su təsərrüfatı sahələri monitorinq edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Azersky” peykindən əldə olunan təsvirlərlə su təsərrüfatı sahələrinin monitorinqi aparılır.

Bu barədə Nazirlikdən məlumat verilib.

İlkin mərhələdə uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü su kanalı monitorinq edilib. Proses zamanı müxtəlif dövrlərə aid peyk təsvirlərindən istifadə olunub.

Peyk təsvirləri vasitəsilə kanal üzərindəki hidrotexniki qurğuların vəziyyəti qiymətləndirilib. Kanalın ətraf ərazilərində təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək dəyişikliklər analiz olunub, uyğun sxematik planlar hazırlanıb.

“Azersky” peyki vasitəsilə ölkə ərazisində su resursları davamlı olaraq izlənilir. Peyk təsvirlərinin monitorinq nəticələri əsasında su anbarlarının həcminin müəyyən olunması, iqlim dəyişmələrinin göl və çayların su balansına təsiri, su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. "Azərkosmos" həmçinin işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının səmərəli istifadəsi üçün bölgədəki su anbarları, dağ gölləri və çayları peyk təsvirləri ilə monitorinq edir.

Cebhe.info