Bakının tıxaclı günlərinə hazırlıq: 7 layihə fayda verəcək? - RƏSMİ

Bakının tıxaclı günlərinə hazırlıq: 7 layihə fayda verəcək? - RƏSMİ

15 sentyabr- yeni dərs ilinin başlamasına o qədər də çox qalmayıb.

Dərs ilinin başlaması həm də paytaxt yollarına tıxac probleminin yenidən gəlməsi deməkdir. 

Yay tətili, məzuniyyət səbəbindən rayonlarda, xarici ölkələrdə olan həmvətənlərimizin paytaxta dönməsi, həm də yüzminlərlə şagird-tələbənin məktəbə gediş-gəlişi yolların yükünü bir neçə dəfə artırır. 

Nəticədə səhərin erkən saatlarından başlayaraq yollarda keçilməz tıxaclar yaranır. Maraqlıdır ki, yeni dərs ilininn başlaması ilə əlaqədar qurumlar yol hərəkətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görüb? 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhər darboğazlarında hərəkətin yenidən təşkili, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə 7 layihənin icrasına başlanılıb: 

"Layihələrdən ikisi artıq yekunlaşıb. Belə ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir. 

Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən, 3 dəqiqəyə kimi düşüb. 

Sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir". 

Bildirilib ki, ikinci layihə Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilib. 

Üçüncü layihə isə, Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində də yol hərəkəti yenidən təşkil edilir: 

"Sözügedən layihə əsasında Xocalı prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır. 

Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Yusif Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalacaq. 

İşıqforların qarşısında təşkil ediləcək nizamlanan eynisəviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək. Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir". 

Ləman İsmayıl 
"Cebheinfo.az"