Cənub bölgəsində qızılca niyə daha çox yayılır? - ÖZƏL

Cənub bölgəsində qızılca niyə daha çox yayılır? - ÖZƏL

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub. Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir. 

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur. Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir.  Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub. 

Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub. Sonuncu dəfə virusa gündəlik yoluxma 5 nəfər olub. 

Son vaxtlar ölkədə yayılan qızılca sayında cənub bölgəsinin üstünlük təşkil etməsi nə ilə bağlıdır?

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda respublika ərazisində istər uşaqlar, istərsə də böyüklər arasında qızılca xəstəliyinin qeydə alınması davam edir:

“Ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir. Lakin, buna baxmayaraq vaksinasiyadan imtina halları ilə əlaqədar respublikanın bəzi rayonlarında, o cümlədən Cəlilabad rayonunda qızılca xəstəliyinin sayında nisbətən artım müşahidə olunur. Xəstəlik halları qızılcaya qarşı peyvənd olunmayan şəxslər arasında qeydə alınır.Ərazi üzrə əks-epidemik tədbirlərin aparılması davam etdirilir”.

Nigar Abdullayeva
“Cebhe.info”