Əmək bazarında durum: Nə iş var, nə mütəxəssis...

Əmək bazarında durum: Nə iş var, nə mütəxəssis...

"Dövlət proqramlarının qarşısında duran əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır".

Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "2022-2026-cı illər üçün Dövlət Proqramı" məzunları ilə görüşdə deyib.

Onun sözlərinə görə, təhsil elə sahədir ki, nəticələri gec görmək olur. Bu gün görülən işlər isə müsbət qiymətləndirilir:

"Ötən il dövlət proqramı çərçivəsində qəbul edilən tələbələrin 50-si dünyanın top 10 universitetinə, qalan 300-ü isə digər tanınmış universitetlərə qəbul olub".

Nazirlik rəsmisi qeyd edib ki, bu gün təhsil alan gənclər rəqabətədavamlıdırlar.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova isə bildirib ki, "Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır".

O qeyd edib ki, hazırda Dövlət Proqramı məzunlarından 66 nəfər Azərbaycanda işləyir:

“Onlardan 31-i dövlət, 31-i özəl, 4-ü bank sektorunda çalışır. Hazırda iş axtarışında olan məzun sayı isə 43 nəfərdir”.

Bildirək ki, bu gün ölkədə işsizlərin sayı kifayət qədərdir ki, onların sırasında ali təhsilli şəxslərin də sayı az deyil. Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərin də ölkədə işlə təmin olunmaması maraq doğuran amillərdəndir.

Bu gün ali təhsilli gənclərin çalışması üçün iş yerləri  azdır, yoxsa kadrlar ixtisaslı deyil?

Təhsil üzrə ekspert Elşən Qafarov "Cebhe.info"-ya bildirdi ki, Təhsil üzrə Dövlət Proqramlarının funksiyası iş yaratmaq deyil:

 "Həmin proqramlar ölkənin iqtisadi inkişafına uyğun olaraq əmək bazarının tələblərinə cavab verən beynəlxalq səviyyəli kadrların hazırlanması məqsədi daşıyır. Xaricdə Təhsil üzrə Dövlət Proqramı artıq II mərhələdir. Birinci mərhələ uğursuzluqla nəticələndi. Göndərilən kadrların böyük əksəriyyəti məmur övladları olduğuna görə təhsilini başa vura bilmədi və dövlətin vəsaiti boş yerə xərcləndi. 

Tək-tək insanlar bitirdi və bir neçə kadrlar var ki, bir hissəsi ayrı-ayrı dövlət qurumlarında işləyirlər. Ancaq digər tərəfi isə odur ki, II Dövlət Proqramında xüsusilə elmi və elmi-pedoqoji kadrlara üstünlük verilir. 

Yəni hər il əgər 400-500 nəfər xaricə göndərilirsə, onun 85-90 faizi əsasən magistr və doktorantura təhsili üçün göndərilir. Bu da ölkədə ali təhslinin səviyyəsini  qaldırmaq və elmi-pedoqoji kadr hazırlığı ilə beynəlxalq səviyyədə uyğunlaşdırmaq məqsədi daşıyır.

Bu baxımdan təhsillə bağlı dövlət proqramları heç vaxt iş yeri açnaq üçün deyil, əksinə, əmək bazarınn tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə kadrların hazırlanması məqsədilə həyata keçirilən proqramdır". 

İqtisadçı-ekspert Razi Abbasbəyli isə bildirdi ki, bu gün açıqlanana rəsmi məlumata görə, hazırda xaricdə təhsil dövlət proqramı ilə təhsil alan 43 məzun işsizdir, onlardan 66 nəfər işlə təmin olunub:

"Bu, qlobal problemdir. Dünyanın hər yerində təhsil verənlərlə əmək bazarı arasında sürətli disbalans yaranır, tarazlıq pozulur. Dünya texnoloji baxmdan sürətlə irəliləməkdədir. Bu baxımdan da peşələrin bəziləri təhsil müddətində belə, sıradan çıxır. 

Faktiki olaraq həmin peşələr bir müddət sonra yararsız hala düşür. Bu da dünyanın yeni texnoloji dövrə qədəm qoyması ilə bağlıdır. Yaxın gələcəkdə bir sıra peşələrin sürətlə sıradan çıxacağı gözlənilir. Bunun üçün Elm və Təhsil Naizrliyi çevik strateji proqramlar həyata keçirməlidir. 

Bu gün, sabah üçün deyil, ən azı yaxın 20-30 illə bağlı əsas ehtiyac duyulacaq peşələr üzrə təhsil strategiyası hazırlamalıdır. Təəssüf ki, bu gün Azərbaycanda ali təhsil sistemində tətbiq edilən təhsil proqramları demək olar ki, 90 faiz köhnəlib. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin aldıqları ixtisas və diplomlar müasir dövrün peşə standartları və tələblərinə cavab vermir. 

Eyni zamanda metodiki vəsaitlər də köhnəlib və dövrün tələbinə cavab vermir. Yəni tələbələr təhsil aldıqları dövrdəki təhsillərini, müasir dövrdə real həyatda tətbiq edə bilmirlər. Bu baxımdan da həm ali təhsil üzrə təhsil proqramları, metodiki vəsiatlər kökündən dəyişdirilməlidir. 

Eləcə də tələbə qəbulu ilə bağlı proqramlarda bir sıra  islahatlar aparılmalıdır. İxtisas seçimi ilə bağlı proqramlarda bir sıra dəyişikliklər edilməlidir. Təəssüf ki, biz bununla bağlı real iş görmürük. ETN bu baxımdan müəyyən cəhdlər edir. Belə ki, peşə təhsili ilə bağlı Dövlət Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. 

Bir sıra sahələr üzrə ixtisas təhsili müəssisələri formalaşıb. Uğurlu layihələr həyata keçirilib. Təəssüf ki, proses çox ləng davam edir. Hesab edirəm ki, ali təhsildə də müasir dövrün tələblərinə cavab verən peşə və ixtisasların seçilməsi gündəmdə olmalıdır". 

Ekspertin sözlərinə görə, Azərbaycan bazarında tələb çoxdur, təklif azdır: 

"Nəzərə almaq lazımdır ki, Azərbaycanda aqrar sektor dünya standartlarına cavab vermir. Aqrar sektorda islahatlar o səviyyədə deyil ki, İsrail, Niderland, Danimarka, İtaliyada aqrar sahədə təhsil alan mütəxəssisi Azərbaycanda gətirib işlədə bilməyəcəyik.

Çünki bu sahənin özü onun aldığı təhsilin standartlarına cavab vermir. Yəni xaricdə yüksək səviyyədə təhsil alıb, gəlib Azərbaycanda köhnə texniologiyalarla işləyə bilmirlər. Yalnız bank sektoru kimi müəyyən sahələr var ki, bu da cüzi faiz təşkil edir. Bu baxımdan həmin işlər kompleks olaraq həyata keçirilməlidir. 

Azərbaycanın ali təhsili üzrə tədris proqramları, metodikalar, əmək bazarı üzrə ixtisasların uzlaşdırılması paralel olaraq aparılmalı, kompleks strateji proqram halında həyata keçirilməlidir. O zaman yaxın gələcəkdə olmasa da , ən azı yaxın on illikdə biz bunun bəhrəsini görə bilərik".
  
Nigar Abdullayeva 
"Cebhe.info"