“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsi davam edir
“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.
Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidi. 2 iyun tarixində layihəyə cəlb olunan uşaqlara “Yaddaş məşqləri “adlı təlim keçirildi Keçirilən təlim zamanı layihədə iştirak edən 15 uşaqla yaddaşın inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunmuşdu.
Təlimin əsas məqsədi uşaqlarda vizual yaddaş, qısamüddətli yaddaş, məntiqi yaddaş, xatırlama, ardıcıllığı yadda saxlama bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Təlim zamanı uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun müxtəlif metodika, didaktik material və vizual vəsaitlərdən istifadə edilmişdir.
Təlim ərzində rəngli kartlarla yaddaş məşqləri, şəkil və fiqurları yadda saxlama, predmetlərin yerini xatırlama, vizual ardıcıllığı yadda saxlama, kartlarla uyğun cütü tapma, fiqur və simvolları xatırlama yaddaşı birlikdə inkişaf etdirən oyun tipli fəaliyyətlər həyata keçirilmişdir. İstifadə olunan metodikalar uşaqlarda: vizual yaddaşın inkişafı, qısamüddətli yaddaş, xatırlama bacarığı, müqayisə etmə, analiz etmə, diqqətin cəmlənməsi və ardıcıllığı yadda saxlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.
Təlim müddətində bəzi uşaqlarda tez unutma, diqqətin yayınması, tapşırıq ardıcıllığını qarışdırma və köməyə ehtiyac duyma halları müşahidə edilmişdir.
Bir sıra uşaqlarda rəng və fiqurları yadda saxlama, vizual uyğunlaşdırma və qısa müddətli yaddaş bacarıqlarının daha yaxşı olduğu müşahidə edilmişdir. Təlimin sonunda uşaqların əksəriyyətinin vizual və praktik məşğələlər zamanı daha fəal iştirak etdiyi və fərdi dəstək zamanı tapşırıqları daha uğurlu yerinə yetirdiyi müəyyən edilmişdir.
"Cebheinfo.az"

