Evlərin icbari sığortası narazılıq yaratdı: Konstitusiya Məhkəməsi qanunu qanunsuz elan edə bilər 

Evlərin icbari sığortası narazılıq yaratdı: Konstitusiya Məhkəməsi qanunu qanunsuz elan edə bilər 

Son günlər aktual olan mövzulardan biri daşınmaz əmlakın icbari sığortasının tətbiqidir.

Belə ki, artıq Bakı şəhərində daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanundan irəli gələn proseslərə başlanılıb. Ancaq bu sahədə mövcud icbari sığorta vətəndaşlar tərəfindən heç də birmənalı qarşılanmır. Hətta ekspertlər də daşınmaz əmlaka icbari sığortanın tətbiqi ilə bağlı mövcud proseslərlə barədə öz fikirlərini bildirirlər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, yalnız üçüncü şəxslər (üçüncü tərəf) qarşısındakı məsuliyyətin sığortası icbari ola bilər:

“Şəxsin öz daşınmaz və daşınan əmlakını sığorta edib- etməməsi onun şəxsi işi olmalıdır. Bizdə isə bunu da icbari ediblər. Əlbəttə, başqa ölkələrin də adını tapıb deyə bilərlər ki, bu ölkədə də belədir. Bütün hallarda bu konstitusiyada əks olunmuş mülkiyyət hüququnun pozulmasıdır. Burada maraqlı tərəf sığorta şirkətləridir. Qiyməti bir milyon olan daşınmaz əmlakın (yaşayış evinin) sığortası ilə uçuq daxmanın sığorta qiyməti eynidir və sığorta hadisəsi zamanı ödəniş də eynidir. Bu, sadəcə absurddur və yalnız pul qazanmaq üçündür.

Bəziləri deyir ki, əmlak sığorta olunmayanda dövlət sığortaçı qismində çıxış etməyə məcbur olur. Onsuz da gələcəkdə belə olacaq. Niyə? Əvvəla, böyük dağıtılar zamanı onsuz da sığorta şirkəti bütün xərcləri qarşılaya bilməyəcək. Hətta dünyanın ən güclü sığorta şirkətləri zəlzələ, sunami və s. böyük təbii fəlakətlər nəticəsində baş vermiş dağıtıların əvəzini ödəyə bilmir.

İkincisi, Azərbaycanda az qala əmlakın 50%-i dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmayıb. Xüsusən rayonlarda yaşayış və kiçik qeyri-yaşayış sahələri var ki, rəsmən dövlət reyestrində əmlak kimi qeydə alınmayıb. Belə əmlakla bağlı hadisə baş verəndə kim ödəniş edəcək?”

Reallıq odur ki, daşınmaz əmlakın icbari sığortası zamanı sığorta məbləği bütün evlər üçün eynidir. Məsələn, 1 otaqlı evlə villanın ödəyəcəyi məbləğ 50 manatdır.

Bəs sığorta olunduqdan sonra hər hansı fəlakət baş verərsə, zərərlə bağlı sığorta şirkəti kiçik mənzillə villaya fərqli məbləğmi ödəyir? Yaxud nə üçün daşınmaz əmlakın icbari sığortasında mənzilin sahəsi nəzərə alınmır, sahədən asılı olmayaraq eyni məbləğdə ödəniş edilir?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, icbari sığorta yalnız bir şəxsin digər şəxsə vurduğu zərər üzrə, yəni mülki məsuliyyətin zərəri ola bilər:

“Məsələn, avtomobillərlə bağlı bunu görmək olar. Belə ki, avtomobillərdə iki sığorta növü var və bunlardan biri icbari sığortadır, yəni avtomobili idarə edən şəxsin üçüncü şəxsə vurduğu zərərin, mülki məsuliyyətinin sığortasıdır. Bu, tam başadüşüləndir, normaldır.

Eyni zamanda, avtomobillərin kasko, könüllü sığortası var. Yəni avtomobillərin öz mülkiyyətçisinə dəyən zərərdə istəsə sığortalayır, istəməsə sığortalamır. Ancaq daşınmaz əmlakla bağlı qanunda fərqli yanaşmadır. Orada bildirilir ki, mülkiyyətçi özünə dəyən zərəri də sığortalayır. Bu da ədalətsizdir, düzgün deyil. Yəni bu, faktiki olaraq dövlətin özəl münasibətlərə qarışmasıdır. Yaxşı olardı ki, icbari sığorta da mənzil mülkiyyətçilərinin başqalarına vurduğu zərərə bağlansın.

Məsələn, çoxmənzilli binalarda mənzil mülkiyyətçisinin ucbatından aşağı mərtəbədəki mənzili su basır, buna görə məsuliyyətin sığortalanması normaldır. Ancaq təəssüf ki, qanunda 12 ildən artıqdır ki, mövcud sığorta forması var. Bu qanun icra olunmur. Ancaq sığorta şirkətləri ona nail olmaq istəyir ki, sığorta etdirmək istəməyən vətəndaşları cərimələsinlər. ümumilikdə isə burada cəza yoxdur, hər bir vətəndaş öz borcuna görə əmlakı həddində cavabdehdir. Vətəndaş ödəyə bilməyəcəksə, onun başqa əmlakı varsa, oraya, maaşı varsa maaşına, yaxud pensiyasına yönəldilə bilər. Yalnız bir evi varsa, o evə yönəldilə bilməyəcək”.

Ekspert bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu sığortanı etmir:

“Yəqin ki, yaxın vaxtlarda da etməyəcək. Eləcə də hüquq elmində və xarici təcrübədə “ölü qanun” deyə bir anlayış var. Fakt odur ki, indi icbari sığorta ilə bağlı qanun var, qüvvədədir, ancaq tətbiq olunmur. Ona görə də xarici təcrübədə məhkəmələr belə işlər düşərsə, deyirlər ki, bu qanun tətbiq olunmursa, dövlət onu tələb etməyibsə, demək faktiki qüvvəsi yoxdur. Hazırda bu qanun “ölü qanun”dur və dövlətin özünün biganəliyidir.

İndiyədək də ixtiyarı var idi ki, vətəndaşları buna görə cərimələsin. Əgər cərimələyibsə, demək, dövlət özü də hesab edib ki, bu qanun düzgün deyil. Buna görə də yaxşı olardı ki, Konstitutisiya Məhkəməsinə şikayət olunsun. Konstitutisiya Məhkəməsi elə bir qurumdur ki, qanunun qanunsuz olduğunu deyə bilər. Məhz Konstitutisiya Məhkəməsi qanunun bu hissəsini Konstitusiyaya zidd hesab etməlidir”.

Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirdilər ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Qanundan irəli gələn qaydalara əsasən, bu növ üzrə sığortalanma prosesini icbari sığorta satışı lisenziyasına malik qeyri-həyat sığortası şirkətləri həyata keçirirlər. Müvafiq qanuna əsasən, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tariflər regionlara görə dəyişir.

Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat müəyyən olunub. Bu tariflər bütün yaşayış obyektlərinə aiddir. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir.

“İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələnə tələblərə görə, sığortalanmış yaşayış obyektləri üzrə təminat məbləğləri də regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən sığortalanmış yaşayış obyektləri üzrə təminat məbləği 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda yerləşən sığortalanmış yaşayış əmlaklarına görə sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən sığortalanmış yaşayış obyektləri üçün isə sığorta təminatı məbləği 15 min manata qədər müəyyən olunub. Müvafiq təminat məbləği də bütün yaşayış obyektlərinə şamil edilir”.

Sahədən asılı olaraq icbari sığorta ilə bağlı ASA-dan bildirdilər ki, bütün icbari sığortalarda olduğu kimi daşınmaz əmlakın icbari sığortası növündə də bütün proseslər, qaydalar qanunvericiliyin tələbi ilə tənzimlənir:

“Lakin sığortalılar yuxarıda sadalanan təminat dairəsini genişləndirə bilərlər. Belə ki, məsələn, geniş sahəyə malik yaşayış əmlakına sahib olan sığortalılar baş verə biləcək fəlakət nəticəsində dəyəcək zərərin daha böyük olacağını ehtimal edirlərsə, yerli sığorta bazarının təklif etdiyi “Əmlakın yanğından və digər risklərdən sığortası” adlı könüllü sığorta növü üzrə məhsulu əldə edə bilərlər. Bu zaman yaşayış obyekti sahibləri daha yüksək təminat məbləği əldə edə bilərlər.

Əmlakın yanğından və digər risklərdən sığortası növü könüllü sığorta növü olduğu üçün burada tarif və təminat məbləğləri sığorta şirkətlərinin müvafiq növ üzrə təklif etdikləri məhsullardan asılı olaraq sığortaçı ilə sığortalı arasındakı danışıqlar və razılaşma ilə müəyyən olunur. Əlavə etmək istəyirik ki, daşınmaz əmlak sahibləri əmlakın yanğından və digər risklərdən sığortası növü ilə hətta daşınmaz əmlaklarında yerləşən daşınar əmlaklarını da sığortalaya bilərlər”.

Nigar Abdullayeva
Cebhe.info