Gənclərə kitabı sevdirən müəllim: "Bütün kitabsevərləri sərgimizə dəvət edirəm"

Gənclərə kitabı sevdirən müəllim: "Bütün kitabsevərləri sərgimizə dəvət edirəm"

Son vaxtlar təhsildə olan müxtəlif problemlərə tez-tez toxunulsa da məktəbi, təhsili gənclərə sevdirən fədakar müəllimlərimiz bu gün də var.

Belə müəllimlərimizdən biri, Yardımlı rayon Vərgədüz kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Türkel Tağızadə ilə ötən müsahibəmizdə onun reallaşdırdığı layihədən söhbət açmışdıq.

Belə ki, Türkel müəllim şagirdlərə, gənclərə kitabı sevdirmək üçün ən ucqar kəndlərə kitablar apararaq şagirdlərə çatdrır. Hazırda isə məhz Türkel müəllimin təşkilatçılığı ilə Yardımlıda ikinci böyük kitab sərgisi açılıb.

Sərgi ilə bağlı Cebhe.info-ya açıqlamasında Türkel Tağızadə bildirdi ki, sərgi iki gün davam edəcək:

"Bu gün Yardımlı İdman Kompleksində ikinci böyük kitab sərgisi açılıb və sabah da davam edəcək.

Bu vaxta qədər çox ciddi dəstək olan kitabçı dostlarımız var. Həm nəşriyyat olaraq, həm fərd olaraq. Nəşriyyatların test vəsaitləri ilə dəstək olması çox sevindiricidir. Bu, rayon məktəblilərimiz üçün möhtəşəm fürsətdir ki,qaçırmaq olmaz. Bayram tətilini rayonda keçirən tələbələrimiz, gənclərimiz üçün də əla fürsətdir.

Hələ rayonda kitaba həvəsi olan müəllimlərimizi, gənclərimizi, şagirdlərimizi demirəm. Gəlib çox böyük endirimlərlə istədikləri kitabı ala bilərlər. Biz özümüz etməsək, belə işləri bu rayon üçün heç kəs etməyəcək. Heç bir nəşriyyat da bu qədər kitabı yığıb gəlib burada sərgi keçirməyəcək. Bu, özümüz, övladlarımız, gənclərimiz, rayonumuz, sabahımız üçündür.

Mən rayon ictimaiyyətinə müraciət edirəm ki, gəlin əl-ələ verək, bu mədəni və möhtəşəm tədbiri ən gözəl şəkildə keçirək. Dəstəyiniz də sərgiyə gəlmək, dostlarınızı, övladlarınızı, şagirdlərinizi, həmkarlarınızı gətirmək, bilməyənlərə bildirmək və kitablaşmaqdır.

Qeyd edim ki, sərgidə 700-dən artıq test vəsaitləri məktəblilərə pulsuz paylanılıb. "RM" nəşriyyatı 700 kitabla, eləcə də "Güvən nəşriyyatı" 100-dən artıq kitabla sərgiyə böyük dəstək oldular. Bu sərgi Yardımlı rayonunda ikinci böyük sərgidir. İkisi də məhz bizim şəxsi təşəbbüsümüzlə baş tutub. ümumilikdə sərgidə 150-dən artıq məktəbli pulsuz test vəsaitləri ilə təmin olunub. Əlavə olaraq bədii kitablar da alıblar. Yardımlı Rayon Gənclər və İdman İdarəsi və Yardımlı Gənclərin İnkişaf və Koryera Mərkəzi də sərginin keçirilməsində dəstəkçi olublar.

Mən bütün kitabsevərləri bu sərgidən faydalanmağa çağırıram və ümid edirəm ki, biz bu sərgimizlə kitab sevgisini daha da artıracağıq".

Nigar Abdullayeva
Cebhe.info