İlk yağışda dayanacaqlarda qalan sərnişinlər: Avtobuslar niyə gecikdi?

İlk yağışda dayanacaqlarda qalan sərnişinlər: Avtobuslar niyə gecikdi?

Bu gün paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr qeydə alınıb.

Belə ki, yağmurlu hava şəraitində vətəndaşlar uzun müddət dayanacaqlarda avtobus gözləməli olublar. Uzun fasilələrdən sonra avtobusların gəlməsinə baxmayaraq, bir çox hallarda gecikmələrlə bağlı sıxlıq müşahidə olunub.

Nəticədə vətəndaşlar 156, 125, 205, 204, 62, 55, 40, 163, 214, 503 nömrəli müntəzəm marşrut xətlərindəki avtobusların gəlişini dayanacaqda gözləməli olublar.

Qeyd edək ki, vətəndaşlar onsuz da davamlı olaraq yollarda tıxac problemi ilə üzləşirlər. Yay fəsli başa çatıb, artıq soyuq, yağmurlu hava şəraiti olan fəsil başlayıb.

Maraqlıdır, müntəzəm marşrut xətlərindəki avtobusların bu qədər gecikməsinə səbəb nədir, bu gün avtobus parkında kifayət qədər avtobus yoxdur, yoxsa bu sürücülərin günahıdır?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin Cebhe.info-nun sorğusuna cavabında qeyd olunub ki, bu gün hava şəraiti ilə əlaqədar paytaxt yollarında yaranan tıxac bəzi marşrutların hərəkət cədvəlinin pozulmasına və intervalda artıma səbəb olub: 

“Xüsusən günün gur saatlarında yaranan nəqliyyat sıxlığı avtobusların ləngiməsinə gətirib çıxarıb. Dispetçerlər tərəfindən avtobusların nizamlı fəaliyyətinin bərpası və qrafikə uyğun hərəkətləri üçün tədbir görülür”.

Nigar Abdullayeva
Cebhe.info