MTK-ların "bazarı bağlanır": Yeni qadağa

MTK-ların "bazarı bağlanır": Yeni qadağa

Mənzil-Tikinti Kooperativlərinin (MTK) bir mənzili bir neçə hissəyə bölüb satmaları məsələsinə münasibət bildirən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov qeyd edib ki, MTK-lar faktiki olaraq mənzili bölüb, yeni qapı qoyub sata bilirdilər:

“Vətəndaşlar sənədləşməyə gələndə məlum olurdu ki, əslində layihədə belə bölgü nəzərdə tutulmayıb. Alqı-satqı əməliyyatları tam elektronlaşdıqdan sonra layihədə olmayan hissə artıq portalda mövcud olmayacaq. Yəni əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək. Bunun üçün portalda mənzilin hər bir imitasiyası olacaq. Hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi öz əksini tapacaq, vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək”.

Bildirək ki, ölkədə mənzillərin bölünüb satılması hallarına tez-tez rast gəlinir. Bu prosesin həyata keçirilməsində müvafiq qurumlar da rol oynayır.

Maraqlıdır, əslində bölünmüş evlər satıla bilər?

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov “Cebhe.info”-ya bildirdi ki, o evləri bir şərtlə, layihədə dəyişiklik edilməklə bölüb satmaq olar:

“Gərək o layihə yenidən təsdiq edilsin, müvafiq dövlət qurumlarına təqdim edilsin. Ancaq bu prosedur keçmədən olmaz. Ümumiyyətlə, biz evlərə istədiyimiz forma veririk, sahələrini dəyişdiririk. Ancaq qanun ona icazə vermir. Qanunda birmənalı olaraq yazılır ki, mənzilin içərisində hər hansı bir dəyişiklik etmədən oncə məlum layihə müvafiq dövlət qurumlar tərəfindən təsdiqlədikdən sonra dəyişiklik etmək lazımdır. 

Əgər təsdiqlənmiş layihə yoxdursa, dəyişiklik etmək qəti qadağandır. Bu dəyişikliklər həm köhnə tikililər, həm də yeni tikililərdə, yataqxanalarda, bütün tikililərdə də olur. Qeyd etdiyim kimi, dəyişiklikdən əvvəl mütləq onun layihəsi təsdiqlənməlidir və müvafiq qurumlar ona müsbət rəy verməlidir və ondan sonra dəyişikliklər edilə bilər.

Reyestrin nəzərdə tutduğu elektron forma o deməkdir ki, vətəndaş elektron formada o quruma müraciət edir və o qurumun mühəndisləri gedib yerində baxış keçirirlər, müvafiq normalara uyğundursa, sənədləşməsi aparılacaq. Əgər uyğun deyilsə, sənədləşmə aparılmayacaq”.

Nigar Abdullayeva
“Cebhe.info”