Pensiya yox, maaş: Azərbaycanda 900 min insan niyə pensiyaya çıxmaq istəmir?

Pensiya yox, maaş: Azərbaycanda 900 min insan niyə pensiyaya çıxmaq istəmir?

"Bu gün Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib. Onun sözlərinə görə, bu rəqəm getdikcə artacaq:

“Əhalimiz işləməyə meyillidir. İşləyən pensiyaçıların qanunvericiliklə nəzərdə tutulan 6 illik stajından sonra hər il topladıqları kapital yenidən hesablanır və pensiyalarının üzərinə gəlir. Bu gün həmin proses müraciət üzərindən həyata keçirilir, lakin bununla bağlı elektron proqram da hazırlanır. Bu il üçün istifadəyə veriləcəyi düşünürəm. Bununla da müraciət elektron qaydada olacaq. Xatırladım ki, müraciət hüququndan il ərzində 10-12 min vətəndaş istifadə edir". 

Qeyd edək ki, son vaxtlar ən aktual olan mövzulardan biri də ölkədəki mövcud pensiya sistemidir.

Davamlı olaraq artan pensiya yaşı, pensiya kapitalı, pensiya yaşına çatanların hələ də çalışması müzakirə olunsa da, bu sahədə mühüm irəliləyiş müşahidə edilmir. Son illər əsas "irəliləyiş" isə pensiya yaşının, eləcə də pensiya kapitalının məbləğinin getdikcə artması olub.  Pensiyaçılar təqaüdün azlığından pensiyaya çıxmaq istəmirlər və çalışmaq məcburiyyətindədir. Ancaq xarici ölkələrdə vətəndaşlar daha tez pensiyaya çıxmağa cəhd edirlər ki, ömürlərinin qalan hissəsini istirahət edib, dincəlsinlər. Hətta bu məqsədlə başqa ölkələrə də səfərlər edərək "yaşlı turizmi"ndən faydalanırlar. Bu gün "yaşlı turizmi" seqmenti (50 yaşdan yuxarı) turizm sənayesinə böyük təsir göstərir. 1999-cu ildə 593 milyondan çox beynəlxalq turist 60 və ya yuxarı yaşda olub ki, bu da tətil xərclərinin təxminən 1/3 hissəsini təşkil edirdi. 

Ümumdünya Turizm Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər ildə 2 milyard insanın səyahət etmək imkanına çatacağı gözlənilir. Çünki 2000-ci ildə dünya əhalisinin 10%-ni təşkil edən yaşlıların 2050-ci ilə qədər dünya əhalisinin təxminən dörddə birini təşkil edəcəyi təxmin edilir.

Bu, o deməkdir ki, gələcəkdə onlar bütün gənc yaş qruplarının hamısından daha çox bayram xərclərinə vəsait ayıracaqlar. Böyük Britaniyada aparılan müşahidələr və səyahət xərclərinin qiymətləndirilməsinə görə, 50 yaşdan yuxarı insanların xərcləmə imkanlarının təxminən 60%-ni səyahət və turizm xərclərində istifadə etdikləri müşahidə edilib. Azərbaycan yaşlıları üçün isə bunu demək çətindir. Çünki onlar aldıqları təqaüdü gündəlik dolanışığa sərf edirlər.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cebhe.info"-ya bildirib ki, işləyən pensiyaçıların sayının çoxluğunun işləməyə meyilli olmaqla heç bir əlaqəsi yoxdur:

"Bu, həm ehtiyacdan doğur, həm maaşların təqaüdlərdən daha yüksək olması ilə əlaqədardır. Yəni təqaüdlər yüksək olsaydı, heç kim ömrünün yaşlı çağında özünə əziyyət verib işləməzdi. Təbii ki, pensiyaçıların işləməsi ehtiyacdan qaynaqlanr. Ölkəmizdə 900 minə yaxın insan büdcə təşkilatlarında muzdla çalışır. Onlar ümumiyyətlə, təqaüdə çıxmaq istəmirlər. Böyük əksəriyyəti sona qədər çalışmağa üstünlük verir. Çünki maaşları təqaüddən 2-3 dəfə çox olur. Əsas problemi burada axtarmaq lazımdır". 

Nigar Abdullayeva 
"Cebhe.info"