Psixoloq boşanmalardan danışdı: "Qadınlar ərlərindən tələb edirlər ki..."

Psixoloq boşanmalardan danışdı: "Qadınlar ərlərindən tələb edirlər ki..."

“Həddindən artıq çox vaxtı serial izləməklə keçirmək və serial asılılığı günümüzün ən aktual problemlərindən biridir”.

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, bu problemlər hər kəsdə müşahidə oluna bilər:

“Amma bu asılılığın və ya vərdişin insanlara necə təsir etdiyinə də baxmaq lazımdır. Əlbəttə ki, bu da şəxslərə görə dəyişə bilir. Yəni bu, hər kəsdə özünü eyni formada biruzə verə bilməz”.

Psixoloq qeyd edib ki, həddindən artıq serial izləməyin bir çox fəsadları ola bilir:

“Serial izləmək insanların iş rejiminə, zamanına, qidalanmasına, yuxu rejiminə və münasibətlərinə mənfi təsir göstərirsə, bunu asılılıq kimi dəyərləndirə bilərik. Həmçinin, serial izləməyin boşanmalara da təsiri olduğunu vurğulamaq lazımdır. Xüsusilə insanların seriallarda gördüyü şiddəti təqlid etməsi boşanmalara gətirib çıxarır. Çünki serialda gördükləri şiddəti normal qəbul edə bilirlər”.

Onun sözlərinə görə, bəzi xanımlar serialda gördükləri bahalı həyatı yaşamaq istəyirlər:

“Hətta həyat yoldaşlarından həmin həyatı yaşamağı tələb edirlər. Bu zamanda münasibətlərdə problem yaranır. Əgər kişinin maddi cəhətdən imkanı çatmırsa, ailədaxili münasibətlərdə problem get-gedə böyüyür. Bütün bunlar isə nəticədə boşanmalara gətirib çıxarır.

Həmçinin, serial izləməyin uşaqlara da mənfi təsiri olur. Uşaqların da çox serial izləməsi onlarda ünsiyyət problemi, depressiya və aqressiyanın yaradır.Uşaq üzərində yaranan problemlər də bəzən boşanmalara səbəb ola bilir”.

Elmir Mustafa
“Cebhe.info”