QHT "Evimiz-dəyərlərimiz" layihəsinin icrasını yekunlasdırdı

QHT "Evimiz-dəyərlərimiz" layihəsinin icrasını yekunlasdırdı

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında reallaşdırdığı "Evimiz-Dəyərlərimiz” layihəsini Bakı şəhəri Ə. Əliyev adına 204 saylı tam orta məktəbdəki sonuncu hissə ilə yekunlaşdırdı.

Şagirdlərin qeydiyyatının ardınca layihə iştirakçıları üçün artıq ənənəyə çevrilmiş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə yekun tədbir başladı. Sonra torpaqlarımızın bütövlüyü, azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.

Layıhənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB sədri Əli Cəfərov məktəb kollektivi və şagirdlərə bir daha layihənin əhəmiyyəti və həm 206 saylı, həm də 204 saylı tam orta məktəblərdə gedişiatı barədə təfsilatlı məlumatlar verdi, layihənin ailə dəyərlərimizin və sonucda dövləti dəyərlərimizin qorunmasına böyük töhfələr verəcəyinə inandığını bildirdi. Onun sözlərinə görə, belə qənaətə gəlməyinə səbəb xalqımızın gələcəyi olacaq məktəb şagirdlərinin “Evimiz – Dəyərlərimiz” layihəsinin gündəmə gətirdiyi hər bir detala həssas yanaşmaları olub. Bütün bunlar layihə rəhbəri kimi onu sevindirib və layihəyə Agentlik tərəfindən ayrılan kiçik həcmli qrantın, həmçinin layihə iştirakçılarının çəkdiyi zəhmətin hədər getmədiyi onu bu işlərə davam etdirməyə daha da ruhlandırırb.

Əli Cəfərov bütün bunlarla yanaşı, onu da təəssüflə xüsusi vurğuladı kı, "çağdaş dünyamızda gedən proseslər - qloballaşma, texnologiyanın inkişafı, xalqların, dövlətlərin qarşılıqlı inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin müsbət nəticələri ilə yanaşı, arzuolunmaz zərbələri də Azərbaycan ailəsindən yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına səbəb olur. Ona görə də biz mövcud, klassik ailə modelini möhkəmləndirməliyik ki, dövlətimiz də güclü olsun.

Bunun üçün iki məktəbdə gerçəkləşdirdiyimiz layihənin hər detalını media qurumları və sosial media vasitəsilə ölkəmiz boyu bütün məktəblilər üçün təkrar-təkrar ictimailəşdirdik. İctimailəşdirdik ki, xalqımızı yaşadacaq, ailə dəyərlərimizi qoruyacaq bu ümummilli məsələlər hər bölgəyə, hər evə qədər gedib çata bilsin. Onu da bilirik ki, yeni İKT-yə daha çox maraq göstərənlər belə mövzuları oxumağa çox da meyl etmirlər. Amma təbii ki, bizim bütün ölkə məktəblərində bu tədbirləri ayrıca keçirmək həm maliyyə, həm də fiziki baxımından imkanlarımız xaricindədir. Ona görə də müasir media vasitələri və sosial mediadan istifadə etməklə fikirlərimizi, ailə dəyərlərinin qorunmasının son dərəcə vacibliyini mümkün qədər daha geniş auditoriyalara çatdırmağı hədəfləyirik. Əlbəttə o yanaşma ilə ki, necə ki, Həsən bəy Zərdabi ilk milli mətbuatımız olan “Əkinçi”ni çap edəndə yazmışdı: “damcı ilə axan su mürur ilə çay daşını necə deşirsə, bizim yazdıqlarımızın da zamanla mütləq bir faydası olacaqdır”.

Layihə rəhbəri daha sonra Avropadan gələn yabançı parıltılara uymamalıyıq söyləyərək çıxışını klassik Azərbaycan filosofu Əli bəy Hüseynzadədən misal gətirməklə tamamladı: “Biz Avropaya inteqrasiya olunmalı, lakin avropalıların mədəsində həzm olunmamalıyıq. Oz milli-mənəvi dəyərlərimizi qoruyaraq gələcək nəsillərə ötürməliyik”.

Sonra Ə.Cəfərov sonuncu tədbirdə təlimdə iştirak edənlərə və inşa müsabiqəsində qalib gələn şagirdlərə həvəsləndirici sertfikatların təqdim ediləcəyini söylədi, tədbirlərin təşkilinə yardımçı olduqlarına görə 204 saylı tam orta məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Daha sonra təlimçi, politoloq Taleh Əliyev layihənin mahiyyəti haqqında bir daha məlumat verərək bildirdi ki, “ailə, ailəlilik hər bir insanın zənginliyidir. Əbəs yerə deyilmir kı, ailəni qurmaq deyil, onu qorumaq əsasdır. Hər bir insan özlüyündə fikirləşməli, özü özünə sual verməli və qərara gəlməlidir ki, ailə, ailə institutu nədir? Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük, dürüstlük əsasında qurulan isti bir yuvadır. Necəgəldi qurulan ailələrin sonu heç də yaxşı nəticələnmir. Cəmiyyətimiz də əsasən ənənəvi ailə modelinə üstünlük verilir. Bunun üçün keçmişdə qurulan ailələrdən çoxlu misallar göstərə bilərik. Orta və yaşlı nəslin nümayəndələri ata-analarımızın həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, ailəyə necə həssas yanaşaraq dəyər verdiklərini, adi problemləri böyütmədiklərini xatırlayırıq. Əslində biz ətrafımızda baş verən bu tipli olayları təhlil etsək, bunun daha doğru variant olduğunu görə bilərik.

Taleh müəllimin qısa çıxışından sonra sertifikatların təqdimat törəni başladı. Şagirdlərə sertifikatları təqdim etmək üçün səhnəyə 204 saylı tam orta məktəbin direktoru Rafael Mehdiyev dəvət edildi. Rafael müəllim layihə rəhbərinə “Evimiz-Dəyərlərimiz” layihəsinin həyata keçirilməsi üçün onların məktəbinə seçdiyinə görə öz təsəkkürünü bildirdi.

Öncə inşa müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edildi, sonra isə debatda istirak edən sagirdlər bir-bir səhnəyə dəvət edildi. “Evimiz – Dəyərlərimiz” layihəsi belə bir xoş ovqatla və alqışların müşayiəti ilə başa çatdı.

Tədbirdə foto və video çəklişlər aparıldı.

“Cebheinfo.az”