Qocalar evində yaşayanların pensiyasını kim alır? - RƏSMİ

Qocalar evində yaşayanların pensiyasını kim alır? - RƏSMİ

Qocalar evi yaşlı insanları daimi yaşayış yeri ilə təmin edən dövlət və ya özəl təşkilatdır.

Burada insanlar həyati vacib olan təminat xidmətləri ilə təmin olunur. Qocalar evi daxilində yaşlı insanlar birlikdə vaxt keçirə, söhbət edə, gəzə və əylənə bilərlər. Maraqlıdır ki, Azərbaycanda şəxsi qocalar evinə hansı qaydada yerləşmək olur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

“Müəssisədə hazırda 200-dən çox ahıl şəxs dövlət himayəsində yaşayır. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur". 

Qeyd olunub ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir:

"Burada onlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir. Müəssisəyə qəbul olunmaq üçün müraciətlər Agentliyin regional filialları və ya "DOST" mərkəzləri tərəfindən qəbul edilir. Müəssisədə olan sakinlərin təqaüd və müavinət kartları şəxslərin özlərində olur". 

Hüquqşünas Əsabəli Mustafayev isə bildirib ki, xaricdə özəl sektorda da müxtəlif təşkilatların nəzdində özəl qocalar evləri fəaliyyət göstərir:

"Bizdə isə dövlət tabeliyində olan qocalar evi var. Qocalar evinə qəbul zamanı yer olmaqdıqda növbə gözləmək lazımdır. Qocalar evinə yerləşmək istəyən şəxslər mütləq tibbi və psixoloji müayinədən keçməlidir". 

Ləman İsmayıl 
"Cebhe.info"