“Şahdəniz”ə ötən il 3 mlrd. dollardan çox vəsait xərclənib

“Şahdəniz”ə ötən il 3 mlrd. dollardan çox vəsait xərclənib

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 194 milyon dollar əməliyyat xərcləri və təxminən 892 milyon dollar əsaslı xərclər çəkilib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair 2023-cü ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

“İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.

Məlumata görə, 2023-cü ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir.

Bildirilir ki, 2023-cü ildə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından 2024-cü ilin əvvəllərinə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

Layihə çərçivəsində şərq-şimal cinahında bütün sistemin istismar üçün təhvil verilməsi başa çatdırılıb. Hazırda bu cinahın EN03 quyusunun tamamlama əməliyyatları, həmçinin sualtı və təhvilvermə işləri üzrə fəaliyyətlər davam edir.

“İl ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. “İstiqlal” qazma qurğusu SDF03z quyusunun təkrar tamamlama işlərini və SDF05 quyusunun tamamlama işlərini bitirilib”, - hesabatda deyilir.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

"Cebhe.info"