Sürücülərin yeni oyunu: Ünvanda onları polis gözləyə bilər

Sürücülərin yeni oyunu: Ünvanda onları polis gözləyə bilər

Sürücülər taksilərlə bağlı qəbul olunan qərardan yan keçmək üçün müxtəlif üsullardan istifadə edirlər.

Sosial şəbəkələrdə yazılanlara görə, sürücülər taksi kimi yeni avtomobili qeydiyyatdan keçirir, lakin ünvana gedən avtomobil tamam başqa, yəni köhnə, istismarı qadağan edilmiş avtomobil olur. Görünür, taksi sürücüləri hər vəziyyətdən bir çıxış yolu tapırlar. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, belə hallar varsa, bu, artıq inzibati məsuliyyət yaradır:

“Yəni iyun ayının 1-dən sonra bu cür sürücülərlə qarşı reydlər aparılacaq. Bunun nəticəsində də onlar barəsində tədbir görüləcək. Qanunsuz taksi fəaliyyəti göstərdiklərinə görə 40-50 manat cərimə olunacaqlar. Bunu bütün sürücülər bilsinlər, qanuni qaydada çalışsınlar”.

Ekspert vurğulayıb ki, bəzi taski sürücüləri bu cür “gözəl” ideaya sahib olsalar da, onlara qarşı ciddi tədbir görülücəyini unutmasınlar:

“Əslində ideya olaraq maraqlıdır.

Amma bilsinlər ki, onun cəriməsi də, cəzası da var. Buna yol polisi əməkdaşları nəzarət edəcək. Yəni belə halları aşkar etmək üçün DYP əməkdaşları özləri taksi sifariş verə bilərlər və sürücü gəlib gözləmədiyi halda nəqliyyat müfəttişi ilə və yaxud da polislə qarşılaşa bilər. Belə olarsa, elə yerində də onun barəsində cərimə tətbiq olunacaq. 

Yəni sürücünün bir günlük  qazancı hər halda 40-50 manat olmur, ona görə bununla bağlı risk eləməyə dəyməz”. 

Ekspert qeyd edib ki, bu addımı atmaq istəyən sürücülər bir daha düşünsünlər, götür- qoy etsinlər ki, bu hallar onlara problemlər yaşada bilər. 

Digər nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, taksilərlə bağlı tənzimləmələr həyata keçirilir, ancaq bu zaman problemlər ortaya çıxır:

“Avtomobillərin il məhdudiyyətinin tətbiqindən yayınmaq, dolayısıyla qaçmaq istəyənlər taksilərini yeniləyə bilməyənlərdir. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, insanlar belə tənzimləmələrə hazır deyil. Mən maddi cəhəti nəzərdə tuturam. O cümlədən, müvafıq olaraq nəqliyyat vasitələrinin istismarında baş verə biləcək hər hansı bir nöqsanı aradan qaldıra bilməmək kimi məsələlər də var”. 

Ekspert qeyd edib ki, taksi kimi istismara yaramayan avtomobillərin sığortalanması, utilizasiyası və müəyyən qədər kompensasiya ilə təmini həyata keçirilməlidir: 

“Sürücülərin taksi fəaliyyəti ilə məşğul olması üçün əsas addımlardan biri sığortalanma və yaxud avtomobillərinin dəyişdirilməsi üçün xüsusi dövlət proqramının qəbulu ola bilər”. 

Həsən Məmmədov 
“Cebhe.info”