Taksilərdə nağd pul dövrü qapanır: “İşbazlar bunun da yolunu tapacaqlar...”

Taksilərdə nağd pul dövrü qapanır: “İşbazlar bunun da yolunu tapacaqlar...”

Azərbaycanda taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb. Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. 

Maraqlıdır, taksilərdə POS-terminal quraşdırıldığı halda nagd öndənişlər tamamilə ləğv ediləcək? 

Mövzu ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya bildirib ki, taksilərdə nağdsız ödəniş qaydaları, yəni POS-terminalın quruşdırılması yalnız nağdsız ödənişin olacağı anlamına gəlmir:

“Taksidən istifadə edən sərnişinlər ödənişlərini nağd və nağdsız olmaqla həyata keçirə bilərlər. Lakin vergidən yayınmağa çalışan işbazlar onun da bir çarəsini tapacaqlar.

Belə ki, “POS- terminal işləmir” deyərək kartdan karta atmaq variantını təklif edə bilərlər. Ancaq bu əməl qanunsuz hesab olunur. Elə olan halda məsuliyyət vətəndaşın üzərində deyil, sürücünün və sahibkarın üzərində olacaq”. 

Ekpsert qeyd edib ki, taksilərə POS- terminalın quraşdırılması dünyanın bir çox inkişaf etmiş ölkələrində var:

“Azərbaycanda taksilərdə əvvəllər kartla ödəniş edəndə sürücü sifarişi ləğv edirdi. Lakin hazırda taksilərə POS- terminalın quraşdırılması bu problemin qarşısını alacaq. Həm müsbət addımdır, bu praktikadan çoxdan istifadə etmək lazım idi”. 

Həsən Məmmədov 
“Cebhe.info”