Tələbələr "TələbəPlus" kartlarından niyə istifadə edə bilmirlər?

Tələbələr "TələbəPlus" kartlarından niyə istifadə edə bilmirlər?

Ölkədə təhsil alan tələbələrə artıq bir müddətdir ki, “TələbəPlus” kartları verilib.

Həmin kartlar tələbələrə bir sıra imtiyazlar verir. Ancaq həmin imtiyazların verildiyi  mağazalarda, əyləncə mərkəzlərində qiymətlər çox yüksəkdir və tələbə üçün əlçatan deyil. Yəni bu zaman həmin kartlar demək olar ki, heç bir rol oynamır. 

Həmin məkanlarda olan məhsulların qiyməti o qədər bahadır ki, tələbə üçün əlverişsizdir. Bu, kartlarda elə məkanlar öz əksini tapıb ki, tələbənin cibinə uyğun deyil. Tələbələr bu səbəblərlə bağlı kartdan istifadə edə bilmir, narazılıqlarını bildirirlər.

Niyə həmin kartlarda tələbə üçün əlçatan və qiyməti münasib olan mağazalar, restoranlar, əyləncə mərkəzləri öz əksini tapmır, əksinə onlar məşhur firma dükanlara, bahalı məkanlara yönəldirilirlər? 

Məsələ ilə bağlı Təhsilin İnkişafı Fondundan “Cebheinfo.az”a bildirilib ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir: 

“Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. 

Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir. 

Layihəyə 300-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər ediləcək. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. 

Layihə çərçivəsində, həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Park Bulvar AVM ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Nəqliyyatla bağlı tez-tez suallar daxil olur, bununla bağlı deyə bilərik ki, bu Təhsilin İnkişafı Fondu və Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Müvafiq qurumlarla danışıqlar aparılır. 

Bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə rəsmi açıqlama veriləcək. Bildiririk ki, Təhsilin İnkişafı Fondu “TələbəPlus”a daha çox tərəfdaşın qoşulması üçün öz təşəbbüsü ilə yerli və beynəlxalq şirkətlərlə gündəlik görüşlər həyata keçirir.

Tələbələrin istəklərinə uyğun, xüsusilə tələbələrin aktiv istifadə etdiyi məkanlar (dəftərxana və kitab, geyim mağazaları, kinoteatr, kafe və restoranlar, təlim və sağlamlıq mərkəzləri) ilə əmakdaşlığa xüsusi önəm verilir. Lakin bu şirkətlərlə yanaşı Fonda müraciət edən digər özəl müəssisələri də bu proqrama qoşulmasında heç bir maneə yoxdur və Fond hər seqmentdən olan iaşə müəssisələrinin müraciətlərini qəbul edir. 

Endirim verən müəssisələrlə bağlı müvafiq məlumatı “TələbəPlus”-ın sosial şəbəkələrindən əldə etmək mümkündür. Bütün bunları əlbəttə ki, Fondun tək etməsi mümkün deyil, burada medianın xüsusi dəstəyi, dövlət-özəl tərəfdaşlığının önəmi, sahibkarların bu prosesdə maraq göstərməsi, təşəbbüsə qoşulması istəyi önəmlidir. 

Təhsilin İnkişafı Fondu hər bir dövlət və özəl şirkət ilə bu prosesdə əməkdaşlıq etməyə açıqdır. Layihəhə başlamazdan öncə tələbələr arasında anket sorğusu və müsahibə keçirilib. Biz indidə sosial media hesablarında sorğular keçirərək tələbələrin fikir və istəkləri ilə maraqlanıb, bu istiqamətdə müxtəlif müəssisələrlə görüşlər keçiririk.

Əməkdaşlıq etdiyimiz şirkətlərin tələbəyönümlü olmasına çalışırıq. Əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir. 

Onu da bildirmək istərdik ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də (təxminən 70 000 nəfər) bu layihədən yararlanması nəzərdə tutulur”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”