Xərçəng yaradan məhsul: Azərbaycanda qadağan ediləcək?
Kaliforniya Universitetinin alimləri ənənəvi siqaretlərin ürəyin fəaliyyətinə mənfi təsir göstərdiyini, elektron buxarlandırıcıların isə qan damarlarına daha çox zərər verdiyini müəyyən ediblər.
Tədqiqatın nəticələri “Journal of American Heart Association” (JAHA) jurnalında dərc olunub. Təcrübənin bir hissəsi olaraq, alimlər 117 sağlam yetkin dişi və erkək siçovulları təmizlənmiş havaya, nikotinsiz elektron siqaret buxarına, ənənəvi tütün tüstüsünə və nikotin buxarına məruz qoyublar. Sonra tədqiqatçılar sol mədəciyin (ürəyin kameralarından biri) funksiyasını və hər bir heyvanın damarlarının vəziyyətini qiymətləndiriblər.
Nəticələr göstərib ki, tərkibində nikotin olan elektron siqaretlər damar sağlamlığına və sol mədəciyin arterial sistemlə qarşılıqlı əlaqəsinə mənfi təsir göstərir. Həmçinin ənənəvi siqaretlərin sol mədəciyin daralma qabiliyyətini daha çox pisləşdirdiyi də aşkarlanıb.
Artıq Misir, İordaniya, Oman, Qətər kimi müsəlman ölkələrində isə elektron siqaret haram hesab edilərək qadağan olunub. Daah sonar bu siyahıya Türkiyə və Qazaxıstan da əlavə olunub. Elektron siqaretin marketinqi hazırda əsasən internet və sosial şəbəkələr vasitəsilə edilir.
Elektron siqaret Azərbaycanda qadağan deyil və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəmizə idxal olunur.
Maraqlıdır, ölkəmizdə də istifadəsi geniş yayılmış elektron siqaretlərin satışının qadağan edilməsi mümkündürmü?
"Cebheinfo.az"-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib ki, ümumiyyətlə, bütün siqaret növləri orqanizm üçün ziyanlıdır:
"Siqaret qanı qatılaşdırır, ürəyə ziyan vurur, infarkt və insult halı yaradır, əsəb və gərginliyə səbəb olur. Onsuz da oksigen çatışmır, bir tərəfdən də siqaret çəkən insanlar nəfəslə zəhərlənirlər. Mən insanları başa düşmürəm, cibindən pul verir ki, qanını zəhərləsin, tromb yaratsın, damarlarını zədələsin.
Elektron siqaret də eyni təsirə malikdir. O, hətta dodaqların bədxassəli şişini yaradır. Buna görə də çalışmaq lazımdır ki, həm elektron, həm digər siqaret növlərindən uzaq dursunlar”.
Ekspert deyib ki, elektron siqaretin satışının məhdudlaşdırılması hökumətin öhdəliyində olan məsələdir:
“Əlbəttə, insanları bu zəhərdən xilas etmək üçün mütləq bəzi tədbirlər həyata keçirilməlidir".
Naibə
"Cebheinfo.az"