XİN həbs olunan gənclə bağlı İrandan nə istəyib? - Anası danışdı

XİN həbs olunan gənclə bağlı İrandan nə istəyib? - Anası danışdı

“İranda saxlanılan oğlum Fəridlə görüşmək üçün Xarici İşlər Nazirliyinə müraciət etmişəm. Azərbaycan Xarici İşlər Nazirliyi Fəridlə görüşmək istəyimi qarşı tərəfə bildirib. Hələlik bir məlumat yoxdur”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında üç ay əvvəl İrana səfər edən və qarşı tərəfinin açıqlamasına görə casusluq ittihamı ilə saxlanılan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. Lakin Dilarə Əsgərova hələ də bir məlumatın olmadığını bildirib:

“Oğlumla danışmaq üçün telefon nömrəm də verilib, hələ danışdırmayıblar. Yenidən müraciətimlə bağlı bir yenilik, bizim İranda vəkillə təmin olunub-olunmamamıza dair heç bir məlumat yoxdur”.

Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, çoxsaylı müraciətlərdən sonra İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Nazirlik nümayəndəsi məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, yaxın zamanlarda Azərbaycanın Təbrizdəki Baş konsulluğu tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görüldüyünü deyib.

Bununla yanaşı, ötən həftə Fərid Səfərlinin anası Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub şəklində müraciət ünvanlayaraq, Fəridin İranda müdafiəsiz ittiham olunduğunu qeyd edib. O, ölkə başçısından Fəridin vəkillə təmin olunması, oğluyla görüşməsinə imkan yaradılması üçün tapşırıq verilməsini xahiş edib.

Günay Şahmar
Cebhe.info