Yüksək bal toplayan müəllimlərə vəzifə veriləcək: “Beşqat maaş verək, amma...”

Yüksək bal toplayan müəllimlərə vəzifə veriləcək: “Beşqat maaş verək, amma...”

“Direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, sertifikasiyadan uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin göstəriciləri gələcəkdə direktor, direktor müavinlərinin işə qəbulu zamanı nəzərə alınacaq. 

Qeyd edək ki, hazırda direktorların işə qəbulu test imtahanları əsasında aparılır. 

Direktorların işə götürülməsində yeni yanaşma dedikdə, nə nəzərəd tutulur? 

Sertifikasiyadan uğurla keçən müəllimlər məktəbə rəhbər təyi oluna bilər? 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirdi ki, sertifiksiyanın nəticələrinə görə, ümumtəhsil məktəbinin rəhbəri təyin olunmaq yalnış addımdır: 

“Bu, idarəetmə sahəsində qeyri-peşəkarlıqdır. Sertifikasiya nəticələrinə görə peşəkarlıq səviyyəsi müəyyən edilə bilər. Əgər çox istəyiriksə, sertifikasiyada yaxşı nəticə göstərənlərə üçqat, beşqat əməkhaqqı verək. Yaxşı müəllim olmaq hələ yaxşı rəhbər olmaq demək deyil. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ona görə görə belə fikir bildirir ki, insanlar təhsil adamı deyillər.

Artıq 10-15 ildir təhsil sistemindədirlər, hələ də təhsildən anlayışları yoxdur. Rəhbərlik genetik xüsusiyyətdir və onu üzə çıxara bilmirsən. Ona görə də 10 il ərzində təyin etdikləri minlərlə rəhbərin ən azı yarısı təyin olunduğu məktəbi məhvə doğru sürükləyib. Bundan artıq açıqlama gözləmirəm. Çünki təhsil təhsil adamlarının işidir. Ali təhsilli kimi başqa dövlət qurumlarında işləmək olar. Ancaq təhsil və səhiyyə fərqli sahədir. 

Məsələn, cərrah təyin edilir, ancaq o, pedaqoji ixtisası bitirib və xəstəxanada cərrahiyyə əməliyyatı aparmağa başlayır. Necə olacaq? Eyni vəziyyət də bu gün təhsildədir. Bəli, çox tərbiyəli, çox gözəl insanlardır, millətimizin övladlarıdır, ancaq təhsildən anlayışları yoxdur”. 

O qeyd edib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bir il ərzində 170 imtahan keçirir:

“Ancaq təhsilin məzmunu, metodologiyası ilə bağlı 1 tədbir də keçirilməyib. Çünki gördükləri ancaq imtahanlardır. Yəni imtahanların formasını necə dəyişək ki, düşündüyümüz insanları vəzifəyə təyin edə bilək. Təəssüfedici haldır. Yəni məntiqi nəticədir. Çünki insanlar təhsildə rəhbərliyi imtahanlarla ölçürlər. Ancaq özləri hansı imtahanlarda iştirak ediblər? Bir dəfə də olsa dövlət qulluğuna qəbul imtahanında iştirak etməyiblər. Nəticə göz qabağındadır. Özləri bir dəfə də imtahan verməyən insanlar bütün sistemi imtahanla idarə etməyə çalışırlar.

Ümumtəhsil və məktəbəqədər təhsilin faciəvi sonluğu odur ki, sosial narazılığı artırırlar. Ən yaxşı yol imtahanlar yox, təhsilə bağlı olan insanları bu sisteminin idarəedilməsinə gətirməkdir. Qanun peşəkarlıq səviyyəsini müəyyənləşdirməyi tələb edir. Yaxşı bir müəllimi müəssisə rəhbəri təyin edəndə, yaxşı bir müəllimi itirəcəksən. Necə ki, iqtisadçını, aqronomu, baytarı, müəllimi reanimasiya şöbəsində cərrah qoyarsan, bu gün təhsildə də eyni vəziyyətdir”. 

Nigar Abdullayeva 
“Cebhe.info”