Yüz minlərlə sakini düşündürən məsələ: Bu evlərə “kupça” verilməyəcək

Yüz minlərlə sakini düşündürən məsələ: Bu evlərə “kupça” verilməyəcək

Azərbaycanda Sovet İttifaqı dövründə və müstəqilliyin ilk illərində özbaşına inşa edilən, sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırılaraq qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov jurnalistlərə açıqlamasında deyib. Məlumdur ki, bu gün ölkədə sənədləşdirilməsi mümkün olmayan qeydiyyatsız evlər var. Həmin evlərin əsasən elektrik naqillərinə, qaz xəttinə, neft buruqlarına yaxın ərazilərdə inşa edildiyi barədə fikirlər səslənir. Sənədləşdirilməsi mümkün olmayan evlərin qeydiyyata alınması mümkün olacaqmı? 

Əmlak eksperti Nüsrət İbrahimov “Cebhe.info”-ya bildirib ki, sənədləşdirilməmiş kiçik fərdi yaşayış evləri Bakı şəhərində daha çoxdur:

“Belə evlər əsasən “Xutor”, “Sovetski”, “Kubinka”, “Badamdar”da və bunaoxşar sahələrdə yerləşir. Eləcə də kənd və qəsəbələrdə olan bəzi evlər nəzərdə tutlur. Çünki sovet dövründə tikilən çoxmənzilli yaşayış binalarının hamısı sənədləşdirilib. Sənədləşdirilməyənlər Abşeronda, Bakı şəhərində olanlardır. Regonlarda kənd və qəsəbələrdə də elə evlər var ki, bu günə qədər sənədləşdirilməyib. Ümumiyyətlə, heç bir sənədi yoxdur, ya da “kənd soveti” adlandırdığımız icra nümayəndəliyindən, yaxud digər qurumdan müəyyən bir sənədi var. 

Ancaq sonra sənədləşmə aparılmayıb. Yəni əllərində xüsusi mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Sovet dövründə elektrik naqillərinin altında ev tikməyə icazə vermirdilər. Əsasən həmin dövrdə şəhərin içərisində və regionlarda, kolxoz və sovxozlarda, rayon mərkəzlərində belə evlər var idi ki, bu günə qədər sənədləşmə aparılmayıb”. 

Ekspert bildirib ki, sənədləşməsi mümkün olmayan evlərə sənəd vermək mümkündür:

“Ancaq hamısına yox. Mühafizə zolağında, dövlət əhəmiyyətli layihələr nəzərdə tutulan ərazilərdə yerləşməyiblərsə, şəhərsalma norma və qaydalarına uyğun tikilənlərin sənədləşdirilməsi mümkündür. Hesab edirəm ki, o cür fərdi yaşayış evlərinin sənədləşməsi aparılacaq. Ümumiyyətlə, Bakı şəhərində ötən ilin hesablamalarına görə, təxminən 440 min sənədsiz, çıxarışı olmayan ev var idi. Sənədləşdirilməsi mümkün olmayan evlərin isə bizdə statistikası yoxdur. O barədə yəqin ki, ərazilər üzrə bələdiyyələrdə məlumat olur. Digər qurumlarda inanmıram ki, elə bir sənəd olsun”. 

Nigar Abdullayeva 
“Cebhe.info”