ABŞ və Fransaya qarşı dördlük: Azərbaycan da “savaşa” qoşulur 

ABŞ və Fransaya qarşı dördlük: Azərbaycan da “savaşa” qoşulur 

“Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycan, Ermənistan və Rusiya liderləri ilə dördtərəfli görüşün keçirilməsini təklif etməsi hazırda dünyada cərəyan edən geosiyasi proseslər fonunda bəzi ölkələrin, xüsusilə ABŞ və Fransanın Cənubi Qafqazda geosiyasi şəraiti dəyişmək cəhdlərinin qarşısını almağa hesablanıb”.

Bu sözləri tarix elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə Cebhe.info-ya açıqlamasında Rəcəp Tayyip Ərdoğanın Cənubi Qafqazdakı proseslərin nizamlanması üçün Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında dördtərəfli görüşün keçirilməsi ilə bağlı təklifinin baş tutması ehtimalını şərh edərkən bildirib.

O deyib ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması region dövlətlərinin, əsasən də Rusiya və Türkiyənin regionda mübahisə doğuran məsələlər üzərində ortaq razılaşmasından asılıdır:

“Əgər bu regionda Moskva və Ankara arasında ciddi yaxınlaşma müşahidə olunursa, bu, bir çox məsələlərin qarşılıqlı şəkildə həllinə gətirib çıxara bilər. Xüsusilə vurğulamaq lazımdır ki, bu, regionda Türkiyənin təsir imkanlarının artması sülh və sabitliyin təmininə xidmət edəcək. Ərdoğanın dördtərəfli görüşlə bağlı təklifini dəyərləndirərkən, mütləq şəkildə Türkiyənin bu məsələdə məqsədlərinə diqqət yetirmək lazımdır. Məlumdur ki, dünyanın geosiyasi maraq nöqtəsi tədricən Yaxın Şərqdən Cənubi Qafqaz və Mərkəzi Asiyaya doğru dəyişməkdədir.

Türkiyə həm də Türk Birliyinin yaradılması istiqamətində addımlar atır. Həqiqətən Ankara türk dünyasını qlobal dünyada güc mərkəzinə çevirmək marağı güdür. Bildiyimiz kimi, türk dünyasının böyük bir hissəsi Mərkəzi Asiyada yerləşir. Cənubi Qafqaz regionu isə Türkiyənin Mərkəzi Asiyaya keçidi üçün əlverişli imkanlar yarada bilər. Çox yaxşı bilirik ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə və Rusiyanın iştirakı ilə regionda yeni siyasi konfiqurasiya irəli sürülüb.

Bu, o deməkdir ki, region ölkələrinin liderləri problemlərin yalnız region ölkələrinin iştiraki ilə həllinin tərəfdarıdırlar. Rusiyanın dünyada təklənməyə məruz qaldığı şəraitdə Türkiyəyə və digər türk dövlətlərinə ehtiyacı artır. Rusiyada indiki hakimiyyət daha çox öz geosiyasi maraqlarını “Avrasiyaçılıq” nəzəriyyəsi baxımından təmin etməyə çalışır. Moskvanın “Avrasiyaçılıq” nəzəriyyəsinin gerçəkləşməsi türk ölkələrinin iştirakı olmadan mümkün deyil. Buna görə də Rusiya hakimiyyəti öz nəzəriyyəsini Slavyan-Türk İttifaqı çərçivəsində həyata keçirmək istəyir”.

Ekspert əlavə edib ki, indiki şəraitdə digər güc mərkəzlərinin Cənubi Qafqaza daxil olması Rusiyanın maraqlarına cavab vermir:

“Eyni zamanda Türkiyənin dövlət rəhbəri onu da nəzərə alıb ki, Rusiya Cənubi Qafqazı özünün təhlükəsiz zonası hesab edir. Hələ ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanları qalmaqdadır”.

Nikol Paşinyan və Vladimir Putinin Ərdoğanın təklifinə münasibəti ilə bağlı suala cavablandırarkən E.Kəlbizadə bunun Moskva tərəfindən düzgün dəyərləndiriləcəyini bildirib:

“Hazırda istənilən formatda keçirilən görüşlər Rusiya hakimiyyətinə o səbəbə lazımdır ki, Moskvanın dünyadan tam təcrid olunmadağını və hələ də güc sahibi olduğunu mesajını çatdırsın. Bununla bərabər, Rusiyanın dövlət rəhbərliyi başa düşür ki, Moskva digər güc mərkəzlərinin Cənubi Qafqazdakı siyasi proseslərə müdaxiləsinin qarşısını almaq üçün Türkiyə ilə bərabər hərəkət etməlidir.

Bu məsələdə Ankara və Moskvanın mövqeyi üst-üstə düşür. Paşinyanın son dövrlərdəki davranışları və açıqlamaları, o cümlədən Ermənistan-Rusiya münasibətlərində yaşanan gərginlik və İrəvanın müəyyən qədər NATO-ya tərəf meyillənməsi onun deməyə əsas verir ki, o, bu təklifə ilkin olaraq tərəddüdlə yanaşa bilər. Amma reallığa baxanda Paşinyanın özü də başa düşür ki, Ermənistanın Rusiya və Türkiyənin təklifləri ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Əgər belə bir görüş baş tutarsa, böyük ehtimalla Paşinyan da həmin görüşdə iştirak edəcək”.

Dördtərəfli görüşün yaxın zamanda baş tutması ehtimalına gəlincə, politoloq qeyd edib ki, belə görüşlərin keçirilməsi ilk növbədə diplomatik kanallar vasitəsi ilə razılaşdırılır:

“Həmin görüşlərdə tərəflər arasında hansı məsələlərin müzakirə olunacağı ilə bağlı ilkin razılaşma əldə olunur. Eyni zamanda, görüşün tarixinin və məkanının müəyyənləşdirilməsi barədə tərəflər qarşılıqlı razılaşmaya gəlməlidir. Hər halda mümkündür ki, yaxın zamanda belə bir görüş baş tutsun”.

Politoloq vurğulayıb ki, dördtərəfli çərçivədə keçiriləcək görüşlər Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına çox müsbət təsir göstərəcək:

“Yuxarıda qeyd etdiyim kimi, Cənubi Qafqazda Rusiya və Türkiyənin mövqelərinin yaxınlaması regiona yalnız sülh və sabitlik gətirə bilər. Müxtəlif dövrlərdə buna şahidi olmuşuq”.

E.Kəlbizadə İranın da bu kimi görüşlərə ehtiva olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib:

“Təbii ki, Tehran da Moskva kimi düşünür ki, Cənubi Qafqazdakı problemlər yalnız region ölkələri tərəfindən həll olunmalıdır. Bildiyimiz kimi, hazırda Ermənistan və ABŞ-ın bir-birinə yaxınlaşması İranı kifayət qədər narahat edir. Bu baxımdan Tehran Ermənistan üzərində təzyiqlərini artırmağa çalışacaq. Tehran, həqiqətən Cənubi Qafqazda hazırki proseslərdən kənar qalmaq istəmir. Dördtərəfli görüşlərin baş tutacağı təqdirdə Tehran burada iştirak etmək üçün maraqlı tərəfli kimi görünə bilər.

Əslində Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın dördtərəfli görüşün keçirilməsi ilə bağlı təklifi 44 günlük Vətən müharibəsindən sonra irəli sürülün “3+3” formatının nisbətən kiçidilmiş formasına bənzəyir. Hesab edirəm ki, ilkin mərhələdə müzakirələrin keçirilməsi üçün dörd tərəf toplana bilər. Sonradan bu görüş formatının genişlənib-genişlənməyəcəyi artıq dördtərəfli çərçivədə keçiriləcək ilk görüşdən bəlli olacaq”.

Yunis Abdullayev
Cebhe.info