Azərbaycan Brüssel danışıqlarına daha güclü gedir

Azərbaycan Brüssel danışıqlarına daha güclü gedir

Ermənistan ordusunun Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat hər iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda apardıqları danışıqlardan sonra yaranmış sülh atmosferinə ciddi zərbə vura bilər.

ümumiyyətlə, may ayı əvvəldən sona qədər danışıqlar platforması üçün kifayət qədər fəal görünür. Vaşinqtondan sonra mayın 14-də Avropa İttifaqı Siyasi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü nəzərdə tutulub. Mayın 19-da isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı və ermənistanlı həmkarı Ceyhun Bayramovla Mirzoyanı bir araya gətirəcək. İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Şarl Mişelin təşkilatçılığı ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyan arasında növbəti müzakirələrin keçirilməsi razılaşdırılıb.

Son vaxtlar Azərbaycan-Ermənistan danışıqlarına münasibətdə eyni mövqe nümayiş etdirən Avropa İttifaqı may ayının sonuna qədər prosesi yekunlaşdırmaq və Kişinyov görüşündə sülh sazişinin mətninin razılaşdırılmasına çalışır. Diplomatik müstəvidə Qərbin fəallığının artmasından narahat olan Rusiya isə daha çox təşəbbüsü ələ almağa çalışır. Qərbin vasitəçiliyinin əleyhinə olduğunu açıq bəyan edən rəsmi Moskvanın vəziyyəti öz xeyrinə dəyişmək üçün sülh prosesinə töhfə verəcək hər hansı yeni təklifi yoxdur. Sülhməramlı qüvvələrin komandanı Lentsovun terrorçu rejimin Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış və gömrük-keçid məntəqələrini ləğv etmək təklifini dəstəkləməsi, mayın 9-da Xankəndidə Ruben Vardanyanın iştirakı ilə separatçı mitinqin keçirilməsi və iki gün sonra Kəlbəcər istiqamətində atəşkəsin pozulması Rusiyanın Brüssel danışıqları öncəsi Azərbaycana təzyiqləri artırmaq və prosesi pozmaq cəhdindən xəbər verir.

Ermənistanın bu “oyun”da iştirakı isə Vaşinqton görüşündə irəli sürdüyü və Azərbaycan tərəfinin razılıq vermədiyi şərtləri güc yolu ilə sülh gündəliyinə daxil etdirmək niyyəti kimi başa düşülə bilər. Söhbət Ermənistan ərazisinin 1991-ci ildə 29.800 kv.km. əraziyə malik olduğunu və bu təklifin Azərbaycan tərəfindən qeyd-şərtsiz tanınmasını istəyir. Ermənistanın sərhəddən hücuma keçməsi də Azərbaycan ordusunun nəzarətində olan yüksəklikləri ələ keçirmək və öz ərazisi kimi tanınmasına nail olmaqdır. Paşinyan hakimiyyəti 29,800 kilometr ərazi məsələsini gündəmə gətirməklə sərhədlərin delimitasiyası və demarkasiyasından yayınmağa, həmçinin işğal altında saxladığı səkkiz kəndin ilhaqını rəsmiləşdirmək məqsədi güdür.

İkincisi, rəsmi İrəvan Azərbaycandan Qarabağdakı separatçı rejimlə təmasları beynəlxalq danışıqlar müstəvisinə keçirməyi tələb edir. Təbii ki, bunlar Azərbaycan üçün heç bir halda qəbul edilə bilməz. Paşinyanın sərhəddəki gərginliyə baxmayaraq, Brüsselə gedəcəyi barədə açıqlaması Ermənistanın danışıqlarda əlini gücləndirmək niyyətindən xəbər verir. Ancaq bu Ermənistan üçün kifayət qədər riskli addımdır. Hərbi əməliyyatlarda Azərbaycan Ordusunun Ermənistan tərəfinə ağır zərbələr endirməsi Paşinyanı danışıqlarda kapitulyant duruma sala bilər. Ukrayna cəbhəsində vəziyyəti ağırlaşan Rusiya Ermənistana hərbi dəstək verməyəcək.

Son zamanlar reytinqi aşağı düşən Paşinyanın Azərbaycan qarşısında diplomatik məğlubiyyəti Ermənistanı iddialı tələblərindən geri çəkilməyə vadar edə bilər.

Politoloq Xaqani Cəfərli “Cümhuriyət”-ə bildirib ki, Cənubi Qafqaz regionunda artan qarşıdurma Azərbaycanla Ermənistan arasındakı danışıqlara da təsir göstərir. Lakin Rusiyanın törətdiyi təxribatlar ciddi nəticə verməyəcək:

“Şərqi Avropadan sonra Cənubi Qafqaz uğrunda ABŞ, Avropa və Rusiya arasında həlledici mübarizə başlayıb. Bu prosesdə ABŞ-ın ayrı, Avropa İttifaqının ayrı, Fransanın başqa, Rusiyanın isə tam fərqli maraqları var. Hazırda Cənubi Qafqaz uğrunda həlledici mübarizənin başlanğıc mərhələsini yaşayırıq. Ona görə də regionda öz təsirini artıqmaq istəyən dövlətlər münaqişələr üzərindən hərəkət edir. Çünki regiondakı proseslərə təsir etməyin ən asan yolu münaqişələri idarə etmək və ya onları söndürməklə bağlıdır. Hazırda baş verən hadisələrə də bu kontekstdən baxmaq lazımdır. Bu mübarizə kəskinləşdikcə hərbi toqquşmanın miqyası artaraq daha kəskin xarakter ala bilər”.

Qeyd edək ki, Ermənistan ordusunun hücumu zamanı İran istehsalı olan zərbə dronlarından istifadə etdiyinə dair məlumatlar var. Bu baxımdan, təxribatın arxasında İranın dayanması ehtimalı da gündəmə gəlib. Xaqani Cəfərli hesab edir ki, baş vermiş eskalasiya Rusiyadan idarə olunur. İran isə bu prosesdə Rusiyanın sifarişi ilə hərəkət edir:

“Ermənistan hakimiyyəti bütün ölkəyə nəzarət edə bilmir. Paşinyan xalqın dəvəti ilə iqtidara gəlsə də, hərbi bürokratiyaya nəzarət edə bilmir. Digər tərəfdən, Rusiyanın Ermənistanda “5-ci kolon”u çox güclü şəkildə təmsil olunur. Əgər Ermənistanda hakimiyyət güclü olsa idi, “5-ci kolon” ola bilməzdi. “5-ci kolon” Azərbaycanda da var. Amma Azərbaycanda çox güclü hakimiyyət var. Ona görə də Rusiyaya bağlı qüvvələr istədiklərinə nail ola bilmir. Ermənistanda isə onlar çox fəaldır. İranın Cənubi Qafqaz siyasəti isə Rusiyanın bölgə ilə bağlı siyasətinin tərkib hissəsidir. Rusiyanın razılığı olmadan İran Cənubi Qafqazda təkbaşına hansısa prosesi başlada və ya idarə edə bilməz. Bunların hamısının arxasında Rusiya dayanır. Rusiya bölgədə Qərbə, xüsusilə də ABŞ-a və Böyük Britaniyaya qarşı təkbaşına dayana bilməz. Ona görə də İrandan istifadə edir. Rusiyanın başı Ukraynaya qarışdığı üçün bu məsələlərə çox resurs ayıra bilmir.

Nəticədə, İrandan istifadə edir. Hesab edirəm ki, Rusiyanın razılığı olmadan İran bu cür addımlar ata bilməz. Rusiya Qərbə qarşı müqavimət göstərmək üçün İranın imkanlarından istifadə edir. Hətta Rusiya özü Cənubi Qafqaza nəzarət edə bilmədikdə öz yerini ABŞ-a və Britaniyaya deyil, daha çox İrana verməyə razı ola bilər. İranın Fransa ilə birgə regiona nəzarət imkanları qazanması Rusiyanı qane edə bilər. Bu baxımdan, İranın iştirakını Rusiyanın vəziyyəti gərginləşdirmək cəhdinin tərkib hissəsi kimi görmək lazımdır”.

Ekspert deyib ki, hərbi təxribata baxmayaraq, Brüssel görüşü baş tutacaq:

“Ermənistanın sülhdən qaçacaq yolu yoxdur. Hərbi əməliyyatlar Azərbaycanın mövqelərini daha da gücləndirə bilər. İrəvan gec-tez sülh prosesinə tamamilə razılaşmalı olacaq. Fikrimcə, bu vaxt uzaqda deyil. Müəyyən hadisələrdən istifadə edərək hələlik vaxt qazanır və gerçəkləşməyəcək məsələlərə ümid edirlər. Amma bir gün sülh sazişini imzalamaq üçün danışıqlar masasına əyləşəcəklər”.

Xaqani Cəfərli qeyd edib ki, son təzyiqlərə baxmayaraq, Azərbaycan Rusiyanın sülh təklifləri ilə razılaşa bilməz. Çünki həmin şərtlərin qəbul edilməsi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradır:

“Mən Azərbaycanın bu təkliflərə imza atacağına inanmıram. Azərbaycan hakimiyyəti bu məsələlərdə düzgün mövqe nümayiş etdirir. Sadəcə, həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanın mövqeyini gücləndirmək lazımdır”.

Müşfiq Abdulla
Cebhe.info