Azərbaycandan Ermənistana SON ŞANS

Azərbaycandan Ermənistana SON ŞANS

Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı iki məsələ xüsusi diqqət mərkəzində olub.

Bunlardan biri Azərbaycanın Avropaya enerji ixracı, digəri isə Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı sülh prosesidir. Berlində keçirilən görüşlər, aparılan rəsmi danışıqların gedişi və birgə mətbuat konfransında səslənən suallar Almaniyanın Azərbaycanın təbii qaz və yaşıl enerji ehtiyatlarına marağının artdığını göstərir.

Yəni Almaniya Azərbaycandan yaxın gələcəkdə təbii qaz idxalçısına və enerji sektorunda əsas investorlardan birinə çevrilə bilər. Bu məqsədlə Almaniyanın Azərbaycanla birgə müqavilələr imzalayacağı gözlənilir.

Azərbaycan 2022-ci ildə imzalanmış sazişə uyğun olaraq Avropa İttifqına təbii qaz ixracını 2027-ci ilə qədər ən azı iki dəfə artırmağı planlaşdırır. Bu baxımdan, Almaniya Azərbaycanın “mavi yanacağı”na müştəri qismində çıxış edir. Almaniya şirkətləri Rusiya yanacağına alternativ mənbə kimi Azərbaycan qazının ixracı üçün yeni kəmərlərin və interkonnektorların inşasına cəlb edilə bilər.

Perspektivdə Almaniya kimi böyük dövlət Azərbaycanın enerji sektorunda rəqabətə qoşulmaq niyyətini gizlətmir. Bu da öz növbəsində, Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərə neytral yanaşan Almaniyanın mövqeyində dəyişikliyə səbəb olub. Ukrayndakı müharibənin başlanmasından sonra formalaşmaqda olan yeni dünya düzənində müşahidə olunan geosyasi dəyişikliklərdən biri də Almaniyanın Cənubi Qafqazda strateji maraqlarının artmasından ibarətdir. Bu baxımdan, rəsmi Berlinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə diqqət yetirməsi səbəbsiz deyil. Yəni Almaniya enerji layihələriə qoşulmaqla və süh prosesində vasitəçi tərəf kimi iştirak etməklə bölgəyə nüfuz etmək səylərini artırır.

Fevral ayının sonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın, martın 13-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri rəsmi Berlinin regiona artan marağının təzahürüdür. Hələlik Avropa İttifaqının tərkibində regiona mülki missiya göndərən Almaniya Ermənistan üzərindən geosiyasi “oyunçu”ya çevrilməyə çalışır. Rəsmi Berlinin istər sülh danışıqlarına, istərsə də Qarabağdakı erməni sakinlərə münasibətdə daha çox Ermənistanın baxış bucağından çıxış etməsi məhz bununla bağlıdır.

Ancaq Almaniyanın enerji idxalçısına çevrilməsi bu yanaşma tərzini dəyişə bilər. Çünki Cənubi Qafqazdakı enerji maraqları olan Almaniya Azərbaycanın mövqeyini dəstəkləməyə üstünlük verəcək. Bölgədə sabitlik Almaniyanın federal kansleri Olaf Şolts üçün Qarabağdakı erməni separatçıların “öz müqəddaratını təyinetmə” prinsipindən daha vacib prioritetə çevriləcək.

Hazırda Ermənistan rəhbərliyi Avropa İttifaqı missiyasını, xüsusilə də Fransa və Almaniyanın monitorinq qrupunu Azərbaycanla sərhədə gətirməklə rəsmi Berlinin Ermənistan ətrafında formalaşmış koalisiyada yer alacağına ümid edir. Lakin Almaniyanın sülh məsələsi ilə paralel olaraq, enerjiyə marağını xüsusi gündəmə gətirməsi Paşinyanın planlarını poza bilər.

İkincisi, Ermənistan hakimiyyəti ümidini yalnız xarici amilə bağlayır və Qərbin aparıcı dövlətlərindən Azərbaycana qarşı “yumşaq güc” kimi istifadə etməklə danışıqlar masasında nailiyyət əldə etmək istəyir. Ancaq Azərbaycan 44 günlük müharibədən və ATƏT-in Minsk qrupundan imtina etdikdən sonra xarici amilə deyil, milli maraqlara önəm verir. Yəni rəsmi Bakı beynəlxalq hüquqi prinsiplərin Azərbaycanın öz imkanları hesabına və maraqları çərçivəsində həyata keçirilməsini vacib sayır. Bu baxımdan, Prezident İlham Əliyevin Almaniyada Ermənistanın ünvanına səsləndirdiyi mesaj qeyd edilən prinsipləri özündə ehtiva edir. “İndi sülhün zamanı çatıbdır.

Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq. Nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”,-deyə Prezident bildirib. Yəni Azərbaycanın sülh sazişi üçün təklif etdiyi beş bəndlik prinsip beynəlxalq hüquqa əsaslandığına görə Ermənistanın arxalandığı Qərb dövlətləri bu məsələyə qarşı çıxa bilməz.

Prezidentin Almaniyadan Ermənistanın ünvanına etdiyi xəbərdarlıq da növbəti şansın verilməsi kimi dəyərləndirilə bilər. Ermənistan bu şansı dəyərlindərməsə, sərhədlərin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyası imkanını itirəcək. Paşinyan hakimiyyəti avropalı müşahidəçiləri sərhədə yerləşdirməklə həmin ərazilərə olan iddiasını reallaşdırmağa və delimitasiya prosesindən yayınmağa çalışır.

Bu, həm də Azərbaycanın öz hərbi resursları hesabına, beynəlxalq hüququn verdiyi səlahiyyətə uyğun olaraq sərhədlərini müəyyən etmək cəhdinin qarşısını almağa hesablanıb. Ancaq Ermənistan beş bəndlik prinsipdən, yəni sülhdən imtina etməklə Azərbaycana öz resurslarından istifadədə sərhədi təyin etməsi üçün şərait yaradır. Buna görə məsuliyyət isə Ermənistan rəhbərliyinin və şəxsən Paşinyanın üzərinə düşür.

Müşfiq Abdulla
Cebhe.info