Erməni vandalizminə bərabər fars vandalizmi:İran türk izini silməyə çalışır

Erməni vandalizminə bərabər fars vandalizmi:İran türk izini silməyə çalışır

Güney Azərbaycanın Makı şəhərində tarixi abidələr restavrasiya adı ilə İranın tikinti şirkəti tərəfindən məhv edilir.

Məlumata görə, İranın Mədəni İrs Nazirliyi yanında Tarixi Yerlərin İnkişafı, Bərpası və İstismar Fondu “Pərdisan layihəsi” adı altında bağlanmış müqavilə əsasında Makı şəhərində bir neçə tarixi bina, o cümlədən Maliyyə, Şəhrəbanu, Milli Bank və Kulahfirəngi binaları təmir üçün Kermanın “Mahan Holding” şirkətinə həvalə edib.

Lakin təmir-bərpa işlərinin qeyr-standart şəkildə həyata keçirilməsi binaların orijinallığını itirməsinə və məhvinə səbəb olub. ümumiyyətlə, fars hökuməti hər zaman Azərbaycanın milli-mədəni irsinə qarşı bu cür qeyri-insani münasibət göstərib. Heç bir şübhəsiz ki, səbəb tarixi abidələrimizdən türk izini silmək, tariximizi saxtalaşdırmaqdır. Hər dəfə bir başqa abidəmizin ya məhvinə, ya da saxtalaşdırılmasına şahidlik edirik.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın siyasi hakimiyyəti Azərbaycan türkünün izlərini ölkə ərazisindən silməyə cəhd göstərir:

"Rza Pəhləvinin hakimiyyətindən indiyə qədər panfarsizmə qulluq edən İran siyasi hakimiyyəti Azərbaycan türkünün izlərini ölkə ərazisindən silməyə cəhd göstərir və buna çalışır. Türkcə coğrafi yer adlarını dəyişdirir, milli-mədəni, tarixi abidələri dağıdır.

Məsələn, 1994-cü ildə Rəfsəncaninin hakimiyyəti illərində Təbriz ətrafındakı qəbirlərə hücum olundu, Təbrizdəki Ərk qalasının ətrafında qadınların namaz qılması, ibadət etməsi adı altında ərazini mühasirəyə aldılar, Ərk qalasını dağıtmağa, məhv etməyə çalışdılar. Yerli əhali, Azərbaycan və beynəlxalq ictimaiyyətin etirazından sonra bu məsələ təxirə salındı.

Türklərə aid tarixi abidələrin dağıdılmasına cəhd, dağıdılması ilə bağlı çox sayda nümunələr var. Müxtəlif bəhanələrlə onları məhv edib dağıdırlar. Makıdakı mədəni abidələrin bərpa olunması ilə bağlı tikinti işlərinin görülməsi də bu qəbildəndir. Makı Türkiyə ilə sərhəddə yerləşir və Makı şəhərinə iddialı olan gəlmə etnik qruplar da var".

Onun sözlərinə görə, restarvasiya adı altında abidələrə türkə yad olan ornamentlər vururlar, saxtlaşdırma aparırlar:

"Bu tarixi abidələr türklərin buradakı möhürünü, izini, aidliyini təsdiqləyən əlamətdir. Bunu məhv etməklə türklərin izini silirlər. Bununla da Makıya iddialı olan gəlmə etnik qrupların işini asanlaşdırırlar. Məsələn, restarvasiya adı altında abidələrə türkə yad olan ornamentlər vurur, saxtlaşdırma aparırlar.

Oxşar hadisələr ermənilərin Azərbaycan ərazisindəki işğal illərində etdiyi işləri, İranın Şuşadakı məscidi bərpa etdiyi zaman fars ornamentlərini ora tətbiq etməsini, İrəvanda Göy məscidə Fars məscidi adı verilməsini xatırladır. Makıdakı hadisələr də farsların türklərin varlığına, izinə, mədəniyyətinə qarşı edilən fəaliyyətlərindən biridir. Həm Güney, həm Quzey Azərbaycan buna öz etirazını bildirməlidir".

Güneyli siyasi şərhçi Məhsa Mehdili isə qeyd edib ki, bu, fars şovinizminin apardığı soyqırım hərəkətidir:

"Fars şovinizminin, İran hakimiyyətinin hər zaman apardığı soyqırım hərəkətidir. Bəlkə də minlərlə örnəkdən biridir. Bu, həm Azərbaycan tarixinin məhvi, həm də bölgələdəki turizmin yox edilməsidir. Bu abidələr bölgəyə turistlərin cəlb olunmasında çox önəmlidir. Dünyada bu cür kültürəl, insanlığın mirası olan abidələr qorunur.

Ancaq mövzu Azərbaycan olunca, İran yavaş-yavaş, hiyləgərcəsinə bu əsərləri məhv edir. Çünki bu abidələr tarixi kimliyimizi, keçmişimizi əks etdirir. Bu səbəbdən İran hakimiyyəti bu abidələri dağıtmaqda maraqlı olur".

Onun sözlərinə görə, bu yolla tarixi izmiz də məhv edilir:

"Bir bölgənin mədəniyyətini tanımaq istədikdə onun abidələrini araşdırmağa başlayırıq. Təəssüf ki, elə bu səbəbdən də bu tarixi bəlgələr şovinizmin hücumundan qorunmur. Doğma dövlətiniz olmasa, bütün mənəvi qalıqlarınız da bax belə məhv olar. Əgər həqiqətən orada yaşayan xalqa hörmət olsa, bu tarixi əsərlər qorunar. Amma digər abidələrimiz kimi bu abidələr də məhv edilir, izləri silinir. Əslində bu yolla xalqımızın oradakı izləri silinir, tariximiz bu yolla yox edilir".

Naibə Məmmədova
Cebhe.info