İran hara gedir - “Cəhənnəmə gedən özünə yoldaş axtarar”

İran hara gedir - “Cəhənnəmə gedən özünə yoldaş axtarar”

İranın müxtəlif bölgələrində yerli sakinlərin etirazları, aksiyaları və nümayişləri davam etməkdədir.

Ölkənin bir çox şəhərlərində, xüsusilə qeyri-fars millətlərin məskunlaşdığı ərazilərdə sosial-iqtisadi problemlərdən dolayı, eləcə də molla rejiminin iqtisadi siyasətinə qarşı hər gün aksiyaların keçirilməsi müşahidə olunur. Gənclərin dirənişi və mübarizəsi xüsusilə seçilir.

Müxtəlif milli mənsubiyyətlərə məxsus olmalarına baxmayaraq, molla rejiminə qarşı mübarizəyə qoşulan gənclər polis qüvvələri ilə toqquşmaqdan çəkinmir, təhlükəsizlik qüvvələrinin qərargahlarına hücum edirlər, hətta Xomeyni, Xamenei və Qasim Süleymani daxil olmaqla İslam Respublikasının tanınmış şəxslərinin posterlərini yandırırlar.

Qeyri-fars millətləri - ərəblər və bəlucların məskunlaşdığı bölgələrdə tez-tez etiraz aksiyaları təşkil olunur. Bununla yanaşı, insan hüquqları üzrə beynəlxalq təşkilatların məlumatlarına görə, keçən ilin sentyabrından bu günə qədər, demək olar ki, hər gün İranda rejimə müxalif olan şəxslər təhlükəsizlik orqanları tərəfindən həbs olunur, hətta kütləvi edamlar da həyata keçirilir. Öz milli, dini və dil hüquqları uğrunda mübarizə aparanlar rejimin repressiyalarına daha çox məruz qalırlar.

Maraqlıdır, İranda hazırki iqtisadi-siyasi proseslər hansı məcraya doğru gedir?

Güney Azərbaycan milli hərəkatının fəalı, siyasi şərhçi Məhsa Mehdili “Cümhuriyət” qəzetinə açıqlamasında İranda son proseslər barədə ətraflı danışıb. İlk növbədə qeyd edib ki, İranda mövcud hakimiyyət xalqın problemlərinin həllinə cavabdeh olmaq əvəzinə daha çox xalqı əzməyə üstünlük verir:

“Altı-yeddi ay etirazların ardından ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşib, insan hüquqları və azadlıqlarının kobudcasına pozulması davam edir, rejimin siyasətinə qarşı çıxanlar mühakimə olunur, hətta etiraz aksiyaları və nümayişlərdə həbs olunan gənclərin bir çoxu edama məhkum olunub. Demək olar ki, hər gün sosial şəbəkələrdə edamlarla bağlı xəbərlər yayılır. Rejim bilərəkdən xalq üzərində təzyiqləri günbəgün çoxaldır.

Ölkədə iqtisadi vəziyyət və sadə insanların sosial yaşayışı acınacaqlı durumdadır. İran Mərkəzi Bankının hesabatında qeyd edilir ki, ölkədə inflyasiya 50%-dən yüksəkdir. Bu, faciənin nə qədər dərin olduğunu sübut edir. Ölkədə iqtisadi problemlər, xüsusilə yoxsulluq və işsizlik baş alıb gedir. Bu hakimiyyət insanların dərdlərinə və şikayətlərinə qulaq vermir. Etiraz edənləri həbs edir və onları işğəncə verir. Onu da qeyd edim ki, İranda dövlətçilik anlayışı yoxdur.

İran polis dövlətidir. Xalq da bu polis dövlətinin qulları hesab olunur. Bu rejim insanların şəxsi azadlığına belə müdaxilə edir. İnsanların hüquq və azadlıqlarının tapdalanması, o cümlədən qeyri-fars millətlərin – Azərbaycan türkləri, kürdlər, ərəblər və bəlucların milli hüquqlarından məhrum olması, müəyyən qrupların dini kimliklərinə görə zindanlara salınması, habelə kütləvi edamlar İranı cəhənnəmə çevirib”.

Güneyli siyasi şərhçi İran hakimiyyəti daxilində ciddi qarşıdurmaların yaşanması ilə bağlı yayılan müxtəlif fikirlərlə razılaşmayıb:

“İran hakimiyyətinin daxilində müəyyən qüvvələr arasında xırda qarşıdurmalar görünə bilər. Amma bütün bu qüvvələrin hamısının ortaq mənfəəti var. İstər Xamenei ətrafında toplaşan ruhanilər, istərsə Prezident İbrahim Rəisi və onun ətrafı, istərsə də SEPAH çox yaxşı anlayır ki, onlar bu hakimiyyəti və ölkənin təbii sərvətlərini doğru-dürüst paylaşmalıdırlar. İran hakimiyyətinin içərisində olan bütün qüvvələr xalqın iradəsi ilə hakimiyyətə gəlməyiblər.

Onların xalqla heç bir bağlantıları yoxdur. Doğrusunu desək, möhkəm avtoritar sistem qurublar. Bu qüvvələrin bir-biri ilə ziddiyyətə girəcəklərini zənn etmirəm. Hamısının əli bir torbadadır. Bəlkə Xameneinin ölümündən sonra hakimiyyət daxili dairələr arasında qarşıdurmalar başlaya bilər. Amma yenə də buna inanmıram. Çünki hamısının əli dövlətin torbasındadır. Birinin məhv olması digərlərinin də məhv olmasına gətirib çıxaracaq. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarır””.

İranın qeyri-fars millətlərinin, xüsusilə kürdlər, ərəblər və bəlucların molla rejiminə qarşı dirənişi və mübarizəsinə toxunan M.Mehdili vurğulayıb ki, İranda digər millətlərə nisbətən Azərbaycan türklərinin hüquq və azadlıqları daha çox tapdalanır. Onun sözlərinə görə, Azərbaycan türklərinin rəsmi Tehranın hədəfində olmasının bir çox səbəbləri var:

“İranda başqa millətlərə sərgilənən münasibətə baxsaq görərək ki, bu ölkədə yalnız fars millətinə ehtiram göstərilir. Ölkədə onların dili və mədəniyyəti daha çox təbliğ olunur. Bununla bərabər, fars bölgələrinin zənginləşdirilməsi üçün qeyri-fars millətlərin məskunlaşdığı ərazilərin təbii sərvətləri talan edilir.

Əslinə qalsa, İran bir fars dövlətidir. Baxın, bu dövlət bəlucları nə günə qoyub. Məhz başqa milli mənsubiyyətə mənsub olduqlarına görə bu xalq yoxsulluq içində saxlanılır.

Bəlucların məskunlaşdığı ərazilərdə minlərlə kənddə su, işıq və qaz yoxdur. Halbuki heç bir su qaynağına sahib olmayan fars bölgələri gözəlləşdirilir, zənginləşdirilir. Cənubi Azərbaycana gəlincə, bu bölgə zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bizim torpaqlarımız cənnətdir.

Torpaqlarımızın hər bir parçası, hər bir hissəsi əkin-biçin üçün məhsuldardır. Həm də bu bölgə Avropa və Türkiyəyə çıxış olduğu üçün geostrateji baxımdan əhəmiyyətlidir. Lakin Tehran hakimiyyəti uzun illər ərzində məqsədyönlü şəkildə Cənubi Azərbaycanda sosial-iqtisadi vəziyyəti acınacaqlı və bərbad duruma salıb.

Bu siyasət nəticəsində yoxsulluq və işsizlikdən əziyyət çəkən sadə əhali farsların məskunlaşdığı ərazilərə köçmək məcburiyyətində olurlar. Təbii ki, oralarda soydaşlarımız assimilyasiyaya məruz qalırlar. Eyni siyasət kürdlər və bəluclar üzərində də tətbiq edilir. Bütün bunlarla yanaşı, Azərbaycan türkləri qədim dövlətçilik ənənəsinə malikdirlər. Xalqımızın nüfuz sayısı və dövlətçilik anlayışı farslarda hər zaman qorxu yaradıb.

Farslar xalqımızın müsbət keyfiyyətlərini özləri üçün təhlükə hesab edirlər. Bəluclara, ərəblərə və kürdlərə nisbətən Azərbaycan türkləri daha çox Tehranın hədəfindədir. Bunun səbəbləri Cənubi Azərbaycanın geostrateji əhəmiyyətə, həm də sekulyar və müasir Azərbaycan və Türkiyə ilə sərhədlərə malik olmasıdır”.

İrandan danışarkən, mühüm bir məsələni də nəzərdən keçirmək lazımdır. Bildiyimiz kimi, bu yaxınlarda Güney Azərbaycan milli hərəkatının tanınmış şəxsiyyətlərdən biri və Azərbaycan xalqının azadlıq mübarizəni təmsil edən GüNAZ TV-nin qurucusu və aparıcısı Əhməd Obalı və oğlu Dəniz Obalı ABŞ-da naməlum şəxslər tərəfindən dəhşətli hücuma məruz qalıblar. Çox ağır yaralanan Obalı və oğlu xəstəxanaya yerləşdiriliblər.

Sosial şəbəkələrdə bir çoxları, hətta siyasi ekspertlər Əhməd Obalıya təşkil olunan hücumun arxasında İran kəşfiyyatının durduğunu iddia edirlər. Xatırladaq ki, Əhməd Obalı ABŞ-a dönməmişdən əvvəl bir müddət Azərbaycanda bəzi media qurumları ilə bərabər Cənubi Azərbaycan məsələsi ilə bağlı təbliğat aparıb. Məhsa Mehdili Əhməd Obalıya terror hücumunun mahiyyətini bu cür şərh edib:

“Əhməd Obalı Güney Azərbaycanın ən önəmli şəxsiyyətlərindən biridir. Onun ictimai-siyasi rolu təqdirəlayiqdir. Bu şəxs 2005-ci ildə “Günaz” TV-nin əsasını qoyub və həmin ildən etibarən rəhbərlik etdiyi televiziya vasitəsilə Güney Azərbaycan xalqının problemlərini və azadlıq mücadiləsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. “Günaz” TV həmçinin Quzey və Güney Azərbaycan arasında bir körpüdür.

Biz uzun illər öz dilimizdə fəaliyyət göstərən, mədəniyyətimizi dünya xalqlarına tanıdan və milli hüquqlarımızın tapdalanmasını dilə gətirən televiziyanın yoxluğu ilə yaşamışıq. Əhməd Obalı bu boşluğu doldurmağı bacardı. On səkkiz il ərzində müxtəlif hücumlara rəğmən Obalının bu televiziyanı ayaqda tutması çox böyük şücaətdir. Əhməd Obalı uzun illər xaricdə yaşamasına baxmayaraq, hər zaman Azərbaycan eşqi ilə yaşayıbdır. Obalı bütün güneylilərin övladıdır. Obalının milli mübarizəsindən kimlərin narahat olduğu bəllidir.

Lakin ona qarşı sui-qəsd barədə indidən proqnoz vermək, məncə düzgün olmaz. Qoy, bu şəxs və onun övladı öncə sağlamlığına qovuşsun. Ayağa qalxdıqdan sonra həm Obalının özü, həm də təhlükəsizlik orqanları gərəkli açıqlamalar verəcək. İndidən proqnoz verməyimiz istintaq araşdırmalarına kölgə sala bilər. Obalının sağlamlığına qovuşması bizim üçün daha önəmlidir. Azərbaycan eşqi Obalıya daha da güc verəcək”.

Yunis Abdullayev
Cebhe.info