Kılıçdaroğlunun layihəsi türk dünyasının ziyanına işləyəcək?

Kılıçdaroğlunun layihəsi türk dünyasının ziyanına işləyəcək?

Türkiyədə “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu tərəfindən təqdim olunan yeni “İpək yolu” layihəsi Azərbaycan ictimaiyyətinda ciddi və birmənalı olmayan rezonans doğurdu.

“Türk yolu” kimi tanınan layihədə bir sıra məqamlar maraq doğursa da, ümumilikdə bu layihə ölkəmizin, eləcə də Türkiyənin bəzi siyasi dairələri tərəfindən heç də xoş qarşılanmayıb. Layihədə cızılan yeni tranzit yolunda İrana üstünlük verilib. Yəni Mərkəzi Asiya və Çinə doğru istiqamətlənən İpək yolu Cənubi Qafqazdan deyil, birbaşa İran ərazisindən keçir. Halbuki hal-hazırda Türk Dövlətləri Təşkilatına üzv olan türk dövlətlərinin gündəmində intensiv şəkildə müzakirə olunan, eləcə də Çin və Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilən Orta Dəhliz layihəsi Avrasiyanın iqtisadi strategiyasında daha çox əhəmiyyətli rol oynayır. Şimal və cənub marşrut yollarına nisbətən daha qısa marşrut yol olan Orta Dəhlizin Türkiyə və Avropaya doğru yönələn əsas tranzit istiqamətləri, məhz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçir. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Türkiyə və Rusiya tərəfindən irəli sürülən, Orta Dəhliz layihəsini daha tez intensivləşdirən, o cümlədən Avropa üçün Mərkəzi Asiyaya alternativ yol açan Zəngəzur dəhlizi də Avrasiyanın beynəlxalq nəqliyyat konsepsiyasında mühüm tranzit yol hesab olunur. Mərkəzi Asiyanın Türk dövlətləri ilə Türkiyəni coğrafi cəhətdən birləşdirən nəqliyyat qovşağında Orta Dəhliz layihəsi və Zəngəzur dəhlizini qoyub İrana üstünlük verilməsi rasional təşəbbüs hesab oluna bilməz. Ona görə ki, bu tranzit yol həm uzun zaman aparacaq, həm də külli miqdarda maliyyə sərf olunacaq. ABŞ, İran və Çinin bu layihəyə müsbət reaksiya verəcəyi də sual atındadır. ümumiyyətlə, “İpək yolu” Orta Dəhliz layihəsinə alternativ hesab oluna bilər? Orta Dəhliz layihəsi “Türk yolu” kimi təqdim oluna bilməz? Cənubi Qafqaz regionu beynəlxalq nəqliyyat qovşaqlarında hansı prioritetlərə malikdir? Zəngəzur dəhlizi region ölkələrinə hansı iqtisadi dividentlər qazandıracaq?

Məsələ ilə bağlı “Cümhuriyət”-in suallarını cavablandıran politoloq İlqar Vəlizadə bildirib ki, “İpək yolu” planı Orta Dəhlizə alternativ ola bilməz:

“Orta Dəhlizin genişmiqyaslı institusional əsasları var. Xüsusilə də bu dəhlizin aktivliyini müəyyən edən layihələr format çərçivəsində, eləcə də xüsusi təşkilat tərəfindən yönləndirilir. Bu layihələrdə Azərbaycan və Türkiyənin dəstəklədiyi Trans-Xəzər nəqliyyat yoluna ciddi əhəmiyyət verilib. İnstitusional çərçivədə Orta Dəhliz üçün xüsusi prioritet hesab olunan layihələrin icrası ilə bağlı dəhlizə daxil olan dövlətlər tərəfindən sənədlər tərtib edilib, bir sıra öhdəliklər götürülüb. Ona görə də bu təklif Orta Dəhlizə heç cür alternativ ola bilməz. Əgər layihə icra olunarsa, bu,Türkiyənin beynəlxalq nəqliyyat qovşaqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması demək olacaq. Güman ki, Kılıçdaroğlunun nəqliyyat qovşaqları haqqında məlumatı kifayət qədər azdır. Onun bu düşüncələri yalnız Türkiyənin zərərinə ola bilər”.

İlqar Vəlizadə hesab edib ki, Mərkəzi Asiya ilə Türkiyə arasında nəqliyyat kommunikasiyaların təmin olunmasında, habelə türk dövlətlərinin iqtisadi cəhətdən birləşməsində Cənubi Qafqaz müstəsna coğrafi əhəmiyyətə malikdir:

“Bir çox regional və beynəlxalq nəqliyyat layihələrində Azərbaycana çox diqqət verilir. Azərbaycan türk dünyasının qərb və şərq cinahlarını birləşdirən önəmli bir ölkədir. Türk dünyası konsepsiyasında Azərbaycanın enerji, iqtisadi və coğrafi potensialı yüksək səviyyədə dəyərləndirilir”.

Politoloqun sözlərinə görə, Orta Dəhliz Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətlərini vahid nəqliyyat qovşağında birləşdirən “Türk yolu” kimi də təqdim oluna bilər:

“Orta Dəhliz türk dövlətlərinin vahid nəqliyyat infrastrukturunun tərkib hissəsidir. Bu ideyanın türk dövlətləri arasında nəqliyyat kommunikasiyaların reallaşmasında və şaxələnməsində müsbət nəticələri olacaq”.

Türkiyəni Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya ilə birləşdirən, Türkiyənin hər iki regionda geostrateji möhkəmlənməsinə və təsir imkanlarının artmasına yol açan Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan İ.Vəlizadə vurğulayıb ki, ölkələr iqtisadi divident qazanacaq:

“Zəngəzur dəhlizinə hər üç ölkə üçün xüsusi iqtisadi faydalar doğuracaq layihə kimi baxmaq lazımdır. Eyni zamanda Zəngəzur dəhlizi Çin, Mərkəzi Asiya və Avropanı birləşdirən nəqliyyat kommunikasiyaların xüsusi özəyini təşkil edir. Bu da Azərbaycan, Ermənistan və Türkiyənin logistik imkanlarının artırılması deməkdir. Bu dəhlizin unikallığı ondan ibarətdir ki, təkcə qərb və şərq yox, həmçinin şimal və cənub arasında kommunikasiyaların formalaşmasında geniş imkanlara malik ola bilər. Əslində Zəngəzur dəhlizi şərq-qərb və şimal-cənab dəhlizlərini bir nöqtə halında birləşdirən beynəlxalq qovşaq hesab olunur”.

İndiyə qədər Çindən Avropaya gələn yüklər “Rusiya-Belarus-Polşa”, “Çin-Qazaxıstan-Rusiya-Belarus” xətti ilə daşınırdı:

“Rusiya, Belarus, Qazaxıstan və Çin Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu isə həmin üzv dövlətlər arasında vahid gömrük rejiminin yaradılmasına gətirib çıxarıb. Avrasiya İqtisadi Birliyi ərazisindən, xüsusilə Qazaxıstandan Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya tranzit yüklərin daşınması mümkündür. Lakin bu istiqamətdə zəruri addımların atıldığı təqdirdə Türk Dövlətləri Təşkilatının üzvləri arasında vahid gömrük tarifləri və gömrük rejiminin tətbiqinə ehtiyac yaranacaq”.

İ.Vəlizadə qeyd edib ki, məsələ ilə bağlı ciddi məsləhətləşmələr aparılır: “Çoxtərəfli, eləcə də ikitərəfli formatlarda aparılan işlərdən danışmaq lazımdır. Azərbaycan və Qazaxıstanın gömrük idarələri tərəfindən vahid gömrük məsələlərində birgə işlər görülür. Limanlar arasında gəmilərin hər iki istiqamətdə rahat hərəkətləri üçün münasib şərait yaradılıb. Yaxın zamanda vahid gömrüyün yaradılmasına yönələn təsiredici addımlar atılacaq”.

Xəzər dənizinin Orta Dəhlizdə nə dərəcədə iqtisadi rentabeliyyə malik olmasına gəlincə isə bəzi ekspertlər hesab edirlər ki, dənizdəki ekoloji problemlər yüklərin daşınmasına ciddi əngəllər yarada bilər. Onların sözlərinə görə, Xəzəryanı dövlətlərin liman infrastrukturunu inkişaf etdirməsinə və daha böyük gəmilərə sahib olmasına ehtiyacları var. Lakin İlqar Vəlizadə Xəzər dənizinin iqtisadi və logistik imkanları ilə bağlı fərqli düşünür:

“Xəzər dənizinin beynəlxalq nəqliyyat qovşağında özünəməxsus önəmi var. Çünki bu dənizin sahillərində böyük limanlar fəaliyyət göstərir, habelə Azərbaycan, Qazaxıstan və Türkmənistanda limanlar ətrafında iqtisadi zonalar yaradılıb. Bu zonalar həm tranzit yüklərin rahat daşınmasına, həm də limanların infrastrukturunun inkişafına müsbət təsir edir. Bütün bu amilləri nəzərə alaraq, Xəzər dənizi beynəlxalq nəqliyyat qovşağının əsas tərkib hissəsi kimi baxmaq lazımdır. Doğrudur, dəniz getdiqcə dayazlaşır, xüsusilə sahilyanı ərazilərdə suyun geri çəkilməsi müşahidə edilir. Ona görə də Xəzəryanı dövlətlər sahillərdə suyun dərinləşməsi üçün maliyyə vəsaiti ayırır. Əlbəttə, bu, prosesləri müəyyən qədər ləngidir. Amma iqtisadi mənfəət ekoloji problemlərin qarşısının alınmasına sərf edilən xərcləri üstələyir. Tərəflər böyük yük gəmiləri ilə yanaşı, orta yük gəmilərinin tikintisinə də üstünlük verirlər. Çünki bu gəmilərin su tutumu azdır və daha çevik şəkildə fəaliyyət göstərə bilir. Keçən il Azərbaycanın hava yastığı platformasında orta yük gəmisi istifadəyə verilib. Növbəti mərhələlərdə bir neçə belə gəminin tikilməsi nəzərdə tutulur. Xəzər dənizində yeni tipli gəmilərin dövriyyəyə buraxılması tranzit yüklərin daşınmasını asanlaşdıracaq”.

İ. Vəlizadə əlavə edib ki, Cənubi Qafqazdan keçən dəmiryol xətti – Bakı-Tbilisi-Qars, eyni zamanda bu regionda tikilməsi nəzərdə tutulan Ələt-Ağbənd-Mehri-Culfa dəmiryol xətti də Orta Dəhliz layihəsini tam və hərtərəfli reallaşdıracaq:

“Bütün bu yollar Orta Dəhlizin intensivliyini və səmərəliliyini artırır. Son bir il ərzində bu dəhliz vasitəsilə böyük həcmdə yük daşınıb. Yeni nəqliyyat xətlərinin, xüsusilə avtomobil yollarının inşası dəhlizin səmərəliliyinə daha çox müsbət təkan verəcək”.

Yunis Abdullayev
Cebhe.info