Köhnə dostlar düşmən olur: Moskva və Tehran Azərbaycana görə qarşı-qarşıya

Köhnə dostlar düşmən olur: Moskva və Tehran Azərbaycana görə qarşı-qarşıya

Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyət təkcə Cənubi Qafqazda nəqliyyat əlaqələri ilə bağlı mübahisə deyil, bir sıra iri regional və qlobal oyunçuların maraqlarına toxunan mürəkkəb geosiyasi münaqişədir. 

İran Rusiya və Azərbaycanın Ermənistandan dəhlizin açılması tələblərinə sərt şəkildə qarşı çıxıb, nəqliyyat marşrutunu geosiyasi rəqabətin qaynar nöqtəsinə çevirib. İlk baxışda dəhliz sadəcə olaraq nəqliyyat layihəsi olsa da, reallıqda o, İran və Rusiyadan tutmuş Türkiyə, Ermənistan və Qərbə qədər müxtəlif tərəflərin mürəkkəb və toqquşan maraqlarının simvoluna çevrilib.

Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisini Ermənistanın cənub rayonlarından keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat marşrutudur. 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan öz ərazisindən təhlükəsiz hərəkəti təmin etməyi öhdəsinə götürüb. Bu razılaşma Azərbaycanın Qarabağ və ətraf rayonlara nəzarəti bərpa etməsi ilə nəticələnən 44 günlük müharibəyə son qoyub.

Lakin artıq 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu bənd hələ də həyata keçirilmir ki, bu da narahatlıq və gərginlik yaradır. Rusiya dəhlizin açılması ideyasını regional sabitliyin və iqtisadi inkişafın mühüm elementi hesab edərək fəal şəkildə təbliğ edir. Eyni zamanda, İran bu layihəni Cənubi Qafqazdakı nüfuzuna təhlükə hesab edərək qəti şəkildə bunun əleyhinədir.

İran ardıcıl olaraq Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəyini bəyan edir, çünki bunu milli təhlükəsizliyi və strateji maraqlarına təhdid kimi görünür. Tehranın əsas arqumenti Ermənistanın ərazi bütövlüyünü qorumaqdır, dəhliz açılacağı təqdirdə onunla sərhədi pozula bilər. İran Rusiya və Azərbaycanın nəzarətində olan yeni marşrutun Cənubi Qafqazdakı rolunu məhdudlaşdıracağından və regionda strateji tarazlığı pozacağından ehtiyat edir.

İran geosiyasi narahatlıqlarla yanaşı, dəhlizdə iqtisadi təhlükə görür: 

Yeni nəqliyyat marşrutu hazırda Azərbaycanın digər bölgələri və Naxçıvan arasında yüklərin daşınmasında əsas rol oynayan İran tranzit marşrutlarının əhəmiyyətini azaldacaq. Tehran Zəngəzur dəhlizinin İranın təsirini və regional kommunikasiyalara nəzarət imkanlarını azaltmağa yönəlmiş layihə olduğunu dəfələrlə vurğulayır.

Köhnə dostlar düşmən olur

Yaxın vaxtlara qədər İran və Rusiya Qərbə qarşı ümumi müqavimət fonunda demək olar ki, ideal tərəfdaş kimi görünürdülər. Lakin Zəngəzur dəhlizi məsələsində onların maraqları açıq şəkildə fərqlənir. Moskva regional kommunikasiyalara nəzarət strategiyasına uyğun gələn dəhliz layihəsini fəal şəkildə təşviq edir. Rusiya bu dəhlizə təkcə regionda öz mövqelərini gücləndirmək vasitəsi kimi deyil, həm də Ermənistanla Azərbaycan arasında münaqişədə əsas arbitr rolunu saxlamaq üçün bir vasitə kimi baxır.

İran isə əksinə, bu layihəni Cənubi Qafqazdakı mövqeyinə təhlükə kimi görür. Bu vəziyyət Suriyada ümumi maraqlara və hərbi əməkdaşlığa baxmayaraq, regionda nüfuz uğrunda mübarizəni davam etdirən Moskva ilə Tehran arasında uzun müddətdir olan fikir ayrılığını önə çıxarır. İran dəhliz məsələsində güzəştə getməyə hazır deyil, çünki bu, onun Cənubi Qafqazdakı rolunu azaltmaq və İranın maraqlarını Rusiya siyasətinə tabe etmək demək olardı.

Bu ziddiyyətlər xüsusilə İran və Rusiya arasında Ukrayna məsələlərində hərbi əməkdaşlığın genişlənməsi fonunda kəskinləşib. Tehran Moskvanı yüzlərlə “Fath-360” ballistik raketləri ilə təmin edir və bu, beynəlxalq narahatlığa səbəb olur. Analitiklər hesab edirlər ki, Rusiya ilə belə sıx hərbi ittifaq İranın xarici siyasət manevrlərinin məhdudlaşdırılmasına və maraqlarının Rusiyanın geosiyasi gündəminə tabe olmasına gətirib çıxara bilər ki, bu da Cənubi Qafqaz məsələlərində Tehran üçün qəbuledilməzdir.

Manipulyasiya, yoxsa real təhlükə?

İranın rəsmi ritorikasında NATO və Qərbin regionda nüfuzunun genişlənməsi ilə bağlı narahatlıqlar da var. Tehran tez-tez Zəngəzur dəhlizinin açılmasının Qərbin Cənubi Qafqazda mövqelərini gücləndirmək və Ermənistanda hərbi bazaların yerləşdirilməsi üçün şərait yaratmaq cəhdləri ilə bağlı olduğunu iddia edir. Lakin bu cür bəyanatlar vəziyyətin obyektiv qiymətləndirilməsindən daha çox siyasi ritorika və İranın sərt mövqeyinə haqq qazandırmaq üsulu kimi görünür.

Əslində İrana qarşı real təhlükələr dəhlizdən deyil, Ermənistanın Qərb dövlətləri ilə hərbi əməkdaşlığının güclənməsindən qaynaqlanır. Son illərdə İrəvan ABŞ, Fransa və Aİ ilə əlaqələri fəal şəkildə inkişaf etdirir ki, bu da silah tədarükü və birgə hərbi təlimlərdə özünü göstərir. Bu proses Tehranı ciddi narahat edir, İranın rəsmi ritorikasında NATO və Qərbin regionda nüfuzunun genişlənməsi ilə bağlı əndişə də var. 

Tehran tez-tez Zəngəzur dəhlizinin açılmasının Qərbin Cənubi Qafqazda mövqelərini gücləndirmək və Ermənistanda hərbi bazaların yerləşdirilməsi üçün şərait yaratmaq cəhdləri ilə bağlı olduğunu iddia edir. Lakin layihədə hərbi bazaların yerləşdirilməsi və ya beynəlxalq sərhədlərin dəyişdirilməsi nəzərdə tutulmadığından, bu prosesləri Zəngəzur dəhlizinin açılması ilə əlaqələndirməyin mənası yoxdur.

Rusiyalı politoloq Darya Qrevsova “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədə İran hələ də ermənilərin tərəfini dəstəkləyir. O qeyd edib ki, Ermənistanla İranı logistika marşrutları birləşdirir və tranzit ölkə kimi İran üçün Ermənistan, Ermənistan üçün  isə İran  vacibdir:

"Amma Azərbaycanla İranın münasibətləri  heç də həmişə hamar olmayıb, hətta kifayət qədər gərgindir. Görürük ki, İran  Ermənistanla əməkdaşlığa və qarşılıqlı fəaliyyətə daha çox meyillidir.  Yəni hazırda Azərbaycanla əməkdaşlıqdan daha çox Ermənistandan gəlir əldə edir.

İran hakimiyyətində Qərblə münasibətləri bərpa və inkişaf etdirməkdə maraqlı olanlar var. İranın bir neçə onilliklər ərzində Rusiya ilə əməkdaşlıq etməsinə baxmayaraq, artıq Qərb koalisiyaları üstünlük təşkil edir. Təbii ki,  Qərb hər an fürsətdən istifadə edib Rusiya ilə üz-üzə gələcək, İranı Rusiyadan, onunla əməkdaşlıqdan uzaqlaşdıraraq  Qərbə tərəf çevirəcəklər. Biz bunu  siyasətçilərin  qərbyönümlü  bəyanatlarının timsalında görürük".

Zəngizur dəhlizinin Rusiya - İran münasibətlərinə təsirinə toxunan Darya Qrevsova bildirib ki, burada iki anlayış var:  

"Birinci anlayış  Azərbaycanın irəli sürdüyü ekstraterritorial konsepsiyalardan biri beynəlxalq marşrutdur. Digər konsepsiya isə suveren Ermənistan anlayışıdır ki, bu da Zəngizur dəhlizinin tamamilə Ermənistan hakimiyyətinə tabe olması deməkdir. Bu iki konsepsiya müxtəlif partiyalar tərəfindən dəstəklənir. Azərbaycan Rusiyanı dəstəkləyir və Rusiya sərhədçiləri də bu dəhlizin mühafizəsinə hazırdır.

Bu, 2020-ci ilin üçtərəfli sazişində nəzərdə tutulub. Amma konkret olaraq Ermənistan üçün konsepsiyanın tərəfdarları da var. Bunlar Qərb ölkələri, ABŞ, Fransadır. Təbii ki, Ermənistanın əli ilə bu nəqliyyat dəhlizinə nəzarəti qurmaq istəyirlər. İran Azərbaycanla münaqişədə Ermənistan tərəfini dəstəkləyir və Ermənistanın  təklif etdiyi konsepsiyanın tərəfdarıdır.

Ermənistan Qərb ölkələri, ABŞ, Fransa ilə əməkdaşlığa güclü meyil edib. 

İran isə Ermənistanın onlarla belə fəal əməkdaşlığından başa düşür ki, bu Qərb qüvvələri ilə əlaqəni bərpa etmək də elə Ermənistan vasitəsilə mümkündür. Ona görə də, Zəngizor dəhlizində İran hələlik Ermənistanın tərəfdaşıdır".

Zəngəzur dəhlizi ətrafında münaqişə təkcə nəqliyyat marşrutu ilə bağlı mübahisə deyil, Cənubi Qafqazda dərin köklü geosiyasi ziddiyyətlərin əksidir. İran və Rusiyastrateji tərəfdaşlıqlarına baxmayaraq, nüfuz uğrunda rəqabəti davam etdirir və bu, regional qeyri-sabitliyi daha da artırır. 

Bu məsələnin həlli təkcə bütün tərəflərin maraqlarının nəzərə alınmasını deyil, həm də siyasi ambisiyaların və tarixi narazılıqların müasir çağırışlarla iç-içə olduğu mürəkkəb reallığı dərk etməyi tələb edir. 

Konstruktiv dialoq olmadan və münaqişənin bütün tərəflərinin maraqları nəzərə alınmadan nizamlanma perspektivi qeyri-müəyyəndir və eskalasiya riski yüksək olaraq qalır.

Səbinə Uğur
“Cebheinfo.az”