Moskvanın səbri tükənir: Paşinyan “ikinci cəbhə”ni açır

Moskvanın səbri tükənir: Paşinyan “ikinci cəbhə”ni açır

Son zamanlar Ermənistan üzərində regional və beynəlxalq güc mərkəzlərinin qlobal maraqları əsasında toqquşması intensiv hal alıb.

Hazırda Ermənistan bir sıra güc mərkəzləri - Rusiya, İran, Fransa, ABŞ və Avropa İttifaqı arasında geosiyasi mübarizə poliqonuna çevrilməyə doğru gedir. Bunun prinsipal səbəbi isə həmin güc mərkəzlərinin Cənubi Qafqaz ilə bağlı xarici siyasətində Ermənistanın strateji cəhətdən önəmli ölkə hesab olunması və bu ölkəyə sərfəli siyasi alət kimi baxılmasıdır.

Ermənistan, həqiqətən super dövlətlərin regionda maraqlarının təmin olunmasında plasdarm rolunu oynayır. Onsuzda Ermənistan hər zaman belə olub, belə də davam edəcək. Heç kəsə sirr deyil ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistan müstəqil xarici siyasət yürüdə bilmir.

Otuz ildən çoxdur ki, Ermənistan qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini Rusiya, İran və Qərb dairələrinin maraqlarına uyğun qurmağa çalışır. Halbuki bu, onun əleyhinə işləyir və sabitliyini təhlükə altına qoyur.

Ermənistanın geosiyasi mübarizə poliqonuna çevrilməsi həm onun özü, həm də region üçün çox ağır nəticələr doğuracaq. Heç şübhəsiz ki, yaxın gələcəkdə bu, özünü büruzə verəcək.

Fransanın Ermənistan sərgüzəştləri

Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 21-də Fransaya rəsmi səfəri və bu səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə görüşünün arxasında məkrli siyasi məqsədlər dayanır. Fransa ilə Ermənistan arasında ikitərəfli diplomatik-siyasi əməkdaşlığın daha da gücləndirilməsi, Fransanın Ermənistanı müasir silah-sursatla silahlandırması və hərbi təhlükəsizlik sahəsində sazişlərin imzalanması Paşinyanın səfər gündəmində prioritet məsələlər hesab olunur.

Eyni zamanda Ermənistanın Baş naziri ölkəsinin hərbi müdafiəsinə və təhlükəsizliyinə zəmanət duracaq alternativ ölkə axtarışındadır.  Bu da, təbii ki, Fransadır. Paşinyanın Azərbaycana qarşı heç bir əsası olmayan ittihamlar səsləndirməsi, ən əsası da Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurması ilə bağlı qərarı bunu sübut edir.

Emmanuel Makron da öz növbəsində rəsmi Parisin hər zaman İrəvanın yanında olacağını, o cümlədən Ermənistanın ərazi bütövlüyünün və təhlükəsizliyinin Fransa üçün həssas məsələ olduğunu bildirib.

Sözsüz ki, Makron hakimiyyətinin Ermənistanla bağlı apardığı xarici siyasət xətti müəyyən geosiyasi hədəflərə istiqamətlənib. Afrikada öz geosiyasi mövqeyini itirdiyini görən rəsmi Paris təsadüfən Ermənistana fokuslanmayıb. 

Makronun hədəfləri Fransanın Ermənistanda hərbi-siyasi təsir imkanlarını artırmaq, Ermənistanın silah arsenalında Fransa istehsalı silahların sayını çoxaltmaq, habelə gələcəkdə Fransanın Ermənistanda hərbi bazasını qurmaq üçün münasib zəmin yaratmaqdır. 

Rəsmi Parisdə hesab edirlər ki, Fransa Ermənistanda siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənəcəyi təqdirdə bu ölkə üzərindən Cənubi Qafqazdakı proseslərə müdaxilə etməklə yanaşı Azərbaycana asanlıqla təzyiq edəcək. Belə demək mümkünsə, Ermənistan bu dəfə Fransanın koloniyası olacaq. 

Xüsusilə vurğulayaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayində heyəti Ermənistana rəsmi səfər edib. Bu səfər çərçivəsində hər iki ölkənin müdafiə nazirləri arasında “hərbi əməkdaşlığa dair sənədlər” paketi imzalanıb.

Bununla yanaşı, Ermənistanın Müdafiə Nazirliyi adı gizli saxlanılan fransız şirkətinin nümayindəsi ilə də müqavilə imzalayıb. 

S.Lekornu həmkarı ilə mətbuat konfransında Fransanın lazım gələrsə, Ermənistanı hava hücumundan müdafiə raketləri ilə təmin etməyə hazır olduğunu bildirib. 

Hərbi əməkdaşlığa dair saziş onu deməyə əsas verir ki, Fransa Ermənistanı nəinki müdafiə və hücum  xarakterli silahlarla təmin edəcək, hətta Ermənistan ordusunun formalaşmasında mühüm rol oynamağa çalışacaq. Güman etmək olar ki, bu saziş Fransanın Ermənistanın təhlükəsizliyinin təminatında Rusiyaya alternativ ölkə olmasına yol açacaq.

Sazişdə təkcə hərbi ləvazimatların və silah-sursatın tədarükü yox, həmçinin hərbi əməkdaşlığın möhkəmlənməsi ilə bağlı müddəaların əks olunduğu istisna ola bilməz.

Artıq Fransa Ermənistanda hərbi-siyasi təsir imkanlarını artırmaq niyyətini açıq-aşkar büruzə verir.

Avropa İttifaqı da Ermənistana fokuslanıb, ABŞ isə...... 

Rəsmi Brüssel də Ermənistana diqqəti artırmaq niyyətindədir. Qeyd edək ki, gələn həftə Avropa Parlamentində Ermənistan və Aİ arasında viza prosedurlarının liberallaşdırılması ilə qətnamə müzakirəyə çıxarılacaq. Şübhəsiz ki, Avropalı parlamentarilərin əksəriyyəti bu qətnamənin qəbuluna səs verəcəklər. 

Artıq Aİ-nın bir çox rəsmiləri Ermənistanı Avropa İttifaqının üzv ölkəsi kimi görmək istədiklərini dilə gətirirlər. Hesab etmək olar ki, Brüssel Ermənistanda Qərbin maraqlarını təmin etmək məqsədi ilə İrəvana iqtisadi-siyasi dəstəyi və maliyyə yardımı artıracaq. 

ABŞ-a gəlincə, Vaşinqton Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasında və Qərbə inteqrasiya etməsində maraqlıdır. Hazırda ABŞ-nın Cənubi Qafqaz siyasətində bu, ilkin prioritet hesab olunur. ABŞ-nın siyasi dairələri belə qənaətə gəliblər ki, Ermənistanın Moskvanın əlindən çıxacağı tədiqdə Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsi mümkün olacaq. 

Moskvanın səbri tükənir 

Ermənistan hakimiyyətinin Qərblə münasibətlərini gücləndirməsi, xüsusilə Fransadan ölkənin təhlükəsizliyinə zəmanət durmasını istəməsi və Rusiyaya qarşı kəskin bəyanatlar səsləndirməsi Moskvada çox ciddi narahatlıq yaradıb. Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında iştirakını dondurması Kremlin qəzəbini pik nöqtəyə çatdırıb.

Moskvada çox yaxşı başa düşürlər ki, Paşinyanın KTMT ilə bağlı qərarı birbaşa Fransadan gələn təlimatdır. Paşinyan bununla Rusiyaya ehyam vurur ki, İrəvan öz təhlükəsizliyinin təminatında bundan sonra Fransanı görmək istəyir. Bəlkə də İrəvan bura ABŞ da cəlb edəcək. 

Rusiyanın hərbi-siyasi rəhbərliyi Paşinyanın bu addımlarını sakit qarşılamağa davam etməyəcək. Güman ki, Kreml Ermənistan hakimiyyətini cəzalandırmaq üçün planlar qurur.

Bildiyimiz kimi, Rusiyanın Ermənistanın həm hərbi elitasında, həm ordusunda, həm də radikal müxalifətində kifayət qədər ünsürləri var. Qarabağ ermənilərinin, eləcə də Ermənistanda radikal erməni millətçiliyini təbliğ edən və bölgədə sabitliyi məqsədyönlü şəkildə pozmağa çalışan “VOMA” və “Yerkrapah”  silahlı birləşmələrin rəhbərləri də Rusiyaya tabedir. 

Bütün bu faktorları nəzərə alarkən, görərik ki, Rusiya Ermənistanda ciddi və ağır təlatümlər törətmək iqtidarındadır. Moskvanın buna əl atacağına heç bir şübhə yoxdur. 

Əlbəttə, Moskva Ermənistanla bağlı hazırkı mövqeyində haqlı ola bilər. Çünki son 30 ildə Rusiya öz forpostu – məhz Ermənistan vasitəsilə Cənubi Qafqazda öz imperial siyasətini yürüdüb və geosiyasi mövqeyini möhkəmləndirib. Elə zaman olub ki, Kreml Azərbaycan üzərində təzyiqləri artırmaq üçün daha çox Ermənistandan istifadə edib.

Ermənistanın itirilməsi Cənubi Qafqazın tamamilə Rusiyanın əlindən çıxması anlamına gəlir. Ona görə ki, regionun iki ölkəsi – Gürcüstan Qərbyönümlü, Azərbaycan isə neytral mövqe yürüdən ölkədir. 

Yəqin ki, Rusiya Ukraynada ciddi nailiyyətlər əldə etdikdən sonra Ermənistanla bağlı lazımi tədbirlər görəcək. 

İran da sakit durmur 

Rusiya, Fransa və ABŞ kimi İranın da Cənubi Qafqaz siyasətində Ermənistan əhəmiyyətli ölkə hesab olunur. Tehran da Ermənistanı öz forpostu kimi görmək istəyir. 

Xatırladaq ki, İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında məmnun olmayan ölkələrdən biri idi. 

Məhz buna görə də 44 günlük Vətən müharibəsindən sonra İran hər vəchlə Ermənistanla hərbi sahədə əməkdaşlığı gücləndirməyə çalışır. 

İran KİV-lərinin məlumatına görə, hazırda İran Ermənistanla hərtərəfli müdafiə və təhlükəsizlik haqqında pakt imzalamaq istəyir. 

Sözsüz ki, Tehranın belə bir saziş təklif etməkdə məqsədi İranın Ermənistanda hərbi-siyasi təsir imkanlarını artırmaq, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, regionda Türkiyəyə qarşı rəqib olmaq və Azərbaycanla sərhəd ərazilərdə daim eskalasiyanın saxlanılmasına çalışmaqdır.  

Amma İranın bu planının baş tutub-tutmayacağı sual altındadır. Çünki belə bir sazişin imzalanması Ermənistan hakimiyyətinin qərarından asılıdır. Amma Tehranın arzusu baş tutmaya bilər. Reallıq onu göstərir ki, nə Fransa, nə də ABŞ Ermənistanın İranla hərbi əməkdaşlığa dair saziş imzalamasına razılıq verməyəcək. 

İran da Qərbin Ermənistanda mövcudluğunu qəbul etməyəcək. 

Ermənistan geosiyasi mübarizə poliqonuna çevrilir 

Rusiya, İran, ABŞ, Aİ və Fransanın Ermənistan üzərində maraqlarının toqquşması ölkəni geosiyasi mübarizə meydanına çevirəcək. Nəticə etibarı ilə bu, Ermənistanda ciddi təlatümlərin baş verməsinə gətirib çıxaracaq. Bu təlatümlər də Ermənistanın siyasi sabitliyinə və təhlükəsizliyinə təhdid yaradacaq. 

Ermənistanda Rusiya və Qərb meyilli qüvvələrin bir-birilə toqquşması ehtimalı istənilən zaman özünü doğrulda bilər. Belə görünür ki, nə Rusiya, nə İran, nə də Qərb Ermənistandan əl çəkəsidir. Ölkədə silahlı insidentlərin yaşanması da ehtimal olunur. Hətta geosiyasi maraqların toqquşması nəticəsində Ermənistan tar-mar olmaq təhlükəsi ilə üzləşə bilər. 

O ki qaldı bunun Azərbaycana təsirinə, qeyd edim ki, əgər Ermənistan hakimiyyəti və ölkə daxilində revanşist dairələr Fransa və Rusiyanın təlimatına əsasən bölgədə hər hansı təxribata davamlı şəkildə əl atsalar, Azərbaycan lazımi adevkat tədbirlər görəcək. Azərbaycan hər zaman erməni tərəfinin başına dəmir yumruğu işə salmaq iqtidarındadır. 

Ermənistanda daxili toqquşmaların intensivləşməsi yalnız sülh prosesini əngəlləyəcək. Bu isə daha çox Ermənistana ziyan verəcək. 

Yunis Abdullayev 
“Cebhe.info”