Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq?
Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu növbəti dəfə inkar edib.
Lakin Paşinyan bu dəfə Konstitusiya islahatları ilə bağlı referendumu keçirməyə razılıq verməli olub. Rəsmi İrəvan Qarabağın Ermənistana birləşdirilməsinə dair qanunsuz qərarın əks olunduğu Müstəqillik Bəyannaməsinə istinad hissəsinin Konstitusiyadan çıxarılacağını hələlik birmənalı şəkildə bildirməyib.
Ancaq Nikol Paşinyanın BMT kürsüsündən verdiyi açıqlama yaxın aylarda Ermənistanda referenduma hazırlıq prosesinə başlancağına da müəyyən ümidlər yaradır.
“Rəsmi Bakı Ermənistan Respublikasının Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını ehtiva etdiyi üçün sülh sazişinə maneə olduğunu təkid edir. Təfərrüatlara varmadan qeyd edim ki, Konstitusiyamızda belə bir şey yoxdur, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz bununla bağlı bütün maraqlı beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübut təqdim edə bilərik”.
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyasını sülh müqaviləsi üçün maneə hesab etmir:
“Sülh sazişinin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın problemlərinin fundamental həlli üçün hüquqi təminatlar yaradacaq. Sülh sazişinin razılaşdırılmış mətnini Ermənistan Respublikasının Konstitusiyasına uyğunluq baxımından nəzərdən keçirdikdə, aşağıdakı mənzərəni görürük.
Ermənistan Konstitusiyasına görə, Konstitusiyaya zidd olan müqavilələr ratifikasiya edilə bilməz. Digər hallarda olduğu kimi, Azərbaycanla sülh sazişi imzaladıqdan sonra sənədin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə verməliyik.
Ekspertlərimiz bunun mümkün olmadığına əmindirlər, əgər Konstitusiya Məhkəməmiz Azərbaycanla sülh sazişinin Ermənistan Respublikasının Konstitusiyasına zidd olduğuna qərar verərsə, biz sülhə nail olmaq üçün Konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik.
Əgər bizim Konstitusiya Məhkəməmiz Müqavilənin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verərsə, o zaman Ermənistan parlamentində ratifikasiyaya heç bir maneə olmayacaq və burada son dərəcə mühüm bir vəziyyət yaranır.
Ermənistan Respublikası Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş beynəlxalq müqavilələr Ermənistan Respublikasının daxili qanunvericiliyi qarşısında üstünlük təşkil edir.
Ona görə də Azərbaycanla sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra nəzəri cəhətdən, hətta ərazi iddialarını ehtiva edən kimi şərh edilə bilən qanunlar olsa da, bu sənədlər Ermənistanla Azərbaycan arasında sülh sazişinə tabe olacaq və avtomatik olaraq heç bir hüquqi qüvvəyə malik olmayacaqdı. Eyni məntiq təbii ki, Azərbaycana da aiddir”, - Paşinyan bildirib.
Göründüyü kimi, Ermənistanın Baş naziri konstitusiyaya dəyişikliklərin mümkünlüyü ilə bağlı müsbət mesajlar versə də, eyni zamanda, həmişə olduğu kimi bu dəfə manipulyasiya imkanlarını saxlayıb. Əgər Ermənistan Konstitusiya Məhkəməsi sülh müqaviləsinin mətninin konstitusiyaya uyğun olmadığı barədə qərar çıxartsa, o zaman Paşinyan referenduma getmək üçün ciddi siyasi arqumentlər qazana bilər.
Lakin Konstitusiya islahatının konkret vaxtı ilə bağlı Baş nazir Nikol Paşinyan bir söz deməyib. Ona görə də Ermənistan hökuməti əvvəllər olduğu kimi, bu dəfə də konstitusiyaya dəyişikliklərin keçirilməsini 2027-ci ilə saxlaya bilər. Çünki hazırda müzakirələr daha çox Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin mətninin razılaşdırılması ilə bağlı aparılır.
Nikol Paşinyan isə Azərbaycana 17 bəndlik sülh müqaviləsi layihəsinin 13 bəndi əsasında çərçivə sazişi imzalamağı təklif edir.
Lakin Azərbaycanın təqdim etdiyi əsas prinsiplər, o cümlədən Ermənistan Konstitusiyasına dəyişikliklər məsələsi həmin 13 bənd sırasında yoxdur. Ermənistan ən azı, çərçivə sənədində növbəti mərhələdə referendum keçirəcəyinə dair hər hansı öhdəliyi qəbul etmək də istəmir. Ona görə də COP29 sammitinə qədər Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanacağı real görünmür.
Ermənistan rəhbərliyini mövcud situasiyada ümumxalq səsverməsinə daha çox vadar edə biləcək səbəb xarici təzyiqlər hesab edilir.
Xüsusilə də noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər çərçivə sülh sazişinin imzalanmasında maraqlı olan rəsmi Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrın 26-da Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə baş tutan görüşündən sonra referendum keçirmək üçün Paşinyan hökumətinə təzyiqləri artıra bilər.
Qeyd edilən danışıqlarda Azərbaycan tərəfi Ermənistan Konstitusiyasındakı ərazi iddialarının sülh müqaviləsinə əsas maneə olduğunu bildirib. Xarici işlər nazirlərinin görüşünün keçirildiyi gün Nikol Paşinyanın BMT tribunasından referendumun mümkünlüyü barədə mesaj verməsi ABŞ-nin sülh prosesindəki mövqeyi ilə izah oluna bilər.
Eyni zamanda, Paşinyanın sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də çox güman ki, Paşinyanın çıxışına təsir edən əsas amillərdən birini təşkil edir. Prezident Rəcəb Tayyib Ərdoğan Paşinyana bir daha çatdırıb ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması və sərhədlərin açılması yalnız Azərbaycanla sülh sazişi əldə edildikdən sonra mümkündür.
Bu isə təbii ki, Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərdən asılıdır. Çünki Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiları yer alır.
Ona görə də Konstitusiya islahatı Ermənistana yalnız Azərbaycanla deyil, Türkiyə ilə də münasibətləri nizama salmaq üçün lazımdır.
Üstəlik, Ermənistan dövlət gerbini dəyişməli, “erməni soyqırımı” ifadəsini ölkənin əsas qanunundan çıxartmalıdır.
Yəni Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla çərçivə sülh sazişinin imzalanmasını qanunauyğun hesab etməsiylə işlər yekunlaşmır. Rəsmi İrəvan bütün hallarda referendum keçirmək məcburiyyətindədir. Əks təqdirdə, gələcəkdə Ermənistanda hakimiyyətə gələcək başqa siyasi qüvvələr konstitusiyanın mətnindən istifadə edərək Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirə bilər.
Paşinyan Konstitusiya Məhkəməsinin rəyi əsasında parlamentin ratifikasiya edəcəyi çərçivə sazişinin və ya sülh müqaviləsinin Ermənistan qanunvericiliyindən üstün tutulacağını vəd edir. Lakin indiyə qədər beynəlxalq hüquqa belə, məhəl qoymayan Ermənistanın daxili sənədlərə əməl edəcəyi şübhə doğurur. Ona görə də böyük ehtimalla, Azərbaycan Ermənistanın referendum keçirməsi tələbində israr edəcək.
Paşinyan hökuməti ən azı çərçivə sazişinin mətnində növbəti mərhələdə konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq üçün referendum keçirəcəyinə dair öhdəlik götürməlidir.
Əks təqdirdə, Azərbaycan Konstitusiya Məhkəməsi sülh müqaviləsini qanunauyğun hesab edə bilməz.
Müqavilə imzalandıqdan sonra Azərbaycan Konstitusiyasının 130.6-cı maddəsinə uyğun olaraq, qanunauyğunluğunu müəyyən ediləcək.
Ermənistanın ərazi iddilarından əl çəkməməsi Azərbaycan Konstitusiyasının pozulması deməkdir. Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Milli Məclisinə həmin sazişi ratifikasiya etməyə səlahiyyət verməyəcək. Yaxud Azərbaycan Konstitusiyasının 94.22-ci maddəsinə görə, Milli Məclis beynəlxalq müqavilələri ləğv etmək səlahiyyəti də verir.
Yəni Konstitusiya Məhkəməsi bu sənədi qanunauyğun hesab etsə də, parlamentin təsdiqləməyə bilər. Hətta Milli Məclis Konstitusiyanın 95.4-cü maddəsinə əsasən, dövlətlərarsı və Azərbaycan qanunlarından fərqli qaydaları nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv etmək hüququna malikdir. Bu baxımdan, Ermənistanın referendum məsələsi ilə bağlı bütün qərarları son mərhələdə Azərbaycan Konstitusiya Məhkəməsinin və parlamentin siyasi süzgəcindən keçməli olacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”