Paşinyanın KTMT arzusu puç ola bilər

Paşinyanın KTMT arzusu puç ola bilər

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilindəki fəaliyyətini de-yure də dayandıra bilər”. 

Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı belə deyib. 

O, İrəvanın təşkilat daxilindəki fəaliyyətinin faktiki olaraq, dondurulduğunu diqqətə çatdırıb:

“Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”.

Hökumət başçısının sözlərinə görə, KTMT ilə münasibətlərin dondurulması həm də Ermənistanın qurum daxilindəki nümayəndəsinin olmaması deməkdir. 

“Cebhe.info” xatırladır ki, Nikol Paşinyan bu yaxınlarda Ermənistanın KTMT-də iştirakını dondurduğunu bəyan edib. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb edib.

Rusiya Ermənistanın KTMT-də fəaliyyəti dondurduğuna dair bəyanatın alyansın nizamnaməsinə zidd olduğunu bildirib. Çünki KTMT-nin nizamnaməsində “dondurulmaq” termini yoxdur. Ona görə də Paşinyanın qeyd edilən açıqlaması yol verilmiş siyasi səhvi düzəltməyə yönəlib. Eyni zamanda, Paşinyan çox güman ki, Ermənistanın perspektivdə KTMT-dən rəsmən çıxacağına dair anons edir. 

Ancaq bu məsələ yalnız Ermənistan parlamentinin qərarı ilə həll olunmur. KTMT-nin nizamnaməsinə görə, üzv dövlətin təşkilatdan çıxmasının hüquqi prosedurları yerinə yetirilməlidir. Üzvlükdən çıxma prosesi nizamnamənin 19-cu və 20-ci maddələri ilə müəyyən edilib. Həmin maddələrdə təşkilata daxil olan dövlətin üzvlükdən çıxması, çıxarılması və fəaliyyətinin dayandırılması halları nəzərdə tutulub. Nizamnməyə görə, hər bir dövlətin üzvlükdən çıxmaq hüququ var. 

Lakin Paşinyanın dediyi kimi, KTMT-ni de-yure tərk etmək istəyən üzv dövlət bununla bağlı ən azı altı ay əvvəl depozitariyə bildiriş göndərməlidir. Üzvlükdən çıxmaq məsələsi isə KTMT-nin ali orqanı olan Şurada səsvermə yolu ilə müəyyən edilir. Həmçinin, Şura nizamnamə tələblərini yerinə yetirməyən, yaxud pozan dövlətin üzvlükdən çıxarılması və üzvlüyünün dayandırılması barədə də qərar qəbul edir.

Ancaq səsvermə zamanı üzvlükdən çıxmaq istəyən dövlətin səsi nəzərə alınmır. Yəni Şurada təmsil olunan ölkələr Ermənistanın üzvlükdən çıxmasının əleyhinə də səs verə bilər. Bu halda, Ermənistan KTMT-də qalmaq məcburiyyəti ilə üzləşəcək. Qeyd edilən prosedur əslində KTMT-nin üzvlüyündən çıxmaq mexanizminin olmaması deməkdir. Ermənistan KTMT-ni tərk etməzdən öncə bir sıra hüquqi-normativ aktlara, ilk növbədə isə hərbi doktrinasına və milli təhlükəsizlik strategiyasına dəyişiklik etməlidir.

Ermənistan bloklara qoşulmayan neytral dövlət statusu qazanmalı və milli təhlükəsizliyinin hüquqi bazasını formalaşdırmalıdır. İndiki Milli Təhlükəsizlik Strategiyasında isə qeyd edilir ki, KTMT-yə üzvlük Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin tərkib hissələrindən biridir və bu, iştirakçı dövlətlər arasında çoxtərəfli əlaqələr vasitəsilə əldə edilir. Paşinyan hakimiyyəti isə hüquqi bazanı dəyişmədən Qərbdən Ermənistanın təhlükəsizliyinə təminat verilməsini istəyir. Ona görə də rəsmi İrəvanın bu məqsədə asanlıqla nail ola biləcəyi real görünmür.

Müşfiq Abdulla 
“Cebhe.info”