Yeni savaş meydanı: Ermənistanda İran-Qərb toqquşması

Yeni savaş meydanı: Ermənistanda İran-Qərb toqquşması

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana sonuncu səfəri gərgin atmosferdə keçib.

Bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Fevralın 14-də baş tutan səfər zamanı Tehran İrəvanın Rusiyanın Ermənistandakı mövcudluğunu son qoyma cəhdlərindən və Qərbə yaxınlaşmasından narazılığını ifadə edib.

Nəşrin mənbələrinin məlumatına görə, İran Prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə İrəvana xəbərdarlıq edib və bildirib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək.

Qeyd olunub ki, Ermənistan Rusiya ilə müttəfiqlikdən imtina edəcəyi təqdirdə, İran bu ölkənin təhlükəsizliyini təmin etməyi təklif edib.

Mənbələrin məlumatına görə, Tehran Zəngəzurda İrana məxsus hərbi bazanın qurulması təklifini də irəli sürüb.

Rəsmi Tehran ultimatumu gizlətməyib. İran Prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşlə bağlı açıqlamada Rəisinin sözlərindən sitat gətirilib: 

“Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar şəxslərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”.

Göründüyü kimi, İbrahim Rəisi Ermənistanın regiondakı siyasətinin İranın maraqlarına zidd olduğunu və bunun ikitərəfləri münasibətlərə ziyan vura biləcəyini Mher Qriqoryanın diqqətinə çatdırıb. Yəni İran hakimiyyəti Ermənistan vatisəsilə üçüncü qüvvələrin regionda geosiyasi və hərbi fəallığının artmasına etiraz edir.

Söhbət təbii ki, ilk növbədə Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ-dan gedir. Çox güman ki, İran Prezidenti “regionda kənar şəxslər” dedikdə, məhz Fransa jandarmeriyasının nümayəndələrinin də daxil olduğu Avropa İttifaqının müşahidə missiyasını nəzərdə tutur. Bu isə NATO-ya daxil olan dövlətlərin İranın şimal sərhədlərində möhkəmlənməsi deməkdir. 

Hazırda Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda geosyasi təsirini artırmaq səyləri sərhədlərin təhlükəsizliyi strategiyası adı altında həyata keçirilir. Yəni Avropa İttifaqı, bu quruma üzv olan ölkələr və ABŞ Ermənistanın sərhədlərinin Azərbaycandan “müdafiəsi” məsələsini tez-tez gündəmə gətirməklə bölgədəki mövcudluğunu təhlükəsizliyi təmin etmək zərurətilə əsaslandırır.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq və əvəz etmək uğrunda Avropa İttifaqı, Rusiya, ABŞ, Fransa, Türkiyə, İran, Almaniya arasında geosiyasi rəqabətin artması müşahidə olunur. Bu rəqabətin episentrini isə Zəngəzur təşkil edir. Son vaxtlar ABŞ-ın Ermənistanla hərbi strateji əməkdaşlığının yüksələn xətt üzrə getməsi, amerikalı hərbçilərin tez-tez İrəvana səfərləri İranı daha çox narahat etməyə başlayıb. 

Ona görə də Tehran Ermənistanın KTMT-dən və Rusiyadan tədricən uzaqlaşaraq Qərbin təhlükəsizlik sisteminə inteqrasiyasını özünə qarşı təhdid kimi görür. İbrahim Rəisinin Mher Qriqoryana xəbərdarlıq etməsi də Paşinyan hakimiyyətinin Qərbyönümlü siyasətinin İran istiblişmentində etiraza səbəb olduğunu göstərir. 

Əgər Paşinyan təhlükəsizlik sahəsində NATO ölkələri ilə inteqrasiya istiqamətində fəaliyyətini davam etdirsə, bu, İranla münasibətlərdə soyuqluğa gətirib çıxara bilər. Bu, həm də İranın Cənubi Qafqaz regionundakı geosiyasi iddiaları ilə bağlıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla qarşıdurmaya gedən Tehran Ermənistanla yaxınlaşmaqla Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır.

Məqsəd isə Türkiyənin Cənubi Qafqaza quru dəhlizi ilə çıxış imkanlarının və artan təsirinin qarşısını almaqdır. İndi isə İran Ermənistanı Qərblə əməkdaşlıqdan çəkinmək üçün hədələyici mesajlar verir. Çünki İranın əslində, Ermənistana, daha dəqiq deyilsə, Zəngəzura ərazi iddiası var. 

Tehran rejiminin 2022-ci ilin oktyabr ayında Qafan şəhərində Baş konsulluq açmaqda niyyəti yalnız Türkiyənin və Azərbaycanın bölgədə geosiyasi təsirinin qarşısını almaq planları ilə yekunlaşmır. Rəsmi Tehranın həmin vaxtlar Ermənistanla hərbi əməkdaşlığı artırmaq təklifləri, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” kimi bəyanatların arxasında əslində, İranın Zəngəzurda hərbi baza yerləşdirmək istəyi dayanır.

Bununla da İran Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin keçdiyi bölgəyə ərazi iddiasını irəli sürür. İran hazırda bölgədə rəqabət aparan digər geosiyasi oyunçular kimi, gələcəkdə Rusiyanı əvəz etmək iddiasındadır. Hətta bu məqsədə çatmaq üçün İran Ermənistana təhlükəsizlik təminatı da vəd edir.

Əsas məqsədlərdən biri isə İranın şimal ərazilərində Qərbdən müdafiə üçün bufer zona yaratmaqdır. Ümumiyyətlə, düşmənlərini öz sərhədlərindən kənarda qarşılamaq və münaqişələri öz ərazisindən uzaqlaşdırmaq İranın təhlükəsizlik siyasətinin strateji xəttini təşkil edir. Ona görə də həm Azərbaycana, həm Ermənistana ərazi iddiları irəli sürür və kənar “oyunçuları”n Cənubi Qafqazda aktivləşməsinə qarşı çıxır. 

Hətta, İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin dekabr ayında Baş nazir Nikol Paşinyanın  Tehrana səfəri zamanı ona açıq şəkildə “Cənubi Qafqazın problemlərini regional oyunçular həll etməlidir və Avropa İttifaqının bu proseslərə qarışmasa daha yaxşı olar” - deyib.

Prezident Rəisi xarici müdaxilənin Cənubi Qafqazın problemlərini daha da pisləşdirəcəyini bildirmişdi. 

Buna baxmayaraq, İran regional əməkdaşlıq formatı olan “3+3” platformasına maraq göstərmədi. Çünki Tehran Türkiyəni Cənubi Qafqazda əsas aktorlardan biri kimi görmək istəmir. İran eyni zamanda, Avropa İttifaqının sayı 1750 nəfərə çatmış müşahidə missiyasının regionda yerləşməsindən də narahatdır. Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda getdikcə genişlənən təsiri İranın mövqeyini zəiflədir.

Ermənistan faktiki olaraq, Azərbaycanla sülh müqaviləsinin Moskva platformasında imzalanmasından imtina edib. Hər iki ölkə arasında sülh danışıqları Qərb masalarında davam etdirilir. Tehran isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Brüsseldə, ya da Vaşinqtonda razılaşdırılmasına qarşıdır. 

Çünki bu, Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxara bilər. 

İranlı analitik Əli Səlami hesab edir ki, Tehranla İrəvan arasında ciddi fikir ayrılıqları hələlik olmasa da, yarana bilər. Çünki geosiyasi proseslər Cənubi Qafqazda ciddi dəyişikliklərə gətirib çıxarıb və Qərbin həm İrəvana, həm də Bakıya təsirini artırıb. 

Ekspertin fikrincə, İranın ABŞ-la və kollektiv Qərblə münasibətləri nəzərə alınarsa, bu, Tehranın diqqətini cəlb etməyə bilməz. 

“Lakin bu, o demək deyil ki, tərəflər arasında gərginlik var. Ancaq bir problem var və görünür, İran gözləyir ki, onun mövqeyi nəzərə alınacaq. Ermənistan isə bir çox məsələlərdə ümidlərini Qərb ictimaiyyətinə deyil, regional oyunçulara, bu halda İrana və Rusiyaya bağlayacaq”.

Əli Səlaminin sözlərinə görə,Türkiyə və Azərbaycanla münasibətləri pis olan Ermənistanın Rusiya ilə çoxlu problemləri yarandığından Qərbdən dəstək almağa çalışır. 

Ona görə də İran bu boşluğu doldurmağa hazır olmalı, vəziyyəti tam qiymətləndirmək üçün iki ölkə arasında siyasi danışıqlar daha intensiv xarakter almalıdır. 

Ekspert bildirib ki, Cənubi Qafqazda vəziyyət kifayət qədər gərginləşib və rəqabətli vəziyyət yaranıb. Ancaq ABŞ-ın yaxın gələcəkdə Cənubi Qafqazda təsirinin azalacağını gözləmək olmaz. 

Müşfiq Abdulla 
“Cebhe.info”