Separatçıların sonu çatdı: Ya dialoqa gedəcəklər, ya da.... 

Separatçıların sonu çatdı: Ya dialoqa gedəcəklər, ya da.... 

Hazırda Qarabağda gedən son proseslər onu göstərir ki, erməni separatçılar hikkələrinin əsiri olublar, qorxu və tərəddüd içində yaşayırlar.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında bəyanatı, yəni Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımasını bəyan etməsi Qarabağda erməni separatçılarında qəzəb və hiddət doğurub.

Paşinyanın çıxışı Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə daha da ciddi təşviş yaradıb.

Qeyd edək ki, mayın 22-dən 23-nə keçən gecə qondarma rejimin parlamentinin növbədənkənar iclası keçirilib. Bu iclasda Paşinyanın Qarabağla bağlı son bəyanatı separatçılar tərəfindən sərt tənqidə məruz qalıb.

Qordarma rejimin parlamentinin deputatları Paşinyanı vətən xaini adlandırıblar. Onlar bəyan ediblər ki, Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində yaşamağa razı olmayacaqlar.

Bununla yanaşı, qondarma rejimin eks-rəhbərləri Arkadi Quqasyan və Bako Saakyan bəyanat yayaraq bildiriblər ki, Qarabağ erməniləri öz torpaqlarında müstəqil və azad yaşamaq üçün mübarizəsini davam etdirəcəklər.

Özlərini saxta dövlətin deputatları hesab edən ünsürlər bəyan ediblər ki, Nikol Paşinyan öz çıxışları və addımları ilə Ermənistanın İstiqlal Bəyannaməsini və Konstitusiyasını kobud şəkildə pozur.

Onlar Qarabağda məskunlaşan erməniləri, o cümlədən Ermənistanda revanşist və radikal erməni millətçilərini Paşinyan hakimiyyətinə qarşı birləşməyə və mübarizə aparmağa çağırıblar.

Erməni separatçıları Ermənistan ictimaiyyətində qorxu salmağa çalışırlar ki, guya Qarabağdan sonra növbəti hədəf Ermənistandır, guya Qarabağın əldən getməsi Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq.

Separatçıların siyasi tamaşası

Qarabağda erməni separatçıların hay-küyü siyasi tamaşa xarakteri daşıyır. Erməni separatçıları bilirəkdən narahatlıq və təşviş yaratmaqla ərazilərimizdə məskunlaşan sadə ermənilərin gözündə pərdə asmağa çalışırlar.

Guya, onlar Qarabağ uğrunda mübarizəni davam etdirəcəklər. Halbuki separatçı rejimin ünsürləri mövcud siyasi vəziyyəti və geosiyasi reallıqları artıq başa düşməyə başlayıblar. Anlayırlar ki, bundan sonra nə Ermənistan, nə də erməni diasporası onlara dəstək çıxmayacaq, hətta rus sülhməramlılarının çırpıntıları da heç bir nəticə verməyəcək.

Beynəlxalq ictimaiyyətdə ermənilərin özlərini fağır və miskin hala salması da Azərbaycanın həmin ərazilər üzərində suverenliyinin bərpasına mane ola bilməyəcək.

Erməni separatçıları başa düşürlər ki, yaxın dövr ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ciddi və zəruri addımların atılacağına şahidi olacaqlar. Paşinyanın Azərbaycanla sülhyönlü müqaviləyə və ya hər hansı formada çərçivə sazişinə imza atmasından sonra Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü rəsmi şəkildə tanınacaq.

Düzü, bu sazişdən sonra Ermənistan ordusunun bütün tör-töküntüləri Qarabağdan geri çəkiləcək, habelə İrəvan daha erməni separatçılarına nə maliyyə, nə də hərbi dəstək göstərə biləcək.

Xatırladaq ki, 1989-ci ildə dekabrın 1-də Ermənistan SSRİ Ali Soveti tərəfindən Ermənistan SSRİ və DQMV-nin bir dövlət halında birləşməsi ilə bağlı qəbul edilən qətnamə tam qüvvədən düşəcək.

Eyni zamanda üçtərəfli noyabr Bəyanatına əsasən, 2025-ci ilin sonunda Qarabağın dağlıq ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin müddəti bitdikdən sonra, eləcə də tərəflərin razılığı əsasında sülhməramlıların müddəti uzadılmadağı təqdirdə Azərbaycan həmin ərazilər üzərində tam şəkildə öz suverenliyini bərpa edəcək.

Sülhməramlılar ərazilərimizi tərk etdikdən sonra Xankəndi, Xocəvənd, Xocalı, Əsgəran və Ağdərədə Azərbaycan Ordusunun yerləşməsi ilə yanaşı ölkəmizin icra strukturları, hüquq-mühafizə orqanları və digər aidiyyəti orqanlarının fəaliyyəti bərpa olunacaq. Separatçıların qeyri-qanuni silahlı birləşmələri də tərkisilah olunacaq.

Bütün bu reallıqları anlayan və heç bir çarənin olmadığını görən erməni separatçıları özlərini uşaq kimi aparırlar.

Separatçıların çıxış yolları

Bütün bu reallıqlar qarşısında erməni separatçıların iki çıxış yolu var. Birincisi, erməni separatçıları, həmçinin Azərbaycanın suverenliyini qəbul etmək istəməyən erməni sakinlərin ərazilərimizi tərk edib Ermənistana və üçüncü ölkələrə köçməsidir. Onsuzda Azərbaycan xalqının qanına əli batan erməni separatçıları – Araik Arutyunyan, David Babayan, Bako Sahakyan, Arkadi Quqasyan və digərləri ərazilərimizi tərk etmək məcburiyyətində olacaqlar. Hətta varlı ermənilər də bu yolu tutacaqlar. Həmin separatçıların Laçında DSX-nın nəzarət-buraxılış məntəqəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına gəlincə, onlar rus sülhməramlıların kalonunda gizlənərək Ermənistan ərazisinə keçəcəklər.

İkincisi isə, Azərbaycan rəhbərliyi və Qarabağın erməni ictimaiyyəti arasında dialoqun aparılmasından keçir.

İstəsələr də, istəməsələr də Qarabağdakı yerli ermənilər Azərbaycanın bölgə üzrə suverenliyini, ən əsası da ölkəmizin Konstitusiyasını və qanunlarını qəbul etməyə məcbur olacaqlar. Onsuzda Qarabağ erməniləri ölkəmizin dövlət rəsmiləri ilə dialoqa cəlb olunacaqlar. Bakı və İrəvan arasında sülh sazişi imzalandıqdan sonra bu proseslərin büruzə verəcəyinə şahidi olacağıq.

Qeyd edək ki, Azərbaycana qarşı törədilən cinayətlərdə adı hallanmayan erməni separatçıların, o cümlədən erməni ictimaiyyətinin ziyalı nümayindələrinin heç bir vasitəçinin iştirakı olmadan Azərbaycanın dövlət rəsmiləri ilə dialoqa qatılacaqlar. Azərbaycan rəhbərliyi qarşı tərəfin iştirakçılarının kim olduğunu nəzərə alacaq.

Tərəfimizdən dəfələrlə təklif olunan bu dialoqda yalnız bir əsas məsələyə - Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ətrafında geniş müzakirələr aparılacaq.

Reinteqrasiya prosesi çərçivəsində ilkin hədəflər Qarabağdakı ermənilərin zəruri vətəndaşlıq məsələsinə, konstitusiyaya uyğun olaraq onların hüquqlarının və təhlükəsizliyinin təminatına, vəzifələrin və öhdəliklərin müəyyən olunmasına, həmçinin bölgədə mühüm iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə istiqamətlənəcək.

Erməni millətçiliyinin tarixə qovuşması, separatçılığın dəf edilməsi və sülhün bərqərar olunması ərazilərimizdə yaşayan ermənilərə yalnız rifah və əmin-amanlıq gətirəcək.

Yunis Abdullayev
Cebhe.info