Sərhəd gərginliyində Moskva izi: Kremlin son “qalası” da alınır

Sərhəd gərginliyində Moskva izi: Kremlin son “qalası” da alınır

Brüssel görüşü ərəfəsində Azərbaycan-Ermənistan sərhədində hərbi-siyasi vəziyyət gərginləşə bilər.

Belə ki, aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanın Aİ Kommisiyasının sədri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenla görüşü keçiriləcək. Erməni KİV-lərinin məlumatına görə, bu görüşdə Ermənistan ilə Aİ, həmçinin Ermənistan və ABŞ arasında vizanın sadələşdirilməsi, o cümlədən təhlükəsizlik təminatları və avrointeqrasiya istiqamətində birgə yol xəritəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunacaq. Lakin Rus KİV-lərinin məlumatlarında qeyd olunur ki, Brüssel görüşünün əsas mahiyyəti Qərbin İrəvanı Rusiya ilə hərbi-siyasi əməkdaşlığı dayandırmağa, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını və Avrasiya İqtisadi İttifaqını, habelə Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməyə hazırlamasına söykənib. Ən maraqlısı isə həm Azərbaycanda, həm də Rusiyada bəzi ekspertlər iddia edirlər ki, Brüssel görüşündə Qərb Ermənistan ilə "təhlükəsizlik təminatları"na yönələn hərbi pakt imzalayacaq. 

Onlar öz iddialarını bununla əsaslandırmağa çalışırlar ki, Qərb, xüsusilə ABŞ, Fransa və Avropa İttifaqı Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olunmasına əngəl törətmək niyyətindədir, yəni Qərb ilə Ermənistan arasında imzalanması gözlənilən hərbi pakt regionda vəziyyətin gərginləşməsinə istiqamətlənib. Bunun fonunda Qərb Ermənistanı müəyyən təhlükəsizlik mexanizmləri ilə təmin etmək adı altında Ermənistanda Rusiyaya qarşı cəbhə açmaq və regiondakı proseslərə müdaxilə etməyə çalışacaq. Cənubi Qafqazın Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrildiyi bir zamanda bir çox ekspertlər hesab edirlər ki, ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında növbəti müharibənin baş verməsində maraqlıdır. Qərb Ermənistanı hərbi revanşa təşviq etməklə Cənubi Qafqaza fəlakətə sürükləyir. Artıq rus və erməni KİV-lərində belə bir məlumat dolaşır ki, Azərbaycanla sərhədin Naxçıvan-Arazdəyən istiqamətində Ermənistan ordusunun hərbi birləşmələri, zirehli texnikaları və artilleriya qurğuları cəmləşib. Bununla bağlı sosial şəbəkələrdə videomateriallar da yayılıb. Sözsüz ki, erməni tərəfinin bu addımı ciddi təhlükə doğuracaq hadisələrin baş verəcəyindən xəbər verir. 

Regionda eskalasiya Qərbin maraqlarına ciddi ziyan vuracaq 

Azərbaycan və rus ekspertlərinin Qərblə bağlı iddialarının öz əksini tapıb-tapmayacağı hələ sual altındadır. Brüssel görüşü ərəfəsində Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar hər an baş verə bilər. Bu kimi halların yaşanması istisna deyil. Ancaq bunun birbaşa Qərb tərəfindən təşkil olunacağını demək indiki halda doğru olmaz. Məsələyə yanaşarkən sual verməliyik ki, Qərb, Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti gərginləşdirməklə nə qazanacaq? Doğrudur, Qərbin Cənubi Qafqaz regionunda geostrateji və geosiyasi maraqları var, öz maraqlarını təmin etməkdə qərarlıdır. Lakin nəzərə almalıyıq ki, ABŞ və Avropa ölkələrində rasional düşünən dairələr çoxdur. Dövlət və hökumət rəhbərləri istənilən ölkə və regionla bağlı xarici siyasətini müəyyənləşdirərkən həmin dairələrlə məsləhətləşirlər. İstər ABŞ, istərsə də Avropada çox yaxşı anlayırlar ki, əgər Qərb Ermənistanı Azərbaycanla növbəti hərbi toqquşmalara sürükləyərsə, bundan daha çox ziyan çəkəcək Qərbin özü olacaq. Yəni, bu, Qərbin regiondakı geosiyasi maraqlarına ciddi ziyan vuracaq. Azərbaycan Avropa İttifaqının enerji tərəfdaşıdır və bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, ABŞ-yə gəlincə, Vaşinqton Azərbaycanı özünün diplomatik-siyasi və iqtisadi tərəfdaşı hesab edir. Qərb regional sülh və sabitliyə zidd olan davranışlar sərgiləcəyi təqdirdə ABŞ və Aİ-nın Azərbaycanla münasibətləri ciddi şəkildə korlanacaq. Hətta bu, Azərbaycanın Qərbdən uzaqlaşmasına və rəsmi Bakının Rusiya ilə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxmasına, habelə regionda Rusiya-Türkiyə-İran-Azərbaycan əməkdaşlıq formatının formalaşmasına gətirib çıxara bilər. 

İkincisi, Ermənistan Azərbaycanla hərbi toqquşmalara cəhd edərsə, növbəti dəfə məğlub olacaq. Şübhəsiz ki, bu da Ermənistanda ciddi təlatümlərin baş verməsinə şərait yaradacaq. Ölkədə Rusiyaya meyilli revanşist qüvvələrin əli daha da güclənəcək və Paşinyan hakimiyyətinin mövcudluğu təhlükə altında qalacaq. Onsuz da Rusiyanın Ermənistanda təsir imkanları kifayət qədər çoxdur. Ölkənin hərbi-siyasi elitasında və radikal müxalifətində Rusiyanın kəşfiyyat orqanlarına xidmət edənlər var. Moskva münasib şəraitdən yararlanmaqla Paşinyan hakimiyyətini devirməyə çalışacaq. İran da Rusiya ilə birlikdə hərəkət edəcək. Belə olan vəziyyətdə nə ABŞ, nə Aİ, nə də Fransa Ermənistan hakimiyyətinə kömək edə biləcək. Türkiyə ilə sərhədlər bağlı olduğuna görə, eləcə də Azərbaycanın Tiflisə çağırışları fonunda Gürcüstan üzərindən Ermənistana hərbi-logistik yardım etmək mümkün olmayacaq. Qərb bunu başa düşür və belə bir avantürist siyasətə əl atmayacaq. Fransanı çıxmaq şərti ilə Qərbin güc mərkəzləri - ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Almaniya Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır. Ona görə ki, yalnız bu halda Ermənistanın Türkiyə ilə sərhədləri açılacaq. Bundan sonra Ermənistan sərbəst şəkildə Rusiyanın təsir dairəsindən ayrılıb Avropa İttifaqı və NATO-ya üz tutacaq. Qərb isə Türkiyə üzərindən Ermənistana hərbi-siyasi, iqtisadi və təhlükəsizlik təminatları baxımından dəstək göstərəcək. Rus ekspertləri bir məsələdə haqlıdırlar ki, aprelin 5-də Brüsseldə keçiriləcək görüşün hədəfi əsasən Rusiyaya qarşı yönəlib. Təbii ki, bu görüşdə həm Entoni Blinken, həm də Leyen Paşinyanın qarşısına şərtlər qoyacaq. Bu şərtlər də Qazaxın işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması, ölkə konstitusiyasında və Müstəqillik Bəyannaməsində dəyişikliklərin həyata keçirilməsi və bu istiqamətdə addımlar atıldıqdan sonra Azərbaycanla tez bir zamanda sülh müqaviləsi imzalanmasıdır. 

Vəziyyətin gərginləşməsində yalnız Moskvaya sərf edə bilər 

Yuxarıda qeyd etdiyim kimi, Ermənistanın hərbi-siyasi elitasında Rusiyanın hərbi-siyasi rəhbərliyi ilə yaxın təmasları olanlar çoxdur. İstisna ola bilməz ki, Ermənistan ordusunun birləşmələri, eləcə də müstəqil silahlı qruplaşmalar Rusiyanın müəyyən dairələrinin təlimatları əsasında hərəkət etməklə sərhəd ərazilərdə Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribata cəhd edə bilərlər. Əsas məqsəd də Azərbaycan ilə Ermənistan arasında hərbi toqquşmalar yaratmaq və İrəvanı növbəti ağır məğlubiyyətə uğratmaqdır. Bu da Ermənistanın daxilində çaxnaşma və toqquşmaların baş verməsi ilə nəticələnəcək. Eyni zamanda, Moskva bu məsələdə bir məqsəd də güdür. Azərbaycanla hərbi toqquşmalar səbəbindən Brüssel görüşünün nəticələri fiaskoya uğrayacaq və sülh prosesi dalana dirənəcək. Görünən odur ki,Brüssel görüşü Kremldə çox ciddi narahatlıq yaradıb. Kremldə hesab edirlər ki, Rusiyanın Ermənistanda geostrateji mövcudluğuna qarşı belə görüşlər tez-tez təşkil olunacaq. Kreml heç bir vəchlə Ermənistanı əldən buraxmaq istəmir. Çünki Ermənistan Rusiyanın Cənubi Qafqazda son geostrateji və geosiyasi “qalasıdır”. Bu qalanın itirilməsi Rusiyanın Cənubi Qafqazdan çıxması anlamına gəlir. Cənubi Qafqazın itirilməsi isə Rusiyanın Mərkəzi Asiyada və Yaxın Şərqdə geostrateji nüfuzuna ciddi zərbə vuracaq. Məhz bu səbəbdən Moskva Qərbin planlarını alt-üst etmək üçün istənilən müxanizmdən istifadə etməyə çalışacaq. 

Yunis Abdullayev 
"Cebhe.info"